ABŞ İsrailin “Israel Hayom” nəşrinə görə, HƏMAS-ı ciddi şəkildə xəbərdar edib. Vaşinqton bildirib ki, əgər Qəzza zolağında saxlanılan israilli girovlara hər hansı zərər dəysə, təşkilatın xaricdəki liderləri İsrail tərəfindən zərərsizləşdiriləcək.
Musavat.com xəbər verir ki, mənbələrin məlumatına görə, hazırda Qəzzada sağ qalan israilli girovların sayı 8–10 nəfər arasında dəyişir. ABŞ tərəfi aydın şəkildə bəyan edib ki, İsrailin cavab addımlarına mane olmayacaq və müharibənin yeganə dayandırılma yolu onun rəsmi şəkildə bitməsi və bütün girovların azad olunmasıdır.
Bundan başqa, Vaşinqton HƏMAS-dan girovların sağlamlığı barədə dəqiq məlumat verməyi, həmçinin onlara ərzaq və dərman çatdırılmasına zəmanət verməyi tələb edib. Lakin HƏMAS bu şərtlərə hələ cavab verməyib.
“The Times of Israel” yazır ki, ABŞ, Qətər və Misir girovların azad edilməsini və HƏMAS-ın əvəzinə yeni administrasiyanın yaradılmasını nəzərdə tutan atəşkəs planı hazırlayır. İsrail bildirib ki, “real razılaşma” əldə olunacağı təqdirdə Qəzza şəhərinə hücumdan imtina etməyə hazırdır, lakin hələ konkret təklif yoxdur. Öz növbəsində, HƏMAS yalnız İsrail qoşunlarının tam çıxarılması və humanitar yardımın sərbəst girişini nəzərdə tutan şərtlərlə razılaşacağını vurğulayıb.
Musavat.com