AZ

Goranboyda TIR mağazaya çırpılıb, sürücü xəsarət alıb - YENİLƏNİB - HADİSƏ ANI

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sentyabrın 7-də saat 16:30 radələrində Bakı–Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, ilkin araşdırmalara əsasən, “Mercedes” markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Ali Şimşek idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi uzun məsafələrə səfərə çıxan sürücülərə yenidən müraciət edərək diqqətə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq istirahət etmək, səhhətə diqqət yetirmək, hərəkət zamanı isə fasilələrlə dincəlmək həyati zərurətdir. Yorğun, diqqətsiz və hazırlıqsız halda sükan arxasına əyləşmək qəza riskini dəfələrlə artırır.

Qurum sürücülərə xatırladır ki, sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və diqqətin yalnız yola yönəldilməsi yol-nəqliyyat hadisələrinin qarşısını almağın əsas şərtlərindəndir: "Unutmayın: qaydalara əməl etməklə siz yalnız özünüzü deyil, digər hərəkət iştirakçılarının da həyatını qoruyursunuz".

***

7 sentyabr, 17.20

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 2002-ci il təvəllüdlü Ş.T.Əli oğlunun idarə etdiyi "Mercedes" markalı TIR Bakı- Qazax yolunda Gəncə istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib. TIR dəmir arakəsməni qıraraq yolun əks istiqamətinə keçib və yol kənarında dayanmış VAZ 2104 markalı avtomobili vurub. Daha sonra Goranboy şəhər sakini T.Xəlilova məxsus obyektə çırpılıb.

Hadisə zamanı TIR-ın sürücüsü xəsarət alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.

Goranboyda Goranboyda
Seçilən
17
9
apa.az

10Mənbələr