Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan əməkdaşlıq
coğrafiyasını daha da genişləndirir. Qərb dövlətləriylə yanaşı, Asiya ölkələri
ilə də əlaqələrin qurulmasına, inkişafına böyük önəm verilir. Coğrafi cəhətdən
uzaq məsafədə yerləşməsinə baxmayaraq, ölkəmiz Vyetnamla da tarixi dostluq, tərəfdaşlıq
münasibətlərini qoruyub saxlayır. Enerji, nəqliyyat, ticarət, mədəniyyət, təhsil
və hərbi sahələrdə qurulan əməkdaşlığın genişlənməsi iki ölkə arasında münasibətlərin
inkişafına güclü təkan verir.
Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası
arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. Son illər
Azərbaycan və Vyetnam arasında dostluğa söykənən əməkdaşlıq dinamik inkişaf etməkdədir.
Tarixi faktlar göstərir ki, iki ölkə arasında hələ keçmiş ittifaq dövründə də əməkdaşlıq
və dostluq əlaqələri olub. Çox da uzaq olmayan tarixi vərəqləyəndə görürük ki,
1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan
SSR-yə səfər edib. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Ümummilli
Lider Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Bu əlamətdar,
yaddaqalan səfərlər ölkələrimiz arasında əməkdaşlıq tarixinin möhkəm və
etibarlı təməlini qoyub.
18-19 may 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam
Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində
yeni səhifə açaraq əməkdaşlığın inkişafına müsbət təsir göstərmişdir. 13-15 may
2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana
rəsmi səfəri iki ölkənin münasibətlərinin
tarixində vacib hadisə olmuşdur. Bu səfərlər qarşılıqlı faydalı əməkdaşlığın
genişlənməsinə və dərinləşməsinə əlverişli zəmin yaratmışdır.
Vyetnamın dövlət başçısı Helen To Lamın 7 may 2025-ci ildə
Azərbaycana etdiyi rəsmi səfər iki ölkə
arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan vermişdir. Helen To Lamın
Prezident İlham Əliyev ilə görüşündə, iqtisadiyyat, ticarət və enerji sahələrində
əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Xüsusilə neft və
qaz sahəsində birgə layihələrin həyata keçirilməsi üçün hüquqi çərçivələrin
yaradılması vurğulanmışdır. Həmçinin təhsil sahəsində əməkdaşlığın artırılması,
tələbə mübadilələrinin təşviq edilməsi və birbaşa aviareyslərin açılması məsələləri
də gündəmə gəlmişdi. Görüşün sonunda iki ölkə arasında iqtisadi, ticarət və
elmi-texniki əməkdaşlığı gücləndirmək məqsədilə bir sıra sazişlər
imzalanmışdır. Bu səfər Azərbaycan və Vyetnam arasında dostluq və tərəfdaşlıq
münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir addım
olmuşdu.
Azərbaycan və Vyetnamın beynəlxalq səviyyədəki mövqeləri əməkdaşlığın
daha da genişlənməsinə kömək edir. Hər iki ölkə BMT və digər beynəlxalq təşkilatlarda
birgə fəaliyyət göstərir, bir-birini dəstəkləyir. Bütün bunlar hər iki ölkənin
regional və qlobal məsələlərdə daha təsirli olmasına əlverişli şərait yaradır.
Bundan başqa, Azərbaycanın Vyetnama təqdim etdiyi enerji layihələri, xüsusilə də
bərpaolunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri qarşılıqlı
faydalılığı təmin edir.
Başqa sahələrdə olduğu kimi, Azərbaycanla Vyetnam arasında hərbi
sahədə də qarşılıqlı əməkdaşlıq şəraitində görüşlər keçirilir, sıx əlaqələr
qurulur. Daha səmərəli və optimal təcrübələr dərindən öyrənilərək hərbi tədris
müəssisələrində tədris olunur. Şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın erməni işğalında
qalmış ərazilərimizi azad etməsi Silahlı Qüvvələrimizin nüfuzunu dünyada daha
da artırmışdır. Xüsusilə ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüşlərin
gedişində üstünlüyü ələ almaq üçün tətbiq etdiyi sürətli taktiki gedişlər,
müasir silahlardan peşəkarlıqla istifadə olunması beynəlxalq hərbi mütəxəssislərin
və müşahidəçilərin diqqətini cəlb etmişdir. Başqa ölkələrlə yanaşı, Vyetnam da
Azərbaycanla hərbi əməkdaşlığa can atır.
Azərbaycanın müdafiə nazirinin Vyetnama səfər etməsi
qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Vyetnamda səfərdə
olan general-polkovnik Zakir Həsənov Avqust İnqilabının 80-ci ildönümü və
Vyetnam Sosialist Respublikasının Milli Günü münasibətilə keçirilən təntənəli mərasimə
qatılıb. Dövlət rəsmiləri, xarici qonaqlar və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə Hanoy şəhərində yerləşən "Ba Dinh" meydanında keçirilən
tədbirdə Vyetnamın azadlıq uğrunda apardığı tarixi mübarizəsi xatırlanıb,
xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi uğurlar
vurğulanıb.
General-polkovnik Zakir Həsənov ölkənin Baş naziri Pham Minh Chinh ilə
görüşüb. Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən
verilən məlumata görə, görüşdə Azərbaycanla Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa
dair müzakirələr aparılıb. Səmərəli keçən görüş zamanı başqa sahələrlə yanaşı, əməkdaşlığın
yeni perspektivləri də müzakirə olunub.
Dost ölkə ilə hərbi əməkdaşlığın genişlənməsi məqsədilə
Vyetnama səfər edən müdafiə naziri general-polkovnik Z.Həsənov həmkarı general
Phan Van Giang ilə də görüşüb. Görüşdə Azərbaycan və Vyetnam arasında hərbi əməkdaşlığın
hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri hərtərəfli müzakirə olunub.
Olduqca səmərəli keçən görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi
vurğulanıb, bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda
hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq
üzrə "Niyyət məktubu" imzalanıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnama səfəri
çərçivəsində bu ölkənin Hərbi Dəniz Qüvvələri
Komandanlığının (HDQ) qərargahında da olub. Əvvəlcə Hanoy şəhərində yerləşən
"Qəhrəmanlar və Şəhidlər abidəsi" və Prezident "Ho Chi
Minh" mavzoleyi ziyarət edilib, əklillər qoyulub. Sonra müdafiə naziri Vyetnam HDQ komandanı
vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. Görüş zamanı hər iki ölkənin HDQ-ləri
arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran
digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. General-polkovnik Z.Həsənov
HDQ briqadasını və "Ha Long" buxtasını ziyarət edib, burada
yaradılmış şəraitlə yaxından tanış olub.
Başqa sahələrdə
olduğu kimi, Azərbaycanla Vyetnam arasında hərbi əməkdaşlıq da getdikcə genişlənir
və inkişaf edir. Aparılan qarşılıqlı hərbi əməkdaşlıq hər iki ölkənin Silahlı
Qüvvələrinin daha da güclənməsini və modernləşməsini sürətləndirir. Ən
başlıcası isə odur ki, Azərbaycanla Vyetnam arasındakı əməkdaşlıq sülhə, əmin-amanlığa
xidmət edir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"