AZ

Marko Yankoviç Çexiyaya qarşı 70 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisinin heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, ötən gecə DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyunları keçirilib.

L qrupunda yer almış Montenerqro millisi öz meydanında Çexiya yığmasını qəbul edib. “Qarabağ”dan Monteneqro yığmasına dəvət almış Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxmış yarımmüdafiəçi 70-ci dəqiqədə “Yuventus”lu Vasili Adziçlə əvəzlənib.

Monteneqro yığmasına dəvət almış “Neftçi”nin üzvü Ervin Kuç isə qarşılaşmanı əvvəldən sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

Görüş Çexiya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

4-cü görüşdə ikinci məğlubiyyətini almış Monteneqro millisi 6 xalla qrupda üçüncüdür. 5 matçdan sonra 12 xalı olan Çexiya isə qrup lideridir.

Monteneqro millisi sentyabrın 8-də Xorvatiya yığması ilə də görüşəcək.

Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 132 oyun keçirib, 10 qol və 15 məhsuldar ötürmə müəllifi olub.

Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.

Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 56 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
134
arena.az

1Mənbələr