AZ

Göydəniz Qəhrəmanov: "Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas tərəfdaşıdır"



“Sentyabrın 1-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən Zirvə görüşünə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev hazırda təşkilata sədrliyi həyata keçirən Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvətilə sammitdə iştirak edib. Qeyd edək ki, dövlətimizin başçısı bundan əvvəl də ŞƏT-in Zirvə toplantılarının iştirakçısı olub. Əlbəttə ki, bu hal Azərbaycanın getdikcə möhkəmlənən beynəlxalq mövqelərinin və Azərbaycan Prezidentinin yüksək şəxsi nüfuzunun bir göstəricisi kimi qiymətləndirilməlidir.”

Bu sözləri aia.az- a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.


Fikirlərini davam etdirən deputat Azərbaycan-Çin münasibətlərinin səmimi dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyini diqqət mərkəzinə çəkib: “Mötəbər tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev ilk növbədə dost Çin dövlətinin ŞƏT-də uğurlu sədrliyini qeyd edib. Məlumdur ki, bu gün Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur və bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində əsası qoyulmuş strateji tərəfdaşlıq əlaqələri, bu il cənab Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanatın imzalanması ilə yeni mərhələyə keçid almış oldu. Hazırda ölkələrimiz arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə, o cümlədən siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrində inkişaf etdirilir. Rəqəmsal iqtisadiyyat, elm və texnologiya, təhsil və mədəniyyət kimi sahələrdə də əməkdaşlıq əlaqələri durmadan genişləndirilir. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur. Bu, əlbəttə ki, böyük nailiyyətdir və digər sahələrlə yanaşı əlbəttə ki, xüsusilə turizmin inkişafına güclü təkan olacaq.”

Daha sonra Göydəniz Qəhrəmanov Azərbaycan-Çin tərəfdaşlığının regional sülhün qorunması baxımından mühüm amil kimi çıxış etdiyini vurğulayıb: “Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır və bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına mühüm töhfələr verir. Artıq çoxdan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmiş Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradır. Bu gün Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Əlbəttə ki, Zəngəzur dəhlizinin açılması da beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının xeyli genişlənməsinə xidmət edəcək. Möhtərəm dövlət başçımızın sözləri ilə desək, Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, bununla da regionumuzda sülhün, çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə olacaq” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Seçilən
15
aia.az

1Mənbələr