AZ

"Tramp istəsə də, istəməsə də, hansısa addım atmalı olacaq" -Açıqlama

"Hazırda Amerika Prezidenti Donald Tramp gözləyir ki, Rusiya Prezidenti Vladimir Putin hansısa bir formada yumşalmağa gedə bilər. Yəni Putinlə bir dil tapmaq, ümumi konsensus əldə etməklə münaqişəni dayandırmaq mümkün olacaq".

Bu fikirləri Redaktor.az-a politoloq Samir Hümbətov Amerika Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin sona çatdırılması ilə bağlı səylərindən danışarkən bildirdi.

"Açığı, Rusiya müharibəni dayandırmaqda maraqlı olmadığını hələ ki, nümayiş etdirir. Sözdə başqa cür desə də, əməldə vəziyyət belədir. Putinin bu mövqeyi Trampı artıq müəyyən qərarlar verməyə vadar edir və Tramp da başa düşür ki, əgər Putin öz xoşu ilə məsələni həll etməsə, artıq onun mövqeyi dəyişməlidir. Əslində, Tramp Alyaska görüşündən sonra nisbətən ümidli idi ki, məsələ həll oluna bilər, ən azından sülh üçün müəyyən addımlar atıla bilər. Amma indi görür ki, yox, bu mümkün olmur. Rusiya tərəfindən dəyişiklik yoxdur".

Müsahibimizin sözlərinə görə, Trampın Rusiyaya göstərə biləcəyi ən böyük təsir mövqeyinin dəyişməsi və Rusiyanı ciddi şəkildə sanksiyalarla sıxışdırmaq ola bilər:

"Amma bu tədbirlərin nə dərəcədə effektiv olacağı, öz-özlüyündə, sual doğurur. Digər tərəfdən isə Ukraynanın silahlandırılmasını gücləndirmək mümkündür ki, bu da müdafiə qabiliyyətini artırmaqla Rusiyaya müəyyən təsir göstərə bilər. Beynəlxalq miqyasda Rusiya ilə ticarət edən bəzi dövlətlərə təsir göstərərək onların Rusiya ilə əməkdaşlığını azaltmaq və ya dayandırmaq istiqamətində addımlar atıla bilər. Bu yollarla müəyyən mənada Rusiyanı sıxışdırmaq istəyə bilər. Amma bu qədər itkiləri gözünün qabağına alan Putin və yaxud da Rusiya bununla dayanacaqmı? Bu, təbii ki, sual doğurur. Hələ ki, bilinmir. Amma hər bir halda belə proseslərin baş verməsi qaçılmazdır. Tramp istəsə də, istəməsə də daxili auditoriyanın və beynəlxalq basqıların qarşısında məcburən hansısa addım atmalı olacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
70
redaktor.az

1Mənbələr