AZ

Cəlilabadın təhsil sektoru yeni tədris ilinə nə ilə gedir

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayonu üzrə təhsil sekroruna 72 tam, 38 ümumi, 10 ibtidai ümumtəhsil məktəbi olmaqla 120 ümumtəhsil müəssisəsi daxildir. Rayonda Uşaq-Gənclər İnkişaf Mərkəzi və Uşaq-Gənclər Şahmat Məktəbi olmaqla 2 məktəbdənkənar və 20 məktəbəqədər təhsil müəssisəsi də fəaliyyət göstərir.

Cari dərs ilində resursların daha səmərəli istifadəsi və ümumi təhsil müəssisələrinin optimallaşdırılması üçün rayonun Badamağac, Mədətli, Porsava kənd ibtidai məktəblərinin fəaliyyəti dayandırılmış, Zəhmətabad, Soltankənd və Məşədilər kənd tam orta məktəblərinin tipinin ümumi orta məktəbə dəyişdirilməsi nəzərdə tutulmuşdur. 

2024/2025-ci tədris ilinin yekun nəticələri bu qənaətə gəlməyə əsas verir ki, Cəlilabadın təhsil müəssisələrinin fəaliyyətini qənaətbəxş hesab etmək mümkündür. Ötən il təlim-tərbiyə işlərinin prioritetlərindən biri şagirdlərin zona və respublika müsabiqələrində iştirak etməsi olmuşdur. Respublika Fənn Olimpiadasının (RFO) nəticələrinə əsasən, Məzahir Ağayev adına tam orta məktəbin şagirdi biologiya fənni üzrə gümüş medal, Heydər Əliyev adına şəhər 1 saylı tam orta məktəbin şagirdi coğrafiya fənni üzrə gümüş, şəhər 8 saylı məktəb-liseyin şagirdi coğrafiya fənni üzrə bürünc medal olmaqla ümumilikdə 3 medal qazanmışlar. Öncəki illə (2023/2024) müqayisədə Cəlilabad rayonu RFO üzrə medalların sayını qoruyub saxlamışdır. Həmin il Xanəgah tam orta məktəbinin 6-cı sinif şagirdi təbiət fənni üzrə Respublika Fənn Müsabiqəsində 3-cü yerə layiq görülmüşdür. Bundan əlavə, "Qərbi Azərbaycana qayıdış" olimpiadasının nəticələrinə görə, region üzrə yalnız Cəlilabadın Gülməmmədli kənd tam orta məktəb və şəhər Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin şagirdləri 2-ci yerə layiq görülərək gümüş medallar qazanmışlar. 

Rayonun Ləkin kənd tam orta məktəbinin "Ləkin" komandası "Sərhədçi" hərbi-idman oyununda əvvəlki ilin uğurunu təkrarlayaraq yenidən respublika birincisi olmuş, qızıl medala və kuboka layiq görülmüşdür. 2025-ci ilin mart ayında Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin 2 şagirdi rayon üzrə ilk dəfə olaraq "Sabahın alimləri" XIV Respublika layihə müsabiqəsində iştirak edərək 2 gümüş medal əldə etmişdir. 

2024/2025-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin 11-ci sinfini 1933 nəfər şagird bitirmişdir. Onlardan 34 nəfər fərqlənmə attestatına, 1 nəfər isə Qızıl nişana layiq görülmüşdür.  Ümumi orta təhsil səviyyəsi üzrə 2 min 473 şagird məzun olmuş, onlardan 28 nəfəri fərqlənmə attestatı almışdır. 

11-ci sinif üzrə məzunların orta attestat balı əvvəlki ildəkindən 4 bal artaraq 97-yə çatmışdır. Həmçinin 9-cu siniflər üzrə orta attestat balı əvvəlki illə müqayisədə 1,3 bal yüksələrək 86,1 olmuşdur. Rayonun Uşaq-Gənclər İnkişaf  Mərkəzi və Şahmat məktəbinin şagirdləri idmanın güləş, şahmat, futbol növləri üzrə respublika və beynəlxalq yarışların qalibi olmuş və müxtəlif mükafatlarla təltif edilmişlər. 

Bu il məzun olmuş şagirdlərdən 529 nəfəri ali təhsil müəssisələrinə qəbul olunmuşdur ki, bu da ümumi məzunların təqribən 28 faizini, abituriyentlərin isə 48 faizini təşkil edir. Məzunlardan 24 nəfəri 600, 55 nəfəri isə 500-dən çox bal toplamışlar. 

5 məzun ölkədə fəaliyyət göstərən xüsusi təhsil müəssisələrinə qəbul olmuşdur. 

Təhsil müəssisələrinin infrastrukturunu yaxşılaşdırmaq üçün hər biri 180 şagirdlik olmaqla Musalı və Kövüzbulaq kəndlərində yeni məktəb binalarının tikintisi davam edir. Yaxın illər 8 saylı məktəb-liseyin və Uzuntəpə kənd 1 saylı tam orta məktəbin hər biri üçün 1400 şagirdlik və Günəşli kənd 1 saylı tam orta məktəb üçün 624 şagirdlik yeni məktəb binalarının tikintisinin başlanması nəzərdə tutulur. Layihələndirmə işləri artıq başa çatmışdır. 

2025/2026-cı tədris ilində şagirdlərin İKT üzrə bilik və bacarıqlarının artırılması, yəni onlarda ən ümdə vərdişlərin formalaşdırılması, onların gələcək əmək bazarına hazırlanması məqsədilə şəhər 7 saylı tam orta, eləcə də 4 saylı tam orta məktəblərində ilk dəfə olaraq İKT təmayüllü siniflər açılmışdır. Rayonun ümumtəhsil müəssisələri üçün 988 "Noutbuk" kompüter gətirilmiş, həmçinin "Peşə təmayüllü sinif" layihəsi genişləndirilərək 10 sinfə çatdırılmışdır. Bunlardan başqa, cari tədris ilində rayonun ümumtəhsil müəssisələrində "Rəqəmsal Bacarıqlar" və "STEAM" kimi yeni layihələrin davam etməsi, həmçinin genişlənməsi nəzərdə tutulmuş və bununla əlaqədar müəllimlər təlimlərə cəlb edilmişlər. Həmçinin Təhsil İnstitutu tərəfindən müxtəlif sahələr üzrə təlimlərə başlanmışdır. 

Tədrisin keyfiyyətinin artırılması və müasir yanaşma metodlarından səmərəli istifadə edilməsi üçün 2025/2026-cı dərs ilində Cəlilabad şəhər 1 saylı məktəb-liseyin bütün siniflər üzrə kontingentinin şəhər 8 saylı məktəb-liseyə birləşdirilməsi nəticəsində 1 saylı lisey yaradılmışdır. Liseyə şagird qəbulu 7-ci, 8-ci, 9-cu, 10-cu siniflər üzrə olmaqla müsabiqə yolu ilə aparılmışdır. 

Seyran CAVADOV, 

"Azərbaycan"

Seçilən
113
50
azerbaijan-news.az

10Mənbələr