AZ

İmperiya qüdrətinin sübutu: Villalar və fəvvarələr şəhəri

Tivoli - Romadan bir günlük səyahət üçün ideal yerdir. Bu, Latsio bölgəsində, Aniene çayı tərəfindən oyulmuş dərənin üstündə yerləşən kiçik bir şəhərdir. Dramatik hadisələrlə dolu uzun tarixi var.

Mənzərəli villaları, bağları, qədim Roma amfiteatrı kimi tarixi yerləri ilə tez-tez nağıl şəhəri kimi təsvir olunur. Həmçinin şəlalələri və dar küçələri ilə, dünya turistlərinin diqqətini çəkən termal mənbələrlə məşhurdur.

Tivoli (əslində Tibur adlanır) imperatorlar, papalar, kardinallar, mütəfəkkirlər və rəssamlar tərəfindən sevilib. Onlar Romanın səs-küyündən qaçaraq, məhz bu şəhərdə sığınacaq tapıblar. Kiçik ərazisinə baxmayaraq, Tivoli turistləri maraqlandıran tarixi və memarlıq abidələri ilə zəngin bir çox unikal obyektlərə sahibdir. Aniene çayı üzərində strateji mövqeyə malik olması sayəsində qədim Roma dövründə əsası qoyulan şəhər İmperator Adrianın dövründə mühüm yaşayış məntəqəsi kimi tanınıb.

Roma papalarının sevdiyi yer

Tivoli Romadan xeyli əvvəl - 13-cü əsrdə qurulub. Buna görə də şəhər çox zəngin tarixə malikdir. Təəssüf ki, İkinci Dünya müharibəsi zamanı şəhər amansız bombardmanlara məruz qalıb, nəticədə bir çox tarixi binalar dağıdılıb. Uzun sürən bərpadan sonra italyanlar şəhərin əvvəlki görkəmini qaytara biliblər.

Məhz havasına və sərinliyə görə Roma İmperiyası dövründə imperatorlar və aristokratlar Tivolini yay villaları üçün məkan seçiblər. Bu villalardan ikisi şəhəri ziyarət etmək üçün əsas səbəbdir: hazırda Villa Adriana və Villa Este UNESCO-nun Dünya İrsi siyahısındadır. Roma papaları da bu sərin şəhərdə dincəlmək üçün yay iqamətgahlarını Tivoliyə köçürüblər.

Əksər turistlər Tivolidəki bu tarixi tikililər haqqında eşidib, bəziləri onların internetdə şəkillərini görüb, lakin daha çox insan onları real həyatda öz gözləri ilə görmək üçün buraya can atır. Çünki Tivoliyə səyahət bir gündə minillikləri keçmək, antik dövrü ziyarət etmək, dəbdəbəyə, gözəlliyə heyran olmaq, ləzzətli kofe içmək, dondurma yemək, yerli mətbəxin dadına baxmaq və intensiv hərəkət etmək fürsətidir.

Burada hər dəqiqə qiymətlidir

Dəmiryolu vağzalında qatardan düşüb şəhərin mərkəzinə doğru irəlilədikcə sanki tarix adama qucaq açır. Mərkəzdə şəhərin azad ruhu hiss olunur. Küçə musiqiçilərinin nəğməsi, insanların şən hay-küyü yol boyunca yayılır. Yaşıl ağacların kölgəsindəki skamyalarda əsasən yerli qocalar oturub və qayğısız halda söhbətləşirlər. Turistlər isə bu şəhərə bir günlük baş çəkməyə gəldiklərindən “hər dəqiqə qiymətlidir”, - deyə küçələrdə çox da ayaq saxlamırlar. Turizm şirkətlərinin nümayəndələri hər addımda “Villalar və fəvvarələr şəhərinə xoş gəldiniz” deyə əllərindəki broşürü uzadırlar.

İmperiyanın qüdrətinin sübutu

Tivolinin ən məşhur görməli yerlərindən biri Roma İmperatoru Adrian üçün iqamətgah kimi tikilmiş nəhəng kompleksdir. Villa təxminən 120 hektar ərazini tutur. Turistlər bu ərazidə qədim dövrlərə aid saysız-hesabsız binaların xarabalıqlarını görmək imkanı əldə edirlər.

Seçilən
22
3
publika.az

10Mənbələr