AZ

Fransada muzeydən milyonlarla avroluq Çin xəzinələri oğurlandı

Fransanın Limoj şəhərində yerləşən Adria Dubuş muzeyində nadir sənət əsərlərinin oğurlanması ilə bağlı qalmaqallı hadisə baş verib.

AzPost xəbər verir ki, məlumata görə, cinayətkarlar gecə saatlarında muzeyə hücum edərək siqnalizasiyanı işə salıblar. Onlar pəncərəni sındıraraq içəri daxil olub və ümumi dəyəri 9,5 milyon avro təşkil edən üç dəyərli eksponatı aparıblar. Oğurlanan əşyalar arasında 14–15-ci əsrlərə aid iki Çin farfor qabı və 18-ci əsrə aid qədim Çin vazası var. Bütün bu eksponatlar Fransa tərəfindən “milli sərvət” elan olunmuşdur.

Limoj prokuroru Emilie Abranteş bildirib ki, hadisə ilə bağlı “mədəni irs nümunələrinin oğurlanması” maddəsi üzrə istintaq başlanılıb. O, həmçinin qeyd edib ki, muzey mühafizəçiləri hadisə yerinə dərhal polis çağırıblar, lakin cinayətkarlar artıq qaçmağa müvəffəq olublar.

Şəhərin meri Emil Roje Lombertinin sözlərinə görə, təhlükəsizlik sistemi işə düşsə də, onun yenidən nəzərdən keçirilməsinə ehtiyac var: “Dünyanın aparıcı muzeylərində belə oğurluqlar zaman-zaman baş verir. Böyük ehtimalla, bu cür nadir əsərlərin oğurlanması sifarişli xarakter daşıyır və yüksək səviyyəli kriminal qruplar tərəfindən təşkil olunur”.

Hazırda polis oğruların kimliyinin müəyyənləşdirilməsi və oğurlanan eksponatların tapılması istiqamətində genişmiqyaslı araşdırma aparır.

AzPost.az

Seçilən
29
azpost.info

1Mənbələr