GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskini Moskvaya dəvət etməsi beynəlxalq siyasi arenada ciddi rezonans doğurub. Zelenski bu dəvəti sülh təşəbbüsü kimi deyil, daha çox görüntü yaratmaq cəhdi kimi dəyərləndirib.
Digər tərəfdən, Ukrayna liderinin ABŞ Prezidenti Donald Trampın təkidi və təzyiqi nəticəsində Moskva görüşünə razılıq verəcəyinə dair fikirlər səsləndirilir.
Bəs müharibə şəraitində iki düşmən ölkədən birinin rəhbərinin qarşı tərəfin paytaxtına səfəri nə dərəcə mümkündür? Tarixdə belə bir təcrübə yaşanıbmı?
Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Alyaskada Rusiya və ABŞ liderlərinin görüşünün fiasko ilə nəticələnməsindən sonra Moskvanın hazırkı vəziyyətdə hər hansı danışıqlara getməyəcəyi aydın oldu:
“Sözügedən görüşdə tərəflərin ilkin şərt olmadan sülh danışıqlarına başlaması ilə bağlı razılaşma baş tutmadı, buna əməl edilmədi. Ağ Ev rəsmiləri Putinin Donald Trampı aldatdığını və bununla da sadəcə vaxt udmaq niyyətində olduğunu bildirdilər. Ardınca isə Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri və NATO rəhbərliyi ABŞ-la intensiv danışıqlara başladılar. Vaşinqtonda baş tutan görüş və sentyabrın 4-də Parisdə keçirilən toplantılar yeni strateji xəttin müəyyənləşdirilməsinə xidmət edirdi.
Putinin Zelenskini Moskvaya dəvət etməsi sülh danışıqlarına başlamaq niyyətindən daha çox, rəsmi Kiyevi kapituliyasiya aktına razı salmaq məqsədi daşıyırdı. Dəvətin yalnız Ukraynanın Krımı və daha 6 vilayəti Rusiya ərazisi kimi tanımasından və həyata keçməsi mümkün olmayan digər şərtləri qəbul etməsindən sonra mümkün olacağı bildirilirdi.
Belə bir formatda sülh danışıqları təcrübəsi dünya praktikasında mövcud deyil. Ukraynanın bu şərtləri qəbul etməyəcəyini əvvəlcədən bilən Putin, əslində demək istəyir ki, heç bir real danışıqlara hazır deyil.
Bu kontekstdə Trampın Zelenskini Moskvaya getməyə məcbur etməsi də mümkün görünmür. Əksinə, sentyabrın 4-də Aİ liderləri ilə keçirilən görüşdə Ukraynanın təhlükəsizlik təminatları və zəmanət mexanizmləri ilə bağlı ilkin razılaşmalar əldə olundu. Həmçinin, Kiyevə təcili şəkildə yeni nəsil hücum və müdafiə silahlarının verilməsi, peyk və kəşfiyyat məlumatları ilə təmin olunması barədə qərar qəbul edildi”.
Həmçinin oxuyun:
Əliyevlə danışan Tramp ümidləndi – Daha bir müharibənin üstünə gedir
Elşən Mustafayev
Politoloq bildirib ki, Böyük Britaniyanın ərazisində dondurulmuş və ümumi məbləği 1 milyard funt sterlinqdən çox olan Rusiya aktivləri artıq silah alması üçün Ukraynaya yönləndirilib:
“Bu addım Avropa İttifaqı ölkələrinə açıq mesaj verir ki, onlar da dondurulmuş 300 milyard dollardan artıq Rusiya aktivlərini Ukraynanın xeyrinə istifadə etsinlər.
Yeri gəlmişkən, bu istiqamətdə müzakirələr artıq başlayıb. Əgər qısa müddət ərzində Rusiyanın mövqeyində dəyişiklik olmazda, həmin aktivlər Ukraynanın istifadəsinə verilə bilər. Bu da Moskva üçün ciddi iqtisadi və siyasi zərbə, Kiyev üçün isə mühüm hərbi üstünlük demək olacaq.
Məsələnin ciddiliyini rəsmi Kreml də artıq anlayıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, bu vəsaitlər Kiyevə ötürüləcəyi təqdirdə, onların əvəzini əlavə torpaqlar almaqla çıxacaqlar. Sözügedən bəyanat əslində panik vəziyyətin və zəif mövqelərin göstəricisidir.
Fikrimcə, Ukraynaya hərbi yardım razılaşdırılmış şəkildə tezliklə çatdırılacağı halda, Rusiyaya qarşı ciddi hücum əməliyyatlarının şahidi olacağıq. Yaxın gələcəkdə müharibənin daha da güclənəcəyi və Ukraynanın cəbhə xəttində əhəmiyyətli irəliləyişlər əldə edəcəyi ehtimalı böyükdür.
Bundan sonra Rusiyanın, vasitəçilərin iştirakı ilə danışıqlara getmək cəhdləri mümkündür. Lakin o vaxta qədər real nəticə verə biləcək danışıqlar və ya görüşlərin baş tutması gözlənilmir. Vaxt udmaq məqsədilə müəyyən məmurlar səviyyəsində görüşlər təklif oluna bilər, lakin bu cür təşəbbüslərin də ciddi əhəmiyyəti olmayacaq”.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.