AZ

Kadırovdan Putinə “ayı xidməti” -Ukrayna udulası “tikə” deyil!

İşğalçı hədəflərinə tam çata bilməyən Rusiya Ukraynada mülki obyektləri getdikcə daha tez-tez raket və dron hücumuna məruz qoymaqdadır. Bu isə beynəlxalq qaydalara görə, müharibə cinayətləri sayılır. Getdikcə daha da azğınlaşan Rusiya tərəfi ötən gecə ilk dəfə olaraq Ukraynanın hökumət binasını da vurub.

Başqa bir hücum zamanı yenə dinc insanlar arasında tələfat olub. Həlak olanlar arasında ana və onun iki aylıq körpəsi də var. Belə getsə, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya rəhbərliyinin məsələsinə təzədən baxacaq...

Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov Roma Parasından artıq katolik olmağa çalışaraq, bəyan edib ki, hərbi əməliyyatların başa çatması indi Moskva üçün "sərfəli deyil" və müharibənin bitməsi "Ukraynanın Rusiya Federasiyasının bir vilayətinə və ya mahalına çevrilməsi" halında mümkündür.

"Cəbhə bölgəsindəki hazırkı vəziyyəti nəzərə alaraq, heç də hərbi əməliyyatların dayandırılmasının tərəfdarı deyiləm. İndi döyüş əməliyyatlarını dayandırmaq bizim üçün sərfəli deyil. "SVO"-nun (rusların işğalçı müharibəyə qoyduqları eybəcər ad - red.) məqsəd və vəzifələri havadan götürülmür. Bunlar bütün ölkəmizin təhlükəsizliyinin təminatıdır. Sərhədlərimizdə sülh yalnız o zaman mümkündür ki, Ukrayna Rusiyanın bir bölgəsinə çevrilsin", - Kadırov sayıqlayıb...

Sirr deyil ki, azsaylı çeçen xalqının kişi xeylaqlarını boş yerə, imperiya maraqları naminə Ukraynada qırğına verən Ramzan Kadırov Putinə ən yaxın adamlardan biridir. Eyni zamanda o, Kreml başçısının etibar etdiyi azsaylı şəxslərdən sayılır. Yəni Çeçenistan rəhbəri Rusiya prezidentinin Ukrayna ilə bağlı gerçək niyyətlərindən bixəbər ola bilməz.

Bu mənada onun söylədiklərini aşağı-yuxarı, Putinin mövqeyi kimi qəbul etmək lazım gəlir. Hərçənd üzdə rəsmi Moskva ən yüksək səviyyədə guya heç bir başqa dövlətə, özəlliklə qonşulara qarşı pis niyyətinin olmadığına dünyanı, Qərbi inandırmağa, gözdən pərdə asmağa çalışır. Amma hamı bilir ki, bu, belə deyil. Əksidir...

Hər halda bu, həmin Putindir ki, vaxtilə Krımın Rusiyaya birləşdirilməsi ideyasını "axmaqlıq" adlandırmışdı. Amma artıq nəinki Krımı zorla Rusiyaya birləşdirilib, üstəlik, 4 ildir beynəlxalq hüquqa və bəşəri dəyərlərə tamamən tüpürərək, Donbas uğrunda təcavüzkar müharibə aparır...

Putin təbii ki, Ukraynanı öz ölkəsinin bir parçası, muxtar qurumu və ya vilayəti qismində görmək istərdi. Unutmayaq ki, bu ölkəni ilk dəfə "Lenin tərəfindən yaradılan süni dövlət" adlandıran məhz Putin olub. Təkcə Ukraynamı? Qazaxıstana da eyni nəzər və iştahla baxırlar...

Ancaq nə Ukrayna, nə Qazaxıstan, nə də digər hansısa postsovet ölkəsi, hətta Belarus udulası tikə(lər) deyil. O səbəbə quberniya, vilayət arzuları ürəklərində qalacaq. SSRİ-2 xülyası kimi. Çünki gecdir. Bu xüsusda Kadırov Kremlin "kartları"nı açmaqla əslində sonuncuya "ayı xidməti" göstərib.

Ukrayna isə döyüş meydanında da baş tutmuş dövlət olduğunu artıq təsdiqləyib və təsdiqləməkdədir. Rusiyanın, onun Ramzan Kadırov çaplı sadiq qulbeçələrinin və onların zombiləşdirilmiş silahlı dəstələrinin cavabını layiqincə verib və verməkdədir. Odur ki, qoy Kadırov kimi xalqına qənim kəsilmiş xainlər özlərinin və havadarlarının dərdini çəksinlər ki, Putindən sonra onları və "xalqlar həbsxanası" Rusiyanı nə gözləyir?..

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

10Mənbələr