AZ

ADY enerji sistemini yeniləyir

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkənin nəqliyyat və logistika sahəsində strateji dönüş yaradan daha bir layihəni uğurla başa çatdırıb.

Bakı–Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı və quraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 km) dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb, bu xətdə yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyata keçirilib. Həmçinin enerji sərfiyyatının və texniki qulluğa sərf olunan vaxtın azadılması, təhlükəsizlik səviyyəsinin artırılması, stansiya və sahələrdə avadanlıq sayının minimuma endirilməsi məqsədilə Ucar–Hacıqabul sahəsində rabitə və işarəvermə sistemləri yenidən qurulub, işarəvermə sistemləri, rabitə qurğuları və idarəetmə proseslərinin paralel şəkildə işləməsinə imkan verən müasir çoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib.

Bununla da Bakı–Böyük Kəsik magistral dəmiryol xəttinin Ucar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təmin olunub.

Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin artırılmasına, enerji və digər resurslara qənaətə, enerji itkilərinin azalmasına, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına gətirib çıxaracaq. Bu, xüsusilə magistral dəmir yolları üçün mühüm üstünlükdür. Dünyanın aparıcı ölkələrində, o cümlədən Avropada, Çində müasir magistral dəmir yolu xətləri, beynəlxalq dəmir yolu marşrutları və yüksək sürətli şəbəkələrdə AC sistemindən istifadə olunur. Bu, beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda yüksək sürət və sabit enerji təchizatı ilə uzun məsafələri rahat qət etmək deməkdir.

Müasir AC enerji sisteminin tətbiqi Azərbaycanın strateji nəqliyyat coğrafiyasının gələcək inkişafının simvoluna çevriləcək. Dəyişən cərəyan sayəsində yükdaşımaların həcmi artacaq, daşınma xərcləri azalacaq, tranzit marşrutlar isə dəniz və avtomobil nəqliyyatı ilə müqayisədə daha rəqabətqabiliyyətli olacaq. Bu da Azərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyini gücləndirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkə statusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi və geosiyasi xəritəsində rolu daha da artır. Bu yanaşma nəticəsində Orta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars xəttinin yükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və Bakı Limanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birini tamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşağına çevirir. Bu strateji layihələr vaxt itkisini və əlavə logistika xərclərini minimuma endirərək əməliyyatların daha sürətli və səmərəli həyata keçirilməsini təmin edir. Dəmir yollarında enerji sisteminin və vaqon parkının yenilənməsi bu strategiyanın bir hissəsi kimi ölkənin beynəlxalq dəhlizlərdə rəqabət gücünü əhəmiyyətli dərəcədə artırır.

Seçilən
25
14
publika.az

10Mənbələr