AZ

TOGG T10F modelinin satış tarixi açıqlanıb

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyənin yerli avtomobil markası TOGG, yeni modeli T10F-i 15 sentyabrda Türkiyədə, 29 sentyabrda isə Almaniyada ön sifarişə təqdim edəcək.

TurkicWorld xəbər verir ki, modelin satış qiyməti isə sifarişlərin başladığı gün elan olunacaq.

IAA Mobility 2025 sərgisində (Münhen) təqdim olunan T10F və T10X modelləri ilə TOGG, Avropa bazarına rəsmi girişini edib. Şirkət həmçinin hər iki modelin Euro NCAP təhlükəsizlik testlərindən ən yüksək bal olan 5 ulduz aldığını açıqlayıb.

TOGG İdarə Heyətinin sədri Fuat Tosyalı, bunun Türkiyə sənaye tarixi üçün mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.

“Daha əvvəl ölkəmizdə qazandığımız uğuru Avropa bazarına da daşıyırıq. 29 sentyabrdan etibarən həm T10X, həm də T10F modeli Almaniyada ön sifarişə açılacaq. Ardınca digər Avropa ölkələrinə də addım atacağıq”- deyə o bildirib.

TOGG CEO-su Gürcan Karakaş, 2021-ci ildən Almaniyada qurulan Togg Europe GmbH vasitəsilə Avropalı istifadəçilərin gözləntilərinə uyğun həllər hazırladıqlarını bildirib. Onun sözlərinə görə, Almaniya geniş elektrikli avtomobil infrastrukturu ilə ən uyğun başlanğıc bazarı seçilib.

Karakaş əlavə edib ki, TOGG-un ağıllı cihazları və Trumore platforması Avropa bazarında da fərqli istifadəçi təcrübəsi təqdim edəcək.

Yeni “Urla” yaşıl və “Mardin” mavi rəngləri ilə təqdim edilən T10F-in dizaynı Türk mədəniyyətindən ilhamlanan lalə motivləri ilə zənginləşdirilib.

Salonda panoramik şüşə tavan, geniş ekran, yeni sükan dizaynı və yüksək keyfiyyətli materiallar sayəsində aydınlıq və rahatlıq hissi ön plana çıxır.

IAA Mobility 2025 sərgisində ziyarətçilər Königsplatz ərazisində T10F və T10X modelləri ilə test sürüşü imkanı əldə edə biləcəklər.

Seçilən
8
turkic.world

1Mənbələr