06.09.2025-ci il tarixində saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın cinsli) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.
***
Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, səhər saatlarında hərəkətdə olan “KamAZ” markalı yük maşını idarəetmədən çıxaraq minik avtomobilinin üzərinə aşıb.
Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.
***
Hadisə ilə bağlı FHN məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib. Əlavə məlumat veriləcək.
***
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 06.09.2025-ci il tarixində saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur. 1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb. Əlavə məlumat veriləcək.