Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və icbari sığorta” mövzusunda növbəti maarifləndirmə təlimi keçirilib.
Təlim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Kəngərli rayonunda fəaliyyət göstərən 30 dövlət müəsisəsini təmsil edən 32 nümayəndə iştirak edib.
Görüş zamanı Mərkəzin əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçılara işçilərin əməyinin mühafizəsi, onların sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması barədə ətraflı məlumat veriblər. Təlimdə, həmçinin müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, eləcə də Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri barədə iştirakçılar məlumatlandırılıb.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.