AZ

Mərdi qovub namərd edə bilmədilər

Həbib Seyidov Gəncə qəzasının Şəmkir nahiyəsində gənclərin hərbi xidmətə çağırışı, qaçaqların yerinin öyrənilməsi, onlarla gizli əlaqəsi olanların aşkar edilməsi ilə məşğul idi. Böyük səlahiyyətlər sahibi olan Həbib camaatla səmimi rəftar edər, haqsız işə heç vaxt qol qoymazdı. O, yeni quruluşun adamları ilə işləsə də, qəlbən milli hökumət qurucularının tərəfində idi.

Həbib Həsən oğlu Seyidov 15 may 1901-ci ildə Yelizavetpol (Gəncə) quberniyası Şamxor qəzasının Zəyəm qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Atası Həsən İranda mədrəsə təhsili almışdı. Sovet dövrünün qadağalarına baxmayaraq, dini təriqətinə tapınaraq molla kimi tanınırdı. Anası Pərizad Nağı qızı evdar qadın idi.

Həbib 1907-ci ildə Zəyəmdən xeyli uzaqda olan Düyərli kəndində ailə dostları Hacı Qurbanın evində qalmaqla molla Kərimdən Quran dərsi alır. 1908-ci ildə Zəyəmdə molla seyid Ələkbər mədrəsə açanda atası onu bu məktəbə yazdırır. Həbib burada Quranı tam bitirdikdən sonra fars dilində dərs almağa başlayır. 

1910-cu ildə Zəyəmdə rus dilində beşsinifli məktəb açılır. Uşaqlarının təhsilinə xüsusi önəm verən Həsən əfəndi onu bu dəfə həmin məktəbə yazdırır.

Həbib rus dilində yazıb-oxumağı yaxşı bildiyi üçün 1917-ci ilin may ayında Gədəbəy Qəza Komitəsi Hərbi Komissarlığına kargüzar işləri məmurluğuna götürülür. İlyarımdan sonra Şəmkir Qəza Komitəsi Hərbi Komissarlığına işə düzəlir.

1930-cu il may ayının 15-də Həbib Seyidov Şamxor Milis İdarəsinin rəisi təyin edilir. Bu təyinat elə bir zamana təsadüf etmişdi ki, bölgədə özbaşınalıq, hərc-mərclik həddini aşmışdı, heç yanda asayiş hiss olunmurdu. Bir az əvvəl İcra Komitəsi sədrini öldürmüşdülər. Onun ardınca Hacı Əhməd adlı şəxsin tutulması məqsədilə onu təqib edən Vilayət Milis İdarəsinin rəisi Rüstəm Əliyevi, Vilayət Siyasi İdarəsinin müdiri Əlövsət Məmmədovu və onların yanında sözükeçən iki hörmətli şəxsi qaçaqlar qətlə yetirmişdilər. 

Həbib Seyidov bu hadisələri düzüb-qoşanın Azərbaycan Dövlət Siyasi İdarəsi (QPU) olduğunu, bu işi tənzimləyən və həyata keçirənin isə birbaşa həmin idarədə məsul vəzifədə çalışan erməniəsilli Xocayev olduğunu öyrənir. Həbibə o da məlum olur ki, bu, ermənilərin dövlət səviyyəsində azərbaycanlıları yeni quruluşun düşməni adı ilə qırmaq və qırdırmaq, sürgünə və qazamatlara yola salmaq üçün əvvəlcədən düşünülmüş variantdır. Siyasi İdarənin məsul əməkdaşı erməni Xocayev sovet quruluşunun qatı düşməni, cümhuriyyətin parlamanı üzvü olmuş Hacı Əhmədi də aldadaraq sovet rejimini devirmək üçün gizli bir "Allahlılar partiyası" yaratmağa, onu bu işdə xalqın da iştirakının gərəkliyinə əməlli-başlı inandırmışdı.

Azərbaycanlıların soyqırımına dövlətin əli ilə bu formada zəmin hazırlayan erməni Xocayev Dövlət Siyasi İdarəsi Şamxor Qəza İdarəsinin rəisi, ermənipərəst, Azərbaycan türklərinin qatı düşməni Vasili Yakofididən aldığı tapşırıqlar əsasında tez-tez Düyərli kəndinə gedir, Hacı Əhmədlə görüşür, onu və partiya üzvlərini yeni quruluşa qarşı daha qətiyyətli olmağa həvəsləndirir, kolxoz quruculuğunun əleyhinə getmək, bolşevik rejimi rəhbərlərinə qarşı terror və cinayətlər törətmək üçün təlimatlandırırdı. 

Rayon milis şöbəsinin yeni rəisi Həbib Seyidov bütün bunları və digər bu kimi məsələləri dəqiq bildiyindən, habelə vəziyyətin əhali üçün faciəvi olacağı gözlənildiyindən Hacı Əhmədlə görüşməyi lazım bilir. Görüş gizlin sövdələşmədən sonra Hacının yaxın tanışı vasitəsilə baş tutur. 

Bakıdan gələn məmur

Sentyabrın ortalarında Bakıdan Şamxora (indiki Şəmkirə) Dövlət Siyasi İdarəsindən bir məmur gəlir. O, Həbib Seyidova deyir ki, bir çox kənddə torpaq sahibi əkdikləri məhsuldan komissiya tərəfindən müəyyənləşdirilən qaydada hökumətin anbarına vergi qismində məhsul verməyib. Onları vergini ödəməyə məcbur et. Bakılı qonaq hətta Həbibə həmin kəndlilərin siyahısını da təqdim edir.

Səhəri gün Həbib yanına iki milis nəfəri alıb atla öncə Keçili, Dəllər-Cırdaxan və Xuluf kəndlərinə gedir. Hökumətdən qaçanların yaxınlarından nə əkib-götürdükləri və buna görə qanunla nəzərdə tutulan məhsul vergisini ödəmələrinə dair imza alır.

Axşam olur, Həbibgil də möhkəm yorulurlar, kəndin nümayəndəsi İsmayil onları Cəfər adlı bir kəndlinin evinə qonaq edir. Kənd nümayəndəsi Həbibin başqa otaqda tək, özünün isə milislərlə bərabər yanbayan otaqda yatacaqlarını söyləyir. 

 Gecəyarısı ev sahibi Cəfər Həbibi yuxudan oyadıb deyir:

- Əbdüləli gəlib, sizi görmək istəyir. 

- Gəlsin, - deyib yatağından durur.

O anda Əbdüləli 8 silahlı ilə içəri girir. Salam verdikdən sonra deyir:

- Yoldaş Seyidov, siz mənim evimdən məhsul vergisi tələb etmisiniz, başqası olsaydı...

- Bəli, etmişəm, madam əkilmiş əkin adınıza yazılıb, o zaman vergisini də vermək lazımdır. 

Həbib yastığa dirsəklənib Əbdüləli ilə xeyli söhbət edir. Əbdüləliyə və onunla gələnlərə anlatmaq istəyir ki, Xocayev deyənlər fırıldaqdır. Onlar camaatı qırğına aparmaq istəyirlər. 

Hacı Əhməd kimi Əbdüləli də fikrindən dönmür: "Bil ki, Azərbaycanı yıxacağıq, onun bugünkü hökumətini yox edəcəyik...  Qayıdanda hökumətinə quruluxlu Əbdüləli belə söylədi deyərsiniz", - söyləyib gedirlər.

Siyasi idarənin "ssenaristləri" deyəsən istədiklərinə nail olmuşdular. Bir neçə ay sonra quruluxlu Əbdüləlinin başçılığı ilə ərazidə yaşayanlar yeni quruluşa qarşı üsyana qalxır, Keçili kəndinin yaxınlığında Şəmkirçayın üzərindəki dəmir yolu körpüsü yandırılır, Batumiyə gedən neft borusu partladılır, bütün teleqraf və telefon xətləri kəsilir.

Üsyan yatırılandan sonra, demək olar ki, bütün izlənilən və nəzarətdə olan üsyançılar bir həftə ərzində məhv edilir. Üsyançılara çox şey vəd etmiş Xocayev onları aldadaraq imdadlarına yetmir. Üsyançılar nəfəsləri ağızlarından çıxanadək ümid edirdilər ki, QPU-da böyük səlahiyyət sahibi Xocayev özü, özü də olmasa, onun bir sözünü iki etməyən Əzrayıl Vasili Yakofidinin əli ilə onlara lazımi kömək göstəriləcək, ən azından onları güllələnmədən qurtaracaq. Ancaq Xocayev onlara elə kələk gəlmişdi ki, düşdükləri quyunun bu qədər dərin olduğunu bilmədilər. Bu, yalnız milis rəisi Həbib Seyidova bəlli idi. 

Fevralın 23-də üsyançılar, onlara başçılıq edən qaçaqlar bir-bir gəlib yerli hökumətə təslim oldular. 22 nəfərlik dəstə ilə birlikdə razılığa gəlməyən yalnız Düyərlidən Hacı Əhməd, Cırdaxan kəndindən Molla Mahmud, bir də Tatarlı kəndindən Xanputa ağa idi. Axtarışlar uzun çəkmədi. NKVD və QPU əməkdaşları Molla Mahmudu Tiflisdə bir xəstəxanadan tutub gətirdilər. Hacı Əhməd Düyərli kəndinin altında qoyun yatağında tapıldı. Hacı Əhmədlə atışmada 3 adam öldürüldükdən sonra yaralı vəziyyətdə 18 yoldaşı ilə birlikdə təslim oldu. Hamısını Zəyəmdə əksinqilabçılar üçün yaradılan düşərgəyə gətirdilər.

Düşərgəyə gətirilənlərin əksəriyyətini Həbib Seyidov yaxından tanıyırdı. Əli çatanı müxtəlif cəzalandırma yolu ilə düşərgədən çıxarmağa çalışırdı. Amma Vasili Yakofidinin adamları onu addım-addım izləyirdi, hər hansı bir məsələyə müdaxilə etməyə imkan vermirdilər. "Bax gör dostunu necə öldürürük", - deyə Hacı Əhmədin üstünə qaz yağı töküb diri-diri yandırdılar. Digərlərini üç qrupa ayırdılar - birinci qrup Düyərli kəndində güllələndi, 70 nəfərlik ikinci qrupu Zəyəmə yaxın Sarıtəpə deyilən ərazidə öldürdülər, meyitləri bir xəndəyə atıb üstlərini torpaqladılar. Üçüncü qrupu isə Bakı adı ilə qatarla hara göndərdikləri heç kimə bəlli olmadı. 

Nəzarətdə

 

Həbibin ikinci həyat yoldaşının atası əslən Qaracəmirlidən tanınmış mülkədar Məşədi Piri idi. Onun həmin kənddən məşhur qaçaq Ramazan oğlu Rüstəmlə, qardaşı Qaçaq Təhməzlə, Keçilidən qaçaq dəstə başçısı quruluxlu Əbdüləliylə, cümhuriyyətin parlaman üzvü, yeni quruluşun qatı düşməni, "Allahlılar partiyası"nın rəhbəri Hacı Əhmədlə gizli görüşlərindən rayon rəhbərliyi, xüsusən də Dövlət Siyasi İdarəsinin Şamxor şöbəsi xəlvəti məlumatlar toplamışlar. Vəzifə səlahiyyətləri çərçivəsində yeni hökumət başçılarının xoşu gəlmədikləri insanlarla görüşünə, əlaqəsinə görə Həbibi aradan götürməyə cəhd edirdilər. Komissarın aradan götürülməsinin üzə vurulmayan və gizli saxlanılan səbəbləri sırasında onun rus dilini yaxşı bilməsi, siyasi cəhətdən yetkinliyi, habelə lazım gələndə əksinqilabçılara qayda və qanunları, hüquqlarının hara qədər olduğunu başa salması və bəzən onların haqlı tələblərinin bərpasında böyük cənfəşanlıq göstərməsi dayanırdı. 

Qiyamçılar tutulub cəzalandırılandan təxminən 15 gün sonra - 1931-ci il martın 1-də Həbib Seyidovu rayon milis şöbəsinin rəisi vəzifəsindən azad edib pambıq şirkətinə müdir göndərirlər. Burada da bir müddət çalışdıqdan sonra Qəza Kolxozlar Birliyinin təşkilati işlər bölümünə rəhbər təyin edirlər.

H.Seyidov Bakıda olanda Şamxor NKVD-sinin rəisi Vasili Yakofidi gizli olaraq oradan-buradan onun barəsində dosyelər toplayırdı. Hazırkı rayon Mərkəzi Kitabxanası binasının Həbib Seyidov, Məhərrəm Əliyev və Məmməd Həsənovun şəxsi vəsaiti hesabına başa gəldiyini biləndə bir anlığa fikrə getdi: "Deməli, Seyidov bir tərəfdən qaçaqlara-quldurlara havadarlıq edir, bir tərəfdən də azərbaycanlı gənclərin maariflənməsi, kitab oxuması, elmli, savadlı olması üçün rayonda kitabxana açılmasına çalışır. Ay-hay, görərsən!" deyib neçə vaxtdan bəri beynində dolandırdığı fikri tezliklə həyata keçirməyi qətiləşdirir.

Həbib Bakıdan qayıdan günün səhəri iş yerinə gedəndə yaxşı tanıdığı çavuş Paşa çəkinə-çəkinə ona yaxınlaşıb deyir:

- Yoldaş Seyidov, Siyasi İdarənin rəisi Vasili Yakofidinin əmri ilə sizi həbsxanayadək ötürməliyəm. 

- Yaxşı, onda idarəyə, iş yerimə gedək, müəyyən şeyləri oradakılara təhvil verim, gedək.

Elə də edirlər, Həbib kabinetə girən kimi idarənin rəhbəri Həmid Mirzəyevə telefon açıb bu barədə məlumat verdikdən sonra həbsxanaya gedir, Həbibi oradakı qiraətxanaya salırlar. 

Bir gün sonra siyasi idarədə vəzifə sahibi olan İsa Fətəliyev onun yanına gəlib deyir: "Yoldaş Seyidov, sizi Siyasi İdarəyə çağırırlar".

Bərabər gedirlər, Həbib daxil olduğu otaqda adını bilmədiyi bir gözü kor rus məmur əyləşmişdi. Nəhayət, suallar sıralanır, bütün məsələlər bir il əvvəl baş vermiş üsyana təşəbbüs edən Hacı Əhməd və məşhur qaçaq dəstə başçısı quruluxlu Əbdüləli ilə görüşləri üzərində qurulmuşdu.

İyunun 9-da Vasili Yakofidinin yanında işləyən tatarəsilli təhlükəsizlik müstəntiqi Seyfəddin İsmayılov gəlib Həbibi Siyasi İdarəyə apardı. Bu dəfə Vasili Yakofidinin yanında oldu. Milis rəisini çox yaxşı tanıyan V.Yakofidi ona bir sıra öyüd-nəsihət verdikdən sonra deyir:

- Bilirsən, dövlət işlərində bir çox xəyanətlər etmisən, bunlar dəlillərlə sübut olunmuşdur. Bunlara görə deyəcəyin bir şey varmı?

- Deyəcəyim heç nə yoxdur. 

- Elə isə sən get, lazım olan köməyi göstərəcəyimə güvənə bilərsən, - deyib söhbətin bitdiyini bildirdi. 

Seyfəddin İsmayılov yenidən Həbibi gətirib həbsxanaya təhvil verdi.

Axşamtərəfi Vasili Yakofidinin idarəsində makinada yazan xanımın köməkçisi rus qadın növbəti dəfə əlində vərəq Həbibin yanına gəlir. Kağızda onun Bakıya - mərkəzi QPU rəisinin sərəncamına göndəriləcəyini, ona görə hazırlaşmalı olduğunu bildirir. Hətta arayışın sonunda "Bəlkə də bu gecə göndərilə bilərsiniz" yazılmışdı.

Arayışı oxuyandan sonra Həbib imza edib qadına qaytarır.

Bu an qadın Həbibə nəyi isə anlatmaq istəyirmiş kimi: "Bəlkə bir daha görüşmədik, haqqını halal et!" deyib ayrılır.

Qadın getdikdən sonra Həbib işin içində qərəz və kin olmasından vahimələndi, bir xeyli əsəbiləşdiyini hiss etdi. Çünki həyatda olan, Vasili Yakofidiyə gecə-gündüz ölüm arzulayan Hacı Əhmədin 14-15 yaşlarındakı qardaşı oğlanları onun Hacı Əhmədlə görüşdüyünü etiraf etmiş və bu barədə ifadə vermişdilər. Bu da Həbibin edamı üçün kifayət idi. Elə isə vaxtı itirmək yox, zamanı qabaqlamaq gərəkdi. 

Milis rəisi Həbib Seyidov həbsxanaya salınan gündən həbsxana işçiləri, xüsusən də Zəyəm qəsəbəsindən olan, vaxtilə bir para yaxşılığı keçmiş milis çavuşu "bığlı Qoca" (Qoca Vəliyev) onun buradan qurtulmağını arzu edirdilər. Odur ki, Həbib dərhal onlara yaxınlaşıb durumunun ciddi olduğunu və buradan qaçmağın onun üçün yeganə çıxış yolu olduğunu bildirdi. Onlar: "Sən hazır ol, gerisini biz düşünərik", - dedilər.

Azadlıq savaşında

İyunun 9-u gecə saat 22:30-da Həbib artıq həbsxananın çölündə idi. Şəhərdən kənara çıxmağı bacarmış, təxminən 20 dəqiqədən sonra şəhərin şimalında iki kilometrə qədər məsafədə olan almanların kiçik üzüm bağlarına çatmışdı. Birdən şəhər tərəfdən bir-iki güllə səsi eşidildi, bunlar onun həbsxanadan qaçdığını bildirən xəbərdarlıq-atəş səsləri idi. 

Bu güllə səslərindən bir neçə dəqiqə sonra Vasili Yakofidinin söylədiklərinə əsasən, bütün Şamxora yayıldı ki, hərbi komissar, milis rəisi Həbib Seyidov İranın agenti imiş, qaçıb İrana. Kimi də deyirdi: "Bu hökumətə nə etibar, aradan götürüblər, Allah bilir, harada güllələyiblər" və s. 

Komissarın qohum-qardaşı nəzarətə götürüldü, kəndlərdə, ehtimal olunan yerlərdə ciddi axtarış aparıldı, amma Həbib Seyidov tapılmadı ki, tapılmadı.

* * *

Həbib Seyidov isə bir neçə ay Dərbənddə, Rusiyanın müxtəlif ərazilərində qısamüddətli gizli yaşadıqdan sonra Türkiyəyə mühacirət edir. 36 ildən sonra qohum-əqrəbasına məlum olur ki, sağdır. Türkiyədə "Həbib Gəncəli" kimi tanınan mühacir komissar 1979-cu ildə İstanbulda dünyasını dəyişmişdir.

Rəhman SALMANLI, 

"Azərbaycan"

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr