Elm adamları böyük partlayışdan cəmi 90 milyon il sonra formalaşmış ola biləcək obyekt kəşf ediblər. Təsdiqlənərsə, bu kəşf indiyədək bilinən ən qədim qalaktikanı 200 milyon il geridə qoyaraq mütləq rekord olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Naked-science.ru” məlumat yayıb.
Bu günə qədər təsdiqlənmiş ən qədim qalaktika Ceyms Uebb Kosmik Rəsədxanasının məlumatlarından istifadə edilməklə kəşf edilən "MoM-z14" qalaktikasıdır. O, kainatın 280 milyon il yaşı olanda mövcud idi.
İtaliyanın Padua Universitetindən Covanni Qandolfinin rəhbərlik etdiyi alimlər milyonlarla ulduz arasında çox kiçik, lakin parlaq bir obyekt aşkar ediblər. “Kapotauro” adlandırılan obyektin qırmızı sürüşməsi 32-dir ki, bu da onun böyük partlayışdan cəmi 90 milyon il sonra mövcud olduğunu göstərir. İlkin hesablamalara görə, kütləsi Günəşdən milyard dəfə böyük ola bilər.
Lakin elm adamları ehtiyatlıdır, obyekt qeyri-adi dərəcədə parlaq görünür və bu, hazırkı modellərlə izah edilmir. Bəzi mütəxəssislər siqnalın uzaq qalaktikadan deyil, Süd Yolundakı qəhvəyi cırtdandan qaynaqlana biləcəyini düşünür.