AZ

Azərbaycan diplomatiyasının növbəti qələbəsi

Məlum olduğu kimi, sentyabrın 1-də Cənubi Qafqazın siyasi tarixində daha bir mühüm hadisə yaşandı. ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olundu. Qeyd edək ki, qərara əsasən, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüş çərçivəsində iki ölkənin XİN başçılarının ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, Minsk prosesinin, qurumun fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və yüksəksəviyyəli planlaşdırma qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci ildən gec olmayaraq yekunlaşdırılması ATƏT katibliyinə tapşırılıb. Tarix sadəcə keçmiş hadisələrin xronikası deyil, o, həm də ibrət dərsidir. Ədalətin bəzən gec də olsa yerini tapdığını göstərən nümunələr çoxdur. Bu baxımdan ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq iflasa uğraması və ləğv edilməsi, Azərbaycanın 30 ilə yaxın davam edən haqq savaşında qazandığı qələbə ilə birlikdə tarixin verdiyi böyük ədalət dərslərindən biridir.

Yeri gəlmişkən, qeyd edək ki, 1992-ci ildə ATƏT tərəfindən yaradılan Minsk qrupu, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək məqsədini daşıyırdı. Həmsədrlər - Rusiya, Fransa və ABŞ - uzun illər boyu vasitəçilik etdiklərini iddia etsələr də, nəticə dəyişməz qaldı. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədi, Qarabağda etnik təmizləmə, tarixi abidələrin dağıdılması davam etdi, Azərbaycan tərəfinin haqlı tələbləri daim gözardı edildi. Bu isə bir həqiqəti ortaya qoydu - Minsk qrupu nə münaqişənin ədalətli həlli ilə maraqlanırdı, nə də neytral idi... Tarixə ekskurs edib 30 illik keçmişə nəzər yetirsək, görərik ki, 1992-ci ildə Minsk qrupu yaradılarkən ona ümidlər böyük idi. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərmək, atəşkəs rejimini möhkəmləndirmək və tərəfləri razılaşdırılmış çərçivədə dialoqa cəlb etmək qarşıya məqsəd kimi qoyulmuşdu. Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa həmsədrlik institutunu formalaşdıraraq özlərini prosesin əsas istiqamətvericisi kimi təqdim etmişdilər. Ancaq zaman keçdikcə bu qurum real nəticə əldə etmək əvəzinə siyasi maraqların toqquşduğu meydançaya çevrildi. Hər üç həmsədr ölkə öz geosiyasi gündəmini regiona daşıyırdı, Azərbaycanın haqq səsini isə kölgədə qoyurdu. Minsk qrupunun həmsədrləri regiona turist kimi səfər edib bəyanat verib geri dönürdülər. Bu cəzasızlıq mühitindən yararlanan işğalçı Ermənistan isə istədiyi təxribata əl atırdı. Ötən 30 ilə yaxın müddətdə bir sıra görüşlər keçirildi, saysız-hesabsız sənədlər, təkliflər hazırlandı. Ancaq bunların heç biri münaqişənin həllinə gətirmədi. Əksinə, Ermənistan işğalçılıq siyasətini davam etdirir, status-kvonun saxlanılmasına çalışılırdı. Minsk qrupu isə formal bəyanatlarla kifayətlənirdi. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, bu proses real mexanizm olmaqdan çıxıb, sadəcə zaman uzatmaq alətinə çevrilib. Azərbaycanın mövqeyi isə həmişə birmənalı idi: münaqişənin yeganə həlli beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Əgər hansısa "status" danışıqları aparılırdısa, bu yalnız Ermənistanın işğalını leqallaşdırmaq məqsədinə xidmət edirdi. Ona görə də Bakı uzun illər ərzində həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli diplomatiyada açıq şəkildə bəyan edirdi ki, Minsk qrupu heç vaxt Azərbaycanın haqq işinə ədalətli yanaşmayıb.

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə bu məsələyə bir daha toxunaraq bildirmişdir ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir: "Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır". Avqustun 26-da İlham Əliyev Səudiyyə Ərəbistanının nüfuzlu "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibəsində də bu təşkilatın "fəaliyyətinə" toxunub. Minsk qrupundan danışarkən Prezident qeyd edib ki, artıq bu qrup öz fəaliyyətini başa vurub. Qrup 1992-ci ildə Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Lakin Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra bu qurumun varlığını saxlamaq yalnız süni gərginlik yaratmaq demək idi. Azərbaycan diplomatiyası isə prinsipial mövqe sərgiləyərək bu absurda son qoydu. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Minsk qrupunun ləğvinə başlanması Azərbaycanın diplomatik qələbələrinin davamı kimi tarixə düşdü. Bu, bir daha göstərir ki, Prezident İlham Əliyev heç bir köhnəlmiş mexanizmin ölkəmizin maraqlarına qarşı istifadə olunmasına imkan vermir.

Vaşinqtonda imzalanan bəyannamə məhz Cənubi Qafqazda yeni reallıqların hüquqi və siyasi təsdiqi olmaqla yanaşı, münaqişənin əsas beynəlxalq vasitəçilik mexanizmi olan Minsk qrupunun da uğursuz missiyasını sonlandırdı. Minsk qrupunun buraxılması prosesi yalnız texniki bir addım deyil, regionun geosiyasi reallıqlarının tam təsdiqi və Azərbaycanın diplomatik-hərbi qələbəsinin beynəlxalq müstəvidə rəsmiləşdirilməsi kimi qiymətləndirilməlidir. Eyni zamanda 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindəki tarixi qələbə yalnız işğala son qoymadı, həm də beynəlxalq hüququn prinsiplərini bərpa etdi. Bununla da Minsk qrupu üçün nəzərdə tutulan mandat reallıqda Azərbaycanın öz iradəsi ilə icra olundu. Əslində, Minsk qrupunun ləğvi regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması deməkdir. Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin beynəlxalq təsdiqidir. 

Ən əsası, Minsk qrupunun buraxılması göstərdi ki, İlham Əliyevin bütün tələbləri icra olunur və regionumuza dayanıqlı sülh gəlir. Bir sözlə, deyə bilərik ki, tarix ədaləti özü yazdı. Minsk qrupunun ləğvi, Qarabağ və Şərqi Zəngəzurun azad olunması təkcə hərbi yox, həm də mənəvi və siyasi qələbə idi. Bu, tarixin bir xalqın səbrini, əzmini və haqq yolundakı mübarizəsini necə ədalətlə qiymətləndirdiyinin bariz nümunəsidir. Azərbaycan xalqı bir daha sübut etdi ki, ədalət bəzən susa bilər, amma yox olmaz. Heç bir beynəlxalq təşkilat xalqın öz mübarizəsinin yerini tuta bilməz. Və nəhayət, tarix özü gec də olsa, haqqın tərəfində dayanır.

Mahir Hacıyev,

YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr