AZ

670+ bal toplayanların ICPC fiaskosu

Bilirəm, çox vacib işlərlə məşğulsunuz, başınız Şərurlu İsfəndiyarın köynəyinin qiymətini hesablamağa qarışıb. Ancaq bu ölkənin ana mediasının böyük qismi intellektual olmalıdır. Bu, dövlət başçısının milli xəbər yayımları qarşısında qoyduğu əsas vəzifələrdən biridir və çox şadam ki, baş redaktoru olduğum AzNews.az analitik-informasiya portalı bu sarıdan azsaylı nümunələrdən biridir. Başqa sözlə, nə Şərurlu İsfəndiyarın üst, nə də hansısa şou nümayəndəsinin alt köynəyi bizim üçün xəbər dəyəri daşıyır.

Mətləbə gəlməmiş yadınıza bəzi məqalələrimi də salım. Dəfələrlə yazmışdım ki, məsələn, BANM-ə 670-700 bal civarında keçid ballarının formalaşması Azərbaycan təhsili adına böyük risklər yaradır. Bu risklərin yaranmasında BANM-in özünün heç bir günahı yoxdur. Tam əksinə, rektor Elmar Qasımova təşəkkür etmək lazımdır ki, qısa zamanda məzunları özünə cəlb edən, prestijli universitet yaradıb. Problem Dövlət İmtahan Mərkəzinə, onun sisteminə bağlıdır. Bu sistem elm və təhsil məsələlərinə həssaslıqla yanaşan bütün irəli düşüncəli aydınlarımızın fikrincə, Azərbaycan təhsilini fəlakətə çatdırıb. Fakt istəyirsinizsə, deyim.

ICPC-2025 yarışması üzrə 70-dən çox ölkənin 139 komandası arasında Bakı Ali Neft Məktəbinin tələbələri 127- ci yeri tutub. ICPC proqramlaşdırma üzrə universitetlər arasında dünyanın ən nüfuzlu və texnoloji şirkətlərinin ən çox diqqətində olan müsabiqədir. Bu müsabiqədə bizim Texniki Universitetin tələbələri ilk 20-likdə təmsil olunmalı idi, amma 670+ ballarla BANM-ə daxil olanlar heç ilk yüzlüyə də düşə bilmədi. Səbəb yenə də BANM-də deyil. Çünki təhsil sistemi istedadları erkən yaşlarından üzə çıxarmalı, relsə salmalı, inkişaf etdirməlidir. Ali məktəb alt bazası olmayan orta məktəb məzunundan arzuladığımız səviyyədə kadr hazırlaya bilməz. Necə ki, alt bazası olmayan milli futbol komandamızın qapısı aşsüzənə dönməyə məcburdur, eləcə də orta məktəbi repetitor bazarına "uduzmuş" təhsil sisteminin təmsilçiləri ICPC-2025 heç olmasa 25 komandadan qabaqda olmağa da qadir deyil.

Bizim "Təhsil haqqında" qanunumuzun 4.0.2 bəndinə görə, ölkədə təhsilin məqsədi "... geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq"dır. ICPC-2025-in nəticələrinə əsasən soruşuram: hanı geniş dünyagörüş? Hanı nəzəri və praktik biliklər? Hanı müasir təfəkkür? Hanı rəqabət qabiliyyəti? Xanımlar və cənablar, söhbət bir daha deyirəm 670+ bal toplayanların müsabiqədəki tutduğu yerdən, göstərdiyi nəticədən gedir, mənim kimi bisavadların yox...

Odur ki, gəlin, rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaqdan yox, hazırlamamağın gözlənilən nəticələrini düşünək. Süni İntellektin bütün həyatı yenidən qurmağa başladığı bir dünyada Azərbaycanın proqramistlərə malik olmaması o deməkdir ki, biz digital müstəmləkəyə çevriləcəyik. Bu o deməkdir ki, başqa ölkələri heç demirəm, qonşularımız- Gürcüstan, Ermənistan, İran, Türkiyə, Rusiya riyazi və texniki elmlərə verdiyi önəmlə- onların Texniki Universitetlərinin ranqına baxın- bizdən öndə olacaqlar. İsrail peycerlər vasitəsi ilə "Hizbullah"ın başına nə oyun gətirdi, gördünüz. İndi elmi-texniki üstünlüyə malik olmağa daha böyük tabloda baxın. Digital üstünlüyü olanlar dilimizi, tariximizi, sosial kodlarımızı, iqtisadiyyatımızı, siyasətimizi, suverenliyimizi əlimizdən alacaqlar. 10-15 il öncə RƏQƏMSAL SUVERENLİK deyə bir anlayış yox idi. Amma indi var. Ərazi suverentliyini qorumaq üçün dövlətin orduya ehtiyacı var, rəqəmsal suverenliyi qorumaq üçün proqramçıya.

Nazirlər Kabinetinin qərarı ilə bu il ali məktəblərdə proqram təminatı mühəndisliyi ixtisası açılmalı idi. Başı öz verdiyi diplomların funksionallığını sıradan çıxarmağa qarışmış Elm və Təhsil Nazirliyi NK-nın qərarını yerinə yetirmədi, həmin ixtisas ali məktəblərə qəbul proqramında yer almadı. Dövlət İmtahan Mərkəzi bu il yanvarın 13-dən sentyabrın 1-dək magistraturaya qəbul prosesi aparıb. Elan müddəti səbəbindən maksimum 1,5 ay çəkəcək prosesi DİM 9 ay uzadır, dəfələrlə qəbul keçirdir, alt qrup, üst qrup, yan qruplar düzəldir. Eynşteynin kainatın əsas qanununu izah edən düsturu budur- E=mc². Bir də DİM-in bizim orta məktəb məzunlarının "biliyini ölçən" düsturlarına baxın, sanki 7777-ci boyutu kəşf edib, onun simulyasiyasını proqramlaşdırırlar. DİM-in sayəsində gündən-günə genişlənən "qara təhsil bazarı" isə ona gətirib çıxarır ki, şagirdlərimiz riyaziyyat olimpiadalarından, tələbələrimiz proqramlaşdırma yarışmalarından əlləri ətəklərindən uzun dönürlər.

Seçilən
3
aznews.az

1Mənbələr