Avqustun son günlərindən etibarən, Bakıda və Abşeron yarımadasında yenidən tozlu hava şəraiti müşahidə olunub. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı normadan 1.8-2 dəfə artıqdır. O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub və meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.
Artıq Bakıda demək olar ki, hər il mütəmadi olaraq tozlu havaları müşahidə edirik. Bu hal əvvəllər təəccüblü gəlsə də, paytaxtın küləyinə alışdığımız kimi tozuna da öyrəşirik.
Bəs, maraqlıdır, tozlu havanın artıq Bakı üçün xarakterik olduğunu deyə bilərikmi?
Nizamsız tikintilər, idarəolunmayan daş karxanaları...
Ekoloq Qorxmaz İbrahimli deyir ki, transsərhəd toz kütlələrinin ölkəyə daxil olub-olmamasından asılı olmayaraq, Bakı ümumilikdə çirkli şəhərdir. Bunun əsas səbəblərindən biri şəhərin küləkli iqlimə malik olmasıdır: “Lakin problem təkcə küləklə bağlı deyil. Tikinti işlərinin nizamsız aparılması, daş mədənlərinin düzgün idarə olunmaması tozlanmanın miqdarını xeyli artırır. Badamdar dağlıq massivi də daxil olmaqla paytaxtın bir çox ərazilərində həm daş karxanaları fəaliyyət göstərir, həm də intensiv tikinti işləri aparılır. Ən kiçik külək belə şəhər daxilindəki bu amillərlə birləşərək toz dərəcəsini yüksəldir. Sadəcə olaraq, bəzi hallarda bu tozu hiss etmirik, amma orqanizmimiz onu qəbul edir”.
“Bu, avqust-sentyabr aylarında təkrarlanır”
Ekoloq bildirir ki, bundan əlavə, müşahidə olunan transsərhəd toz kütlələrinin bir hissəsi əsasən Cənub-Şərq küləkləri vasitəsilə Türküstan bölgəsinin səhralarından ölkə ərazisinə daxil olur. Bu hal hər il avqust-sentyabr aylarında təkrarlanır və artıq hava şəraitinin bir hissəsinə çevrilib. Toz kütlələri Xəzər dənizi üzərindən keçərkən qismən azalsa da, ən incə toz hissəcikləri Abşeron yarımadasına qədər çatır. Bu hal əsasən Bakı, Ələt, Salyan və digər Xəzərsahili ərazilərdə müşahidə olunur. Ölkənin digər regionlarına bu toz kütlələrinin çatmamasının səbəbi isə hissəciklərin məsafəni aşmaq üçün kifayət qədər dayanıqlı olmamasıdır”.
“Maska və qoruyucu eynəklərdən istifadə edilməlidir”
Mütəxəssis deyir ki, hazırda Bakıda davam edən tozlu hava mövsümi meteoroloji baxımdan gözləniləndir, lakin bu, onu təhlükəsiz etmir: “Havada tozun miqdarı normadan yüksəkdir və bu, xüsusilə ürək, tənəffüs yolları, bronxial və göz xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yaradır. Mütəxəssislər belə şəraitdə maska və qoruyucu eynəklərdən istifadəni tövsiyə edirlər. Lakin təəssüf ki, Bakının özü bu tozlu havadan qorunmaq üçün yetərli infrastruktur və mühafizə mexanizmlərinə malik deyil. Şəhərdə yaşıllıqların azlığı, tikinti işlərinin və daş karxanalarının çoxluğu fonunda bu kimi hallar daha da tez-tez baş verir”.