AZ

Çinin nüfuzlu transmilli şirkətləri ölkəmizə investisiya yatırmaqda maraqlıdırlar

Bəs onlar hansı sahələrə maraq göstərirlər?

Son bir neçə ildə xarici investorların ölkəmizə marağının artması birmənalı olaraq davamlı iqtisadi inkişafla bağlıdır. Xüsusilə Azərbaycanda investorlara yaradılan şəffaf və səmərəli mühit burada əsas prioritetdir . Xarici investorlar aydın şəkildə görürlər ki, ölkəmizdə  biznes mühiti yaxşılaşdırılır, investisiya qanunvericiliyi təkmilləşdirilir və xarici investorlara münasibət müsbət istiqamətdə dəyişir. Bu amillər dünyanın bir çox şirkətləri kimi, Çin şirkətlərini də Azərbaycana investisiya yatırmağa sövq edir.

Məsələn, Prezident İlham Əliyevin Çinin Tiencin şəhərinə işgüzar səfəri zamanı bu ölkənin bir neçə şirkət rəhbəri ilə görüşləri diqqət çəkib. Həmin şirkətlər transmilli olmaqla qlobal miqyasda böyük investisiya potensialına malikdirlər. Əvvəla, bu önəmli fakta diqqət yetirmək lazımdır ki, Azərbaycanla Çin arasında qarşılıqlı ticarət dövriyyəsinin artması və əməkdaşlıq layihələrinin genişlənməsi iki ölkənin mövcud münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Məsələn, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 2,1 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artım deməkdir. 2024-cü ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 3,73 milyard dollar olub. Bu dövriyyənin böyük hissəsini Çin məhsullarının idxalı təşkil edir. Azərbaycanla Çin arasında əməkdaşlıq «Bir kəmər, bir yol» təşəbbüsü çərçivəsində daha da genişlənir. Azərbaycan Asiya ilə Avropa arasında nəqliyyat və ticarət körpüsü olmaqla həm də Çin üçün mühüm tranzit ölkəyə çevrilib. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Azərbaycan və Çin arasında tranzit yük daşımaları 86 faiz artaraq 378 min ton təşkil edib.

Bu gün ölkəmizə investisiya yatırmağı hədəfləyən Çin şirkətlərindən biri «China National Chemical Engineering»dir. (CNCEC) Prezident İlham Əliyev sözügedən səfər çərçivəsində bu şirkətin sədri Mo Dinqqı ilə görüşüb. Görüşdə neft-kimya sənayesi, neft emalı və kimyəvi məhsulların istehsalı sahələrində əməkdaşlıq müzakirə olunub. Şirkət rəhbəri Azərbaycanla iqtisadi əməkdaşlığını genişlənməsini hədəflədiyini  bildirib.  Qeyd edək ki, CNCEC dünyada neft-kimya, gübrə və emal sənayesində yüzlərlə meqalayihəni həyata keçirmiş transmilli mühəndislik şirkətidir. Şirkətin Azərbaycana investisiyaya cəlb olunması ən son texnologiyaların ölkəyə gətirilməsinə, mövcud neft-kimya infrastrukturlarının («SOCAR Polymer», Sumqayıt Kimya Parkı və s.) modernləşdirilməsinə, yeni istehsal zəncirlərinin qurulmasına, eyni zamanda, Azərbaycanın sənaye strukturunun dərinləşməsinə, neft-kimya sektorunun diversifikasiyasına, ixrac potensialının artmasına, texnologiya və kapital axınına şərait yarada bilər. Bu, Azərbaycanın xammaldan hazır məhsula keçid strategiyasını sürətləndirə bilər.  CNCEC Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Okeaniya daxil olmaqla dünyanın 55 ölkəsində 1200- dən çox layihə həyata keçirib.

Ölkəmizə investisiya yatırmaqda maraqlı olan digər Çin şirkəti «Powerchina Group»dur. Prezident İlham Əliyevin «Powerchina Group» şirkətlər qrupunun icraçı vitse-prezidenti Xı Yınfen ilə görüşündə müzakirə olunan sahələr yaşıl enerji, ətraf mühitin mühafizəsi, su resurslarının idarəolunması, çirkab suların təmizlənməsi, elektroenergetika, yaşıl hidrogen layihələri, tikinti və avadanlıq istehsalı -Azərbaycan üçün çox strateji və əhəmiyyətli əməkdaşlıq istiqamətləridir. «Powerchina»nın yaşıl enerji üzrə təcrübəsi Azərbaycanda günəş, külək və yaşıl hidrogen layihələrinin reallaşmasına töhfə verə bilər. Bu, ölkənin enerji balansını təmiz enerji mənbələri ilə zənginləşdirəcək, karbonun azalmasına yardımçı olacaq. Yaşıl hidrogen kimi innovativ enerji formaları Azərbaycana enerji diversifikasiyası və beynəlxalq ekoloji standartlara uyğunluq imkanı verəcək. Gələcəkdə bu şirkətin layihələri Çin-Azərbaycan ticarət dövriyyəsini və investisiya mübadiləsini daha da gücləndirə bilər. Sözügedən şirkət hazırda geniş beynəlxalq şəbəkəsi, çoxsaylı törəmə şirkətləri və yüksək reytinqi ilə qlobal infrastruktur bazarında aparıcı rol oynayır. 2023-cü ildə gəliri 97 milyard dollar təşkil edən şirkətin fəaliyyəti 130-dan çox ölkə və bölgədə mövcuddur.

Bundan başqa ölkəmizin başçısı «CCCC» (China Communications Construction Company) şirkətinin sədri Son Haylian ilə görüşündə şirkətin fəaliyyət sahələrinə daxil olan istiqamətlər - nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən metro stansiyalarının tikintisi, avadanlıq istehsalı və şəhər nəqliyyatının kompleks inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Bu, CCCC-nin Azərbaycanın nəqliyyat və logistika infrastrukturunda mühüm rol oynaya biləcəyinin göstəricisidir. «CCCC»nin Azərbaycandakı perspektivləri limanların inkişafı, şəhər nəqliyyatı, ekoloji layihələr və regional tranzit infrastrukturu sahələri üzrə geniş imkanlar yaratdığını göstərir. Bu, həm «CCCC» üçün yeni bazar fürsəti, həm də Azərbaycana strateji infrastruktur yatırımları baxımdan faydalı əməkdaşlıq imkanları açır. Xatırladaq ki, «CCCC» həm də dünya miqyasında «Belt and Road Initiative» (BRI) layihələrinin əsas icraçılarındandır. Şirkət 150-yə yaxın ölkəyə məhsul və xidmət təqdim edir.

Prezident İlham Əliyevin səfər çərçivəsində Çinin «China Electronics Technology Group Corporation» (CETC) korporasiyasının baş direktoru Cu Pen ilə görüşündə isə rəqəmsal texnologiyalar, idarəetmə sistemlərinin müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyat, milli şəbəkə təhlükəsizliyi, kibertəhlükəsizlik və data tətbiqləri sahələrində əməkdaşlığın müzakirəsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən perspektivləri özündə ehtiva edir. CETC ilə əməkdaşlıq Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirəcək, milli idarəetmə sistemlərinin səmərəliliyini artıracaq, kibertəhlükəsizliyi təmin edəcək, rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək. Qeyd edək ki, şirkətin 40-dan çox ixtisaslaşmış tədqiqat müəssisəsi və texnoloji mərkəzi var. 30-dan çox ölkədə rəqəmsal transformasiya və kibertəhlükəsizlik layihələri həyata keçirir. İllik təxminən 3000-4000 yeni patent alır ki, bu da CETC-in Çin elektronik və rəqəmsal texnologiyalar sahəsində liderlərdən biri olduğunu təsdiqləyir.

Prezident İlham Əliyevin «China Energy Engineering Corporation Limited» («Energy China») şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşü iki ölkə arasında enerji və ekoloji sahələrdə əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir. Gələcəkdə planlaşdırılan sərmayə işində iki ölkənin bərpaolunan enerji sahəsində inkişafı yüksək səviyyəyə  qalxacaq. Çünki «Energy China»  bərpaolunan enerji sahələrində qlobal liderdir və Azərbaycan kimi tərəfdaş ölkələrdə enerji infrastrukturlarının modernləşdirilməsində mühüm rol oynayır. Şirkətin güclü maliyyə resursları və geniş beynəlxalq təcrübəsi onun regionda davamlı və ekoloji təmiz layihələr həyata keçirməsinə zəmin yaradır. Şirkət 100-dən çox ölkədə 1500-dən artıq enerji və infrastruktur layihələri həyata keçirir. Gəlirinin 30 faizdən çoxu yaşıl enerji sektorundan gəlir. Su resurslarının idarə olunması və tullantıların təmizlənməsi layihələri əsas inkişaf prioritetlərindən biri olub, bu sahəyə ayrılan investisiya illik 3 milyard dollar səviyyəsindədir.

Ən nəhayət, ölkəmizin  başçısının  Çinin «Sichuan Sunsync Photovoltaic Technology Co» şirkətinin təsisçisi və sədri Sie İ ilə görüşü Azərbaycan-Çin strateji tərəfdaşlığının enerji sektorunda yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ələt Azad İqtisadi Zonasında müasir texnoloji standartlara cavab verən günəş panelləri istehsal müəssisəsinin yaradılması həm iqtisadi, həm də texnoloji baxımdan böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycan üçün enerji sektorunda dayanıqlı və ekoloji təmiz istehsalın inkişafını sürətləndirəcək, ixrac yönümlü istehsalın təşviqi ilə iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq, regionda bərpaolunan enerji sənayesində liderlik mövqeyini gücləndirəcək.

Təbii ki, Çin kimi fövqəlgüc bir ölkənin şirkətlərinin ölkəmizə investisiya yatırmaq istəməsi Azərbaycanın inkişafına töhfə verərək ikitərəfli əməkdaşlığı yeni zirvələrə qaldıracaq.

Elçin Zaman, «İki sahil»

Seçilən
0
5
ikisahil.az

6Mənbələr