BAKI, 8 sentyabr. TELEQRAF
SOCAR ilə Uruqvayın Yanacaq, Spirt və Limanlar Milli Administrasiyası arasında əməkdaşlıq imkanları, xüsusilə enerji sahəsində qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması imkanları müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvay Şərq Respublikasına səfəri çərçivəsində Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeria Csukasi ilə görüşüb.
Tərəflər yaşıl enerji və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd ediblər.
Görüşdə Azərbaycan iqtisadiyyatı, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər də diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanla Uruqvay arasında indiyədək iqtisadi, gömrük, mədəniyyət və digər sahələri əhatə edən ümumilikdə altı sənəd imzalanıb. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.
Uruqvayın sənaye, enerji və mədənçilik naziri Fernanda Kardona ilə görüşdə bildirilib ki, Uruqvay şirkətlərinin Azərbaycana investisiya qoyuluşu üçün böyük potensial mövcuddur. Xüsusilə bərpa olunan enerji, yaşıl texnologiyalar, infrastruktur, nəqliyyat və sənaye sahələrində geniş əməkdaşlıq imkanları var. Ələt Azad İqtisadi Zonası xarici investorlar, o cümlədən uruqvaylı sərmayədarlar üçün geniş imkanlar açır.