AZ

Konqo Demokratik Respublikasında Ebola epidemiyası: 15 nəfər ölüb

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Virus ilk dəfə ötən ay yüksək hərarət və təkrar qusma əlamətləri ilə xəstəxanaya yerləşdirilən 34 yaşlı hamilə qadında aşkarlanıb. O, çoxlu orqan çatışmazlığından bir neçə saat sonra vəfat edib. Nazirlik onun Ebolanın Zair ştammı ilə yoluxduğunu təsdiqləyib. Bu, KDR-də qeydə alınan 16-cı Ebola epidemiyasıdır. Son yoluxma halları ölkənin mərkəzində yerləşən Kasai vilayətində aşkarlanıb. Hazırda 28 şübhəli hal araşdırılır. Səlahiyyətlilər və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhalini tez-tez əllərini yumağa, sosial məsafəni qorumağa və profilaktik tədbirlərə ciddi şəkildə əməl etməyə çağırır. ÜST bildirib ki, epidemiyanın yayılmasının qarşısını almaq üçün dərhal tədbirlər görülür. Qurumun açıqlamasında qeyd olunub: "Yoluxmalar davam etdiyindən, yeni halların artacağı gözlənilir. Cavab qrupları mümkün qədər tez risk altındakı insanları müəyyən edərək müdafiə tədbirləri görəcək." Hazırda ölkədə Ebolaya qarşı təsirli hesab edilən 2000 doza Ervebo peyvəndi ehtiyatda saxlanılır. Ebola virusu ilk dəfə 1976-cı ildə indiki KDR ərazisində, Ebola çayı yaxınlığında aşkar edilib. Virusun meyvə yarasalarından yayıldığı güman edilir. Yoluxma əsasən xəstə şəxslərin qanı, bədən mayeləri və ifrazatları ilə birbaşa təmas nəticəsində baş verir. KDR-də sonuncu Ebola epidemiyası 2022-ci ildə baş verib və 6 nəfərin ölümü ilə nəticələnib. 2018–2020-ci illərdəki epidemiyada isə 2000-dən çox insan həyatını itirmişdi.

 

Seçilən
49
Ajans.az

1Mənbələr