AZ

Moskva Bakıya cavab verdi: “Heç kimdə şübhə qalmasın”

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan XİN-in 5 sentyabr tarixli bəyanatına münasibət bildirib.

cavab açıqlamasında həm 25 dekabr 2024-cü ildə Aktau yaxınlığında baş verən AZAL təyyarə qəzası, həm də Bakıda həbsdə saxlanılan rusiyalı vətəndaşların məsələsinə toxunulub.

Rusiya XİN vurğulayıb ki, təyyarə qəzası ilə bağlı ötən gün verilən rəqəmlər və faktlara Azərbaycan tərəfindən heç bir etiraz bildirilməyib və bunlar təsdiqlənmiş məlumatlardır.

Nazirlik həmçinin diqqətə çatdırıb ki, beynəlxalq istintaq hələ başa çatmayıb və bu prosesdə Qazaxıstanla yanaşı, Azərbaycan və Rusiya da yaxından iştirak edir: “Heç kimdə şübhə qalmamalıdır ki, Rusiya baş verən faciənin bütün detalları ilə araşdırılması və tam mənzərənin yaradılması üçün mümkün olan hər şeyi edir”.

Azərbaycanın “Rusiya XİN sözçüsünün yanlış mövqe sərgilədiyi” barədə iradına da Moskva sərt cavab verib. Açıqlamada bildirilir ki, “belə söz deyən ‘mətbuat katibi’ axtarıldı, amma tapılmadı”. Eyni zamanda qeyd olunub ki, 4 sentyabrda Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Mariya Zaxarovanın dediyi fikir tamamilə açıqdır: “Rusiyalıların azadlığa buraxılması Rusiya–Azərbaycan münasibətlərinin normallaşması yolunda vacib addımdır”. XİN-in bəyanatında əlavə olunub ki, məsələ 22 avqustda Astarxanda keçirilən hökumətlərarası komissiyanın iclasında da Azərbaycan tərəfinə ətraflı şəkildə çatdırılıb.

Beləliklə, Moskva bir tərəfdən təyyarə qəzası ilə bağlı istintaqa diqqəti yönəldir, digər tərəfdən isə 13 rusiyalının həbs məsələsində Bakıya təzyiqini açıq şəkildə davam etdirir.

Musavat.com-a görə, Rusiya Xarici İşlər Nazirliyinin bu açıqlaması Zaxarovanın dünənki brifinqdə səsləndirdiyi bəyanatlar qədər həyasız və eyni zamanda qeyri-obyektivdir. Çünki Azərbaycanın irəli sürdüyü mövqe tamamilə haqlıdır, faktlara əsaslanır və dekabrın 25-də baş verən AZAL təyyarəsinin vurulması faciəsi ilə birbaşa bağlıdır. Rəsmi Bakı dəfələrlə bildirib ki, məhz bu hadisə və ondan sonra Moskvanın atdığı addımlar münasibətlərin çorlanmasının əsas səbəbidir.

Azərbaycan tərəfi xatırladır ki, Rusiya hələ də həmin faciənin günahkarlarını ortaya çıxarmaq və cəzalandırmaq üçün real addım atmayıb. Kompensasiya məsələsi də açıq qalır – Moskvanın bu mövzuda dediklərinin hamısı indiyə qədər yalan çıxıb. Belə bir vəziyyətdə Rusiya XİN-in yenidən eyni mövzunu təkrarlaması, Azərbaycan XİN-in bəyanatına cavab verməsi tipik manipulyasiya və həyasızlıq kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
11
1
editor.az

2Mənbələr