AZ

Bəşər Əsəd ailəsinin ümumi avtomobil parkının dəyəri açıqlandı - 1 milyard dollar… Ailənin dəbdəbəli avtomobilləri satışa çıxarıldı


Suriyada devrilmiş rejimin başçısı Bəşər Əsəd və ailəsinə məxsus dörd dəbdəbəli avtomobil hərraca çıxarılıb. Avtomobillərin təxmini dəyərinin 20 milyon dollar olduğu bildirilir.

Suriya prezidenti Əhməd əl-Şara Suriya İnkişaf Fondunun açılış mərasimində Əsəd rejiminin ölkə iqtisadiyyatını məhv etdiyini bildirib: "Devrilmiş rejim iqtisadiyyatımızı məhv etdi, sərvətlərimizi qarət etdi, evlərimizi viran qoydu, insanlarımızı düşərgələrə və yad torpaqlara köçməyə məcbur etdi ".

Şaranın göstərişi ilə devrilmiş lider Əsəd və ailəsinə məxsus dörd dəbdəbəli avtomobil hərraca çıxarılıb. Avtomobillərin təxmini dəyərinin 20 milyon dollar olduğu bildirilir və satışdan əldə edilən bütün gəlirlərin ölkənin yenidən qurulması layihələrinə bağışlanacağı açıqlanıb.

Hərraca çıxarılan dörd avtomobilin Dəməşqdəki Prezident Sarayının əsas qarajında ​​yerləşən kolleksiyadan seçildiyi və kolleksiyaya 40-dan çox şəxsi avtomobilin daxil olduğu bildirilir.

Hərraca çıxarılan dörd avtomobildən biri “Ferrari F50” olub, onlardan yalnız 349 ədəd istehsal edilib və 3 milyon dollar dəyərində qiymətləndirilir. Həmçinin hərraca təxminən 2 milyon dollar dəyərində “Ferrari F12 Berlinetta”, 1 milyon dollar dəyərində “Lamborghini Murciélago” və 1-1,5 milyon dollar arasında dəyişən “Aston Martin” avtomobili çıxarılıb.

Əsəd ailəsinin 300-ü Prezident sarayında olmaqla, ümumilikdə təxminən 1330-dan çox avtomobilinin olduğu bildirilir. Bəşər Əsədin qardaşı Mahir Əsədə məxsus olduğu bildirilən qarajda isə 1500-dən çox avtomobil var. Ailənin ümumi avtomobil parkının 1 milyard dollar dəyərində olduğu təxmin edilir.

Yeni hökumət Əsəd ailəsindən ələ keçirilən aktivləri nağdlaşdıraraq İnkişaf Fondu vasitəsilə yenidənqurma işlərini sürətləndirməyi və infrastrukturu gücləndirməyi hədəfləyir.

TAHİR

Seçilən
4
baki-xeber.com

1Mənbələr