AZ

Qısqanclıq cinayəti: Qonşu kişi ilə intim fotoları olan qadın ölkədən getdi, əri isə...

Astara rayonunda 1983-cü il təvəllüdlü Emin qısqanclıq zəminində yaranan mübahisə zamanı qonşusu Ayazı (adlar şərti verilib – red.) qətlə yetirib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs keçmiş arvadı Aydanın qonşu Ayazla sevgi münasibətini 2023-cü ilin sentyabr ayında aşkar edib. Bundan qıcıqlanıb və qonşusunu öldürmək qərarına gəlib.

Niyyətini həyata keçirmək üçün Emin 2024-cü ilin iyunun 29-da saat 21 radələrində Ayazın evinə gəlib. Özü ilə gətirdiyi ov silahı ilə ona atəş açıb. Ayaz aldığı güllə yarasından vəfat edib.

İstintaq orqanı tərəfindən Eminin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 157.1-ci (qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

“Arvadım sevgi münasibəti yaşadığını bildirdi”

İş üzrə təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2023-cü ilin sentyabrınadək Ayaz və ailə üzvləri ilə münasibəti yaxşı olub:

“Ayaz hər gün bizim yaşadığımız evə gəlib-gedirdi. 2023-cü ilin sentyabrında arvadım Aydanın gizli telefon işlətdiyini aşkar etdim. Telefonda Ayazla arvadımın lüt foto-şəkillərini gördüm. Aydan sevgi münasibəti yaşadıqlarını və telefonu ona Ayazın aldığını bildirdi.

Ayazı çağırdım, məsələni soruşdum, əvvəlcə etiraf etmədi. Aydanın telefonunda olan şəkilləri göstərdikdə başını aşağı saldı, heç nə demədi. Aramızda mübahisə olsa da, dava-dalaş baş vermədi.

Ayazı və arvadı Kəmaləni həyətimdən qovdum. Həmin vaxtdan onun özüylə və ailə üzvləriylə əlaqəmiz kəsildi. Arvadımı da boşadım”.

“Məni təhqir etməsinə əsəbləşdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü il iyunun 29-da evinə qayıdarkən Ayazın həyətinin qarşından keçib: “Ayaz həyətinin qapısı qarşısında tək dayanmışdı. Avtomobilimi görəndə əli ilə işarə etdi, söyüş söyərək məni təhqir elədi. Mən maşını saxlamadım, evimə getdim. Ailə üzvlərimlə yemək yedim.

Ayazın məni təhqir etməsinə əsəbləşmişdim. Onun arvadımla sevgi münasibəti yaşamasını və telefonda aşkar etdiyim fotoşəkilləri xatırladım. Ayazı öldürmək qərarına gəldim. Atamdan yadigar qalan və öz adıma sənədləşdirdiyim tüfəngi pəncərədən çölə atdım. Sonra siqaret çəkmək adıyla çölə çıxdım”.

“Məqsədim onu öldürmək idi”

Eminin ifadəsinə görə, çəpərdən keçərək Ayazın evinə gedib, mətbəxə daxil olub: “Ayaz mətbəxdə televizora baxırdı. Əlimdəki tüfəngi görüb ayağa qalxdı, üstümə yeridi. Atəş açdım, yerə yıxıldı. Məqsədim onu öldürmək idi. Evdə başqa kimsə olmadığına görə heç kim məni görmədi.

Ayazın evindən heç nə götürmədim. Özümə harada, hansı səbəbə və necə atəş açdığımı, habelə özümə atəş açdıqdan sonra silahı, patronları hara atdığımı xatırlamıram. Ayazı öldürməyə getməyimdən ailə üzvlərimin xəbəri olmayıb. Onu namus-qeyrət üstündə öldürmüşəm”.

Seçilən
76
3
publika.az

4Mənbələr