AZ

Rusiya XİN-in AZAL təyyarəsi ilə bağlı sığorta açıqlaması: Manipulyasiya və həqiqətlərin təhrifi

Rusiya Xarici İşlər Nazirliyinin 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı verdiyi sığorta ödənişi açıqlaması mübahisə doğurub.
 
Çünki Moskva bunu kompensasiya kimi təqdim edib, əslində isə reallığı təhrif etməklə manipulyasiyaya əl atıb. Yəni Rusiyanın ödədiyi təzminat deyil, sərnişinlərin və aviaşirkətin sığorta şirkətləri ilə olan fərdi və korporativ müqavilələrinə əsasən, sığorta ödənişidir. Moskvanın öhdəliyi isə törətdiyi əməldən peşman olmaq, cinayətkarları məsuliyyətə cəlb etmək və təzminat ödəməkdir. Rusiya XİN bununla məsuliyyəti üzərindən atır, faciəni siyasi manipulyasiya vasitəsinə çevrilir. Hətta mənfur əməllərinə don geyindirmək üçün dezinformasiyadan istifadə edilir.
 
Mövzu ilə bağlı Oxu.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu da bildirib ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında vurulmasından dərhal sonra Moskva bu hadisə ətrafında informasiya xaosu yaratmağa çalışdı, cinayəti ört-basdır etməyə cəhd etdi:
 
 
"Bu günə qədər də Rusiya yenə eyni mövqedən çıxış edir. Sərnişin təyyarəsinin vurulması ilə bağlı həqiqətləri etiraf etmək istəmir. Çox təəssüf ki, Rusiya rəsmilərinin son açıqlamasında yenə də bu hadisə ətrafında yalan danışılır, təyyarənin vurulmasına görə sığorta ödənişi və təzminat verilməsi bir-birinə qarışdırılır.
 
Halbuki hamıya məlumdur ki, təyyarəni sığorta edən şirkət mütləq onun sığortasını ödəməlidir. Ancaq təzminat tamamilə fərqli bir məsələdir. Azərbaycanın tələb etdiyi odur ki, vurulmuş təyyarəmiz üçün təzminat ödənilsin, təyyarənin hansı şəraitdə və nə üçün vurulduğu Rusiya tərəfindən etiraf edilsin və üzrxahlıq olunsun. İndi də sanki bu problem həllini tapmış kimi təqdim edilməyə çalışılır, az qala Azərbaycan ittiham edilir ki, münasibətlərin gərginləşməsində təyyarə mövzusu bəhanə edilir".
 
"Rusiyanın əsas məqsədi hadisələri bu cür təqdim etməklə ictimai rəyi manipulyasiya edərək Azərbaycanı müqəssir göstərməkdir. Ona görə də düşünürəm ki, Rusiya rəsmilərinin sonuncu açıqlamaları da buna xidmət edir. Yaxşı olar ki, Moskva törətdiyi hərəkətə görə üzr istəsin və təzminat ödəsin. Çünki düşünürəm ki, Rusiya sonda bu addımı atmaq məcburiyyətində qalacaq.
 
Unutmaq olmaz ki, dövlətləri beynəlxalq münasibətlər sistemində nüfuzlu edən təkcə ərazi böyüklüyü, əhali sayı, iqtisadiyyatı deyil, həm də beynəlxalq hüquqa istinad edərək normal davranış qaydalarına riayət etməsidir. Biz Rusiyadan bunu gözləyirik", - deyə deputat əlavə edib.
Seçilən
24
moderator.az

1Mənbələr