AZ

Azərbaycanda bunca xammal var, belə vacib müəssisə bağlandı - böyük valyuta mənbəyi qapanır...


Problem “tələb yoxdur” deyil, “rəqabət mühiti, idarəetmə və xərclər əlverişli deyil” məsələsidir

Oktyabrın 22-də “Azərşin”ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə müəssisənin fəaliyyətinin dəyərləndirilməsi, fəaliyyətinin olmaması ilə bağlı ləğv edilməsinin müzakirə olunması, ləğvlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilməsi və səlahiyyətlərin verilməsi, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər məsələlər daxildir.

Bu qədər önəmli bir müəssisə niyə özünü doğrultmadı, niyə işləmədi? Axı Azərbaycanda kifayət qədər xammal var, bazar var, üstəlik onu ixrac da etmək olar...

Azərbaycanda çox önəmli hesab edilən bir müəssisə olan şin istehsalçısının özünü doğrultmamasının və fəaliyyət göstərməməsinin səbəbləri çoxşaxəlidir və bu, yalnız xammal və bazar kimi sadə komponentlərlə izah edilə bilməz. Müəssənin bağlanmasınıň daha əsaslı səbəbləri var.

Məlumata görə, “Azərşin” ASC-nin səhmdarlarının oktyabrın 22-nə planlanan ümumi yığıncağında müəssisənin fəaliyyətinin dəyərləndirilməsi və fəaliyyətin olmaması səbəbindən ləğv edilməsi məsələsinin müzakirə olunması gündəlikdədir. Bunun özü göstərir ki, müəssisənin sadəcə istehsalçı kimi uğursuzluğu deyil, həm də onda artıq fəaliyyətin davam etdirilməsi üçün zəruri şərait, motivasiya və ya dəstək yoxdur.

Sənaye sektorunun işgüzar fəallıq indeksi 2024-cü ilin mart ayı ilə 2025-ci ilin mart ayı arasında kəskin azalaraq 11.93-dən 2.11-ə enib. Bu, struktur səviyyəsində sənayenin zəiflədiyindən xəbər verir və təkcə bir müəssisənin probleminə işarə etmir, ümumi sektor problemi mövcuddur.

Digər indekslərdən də göründüyü kimi, tikinti sektorunda müsbət dinamika olsa da, pərakəndə ticarət sektorunda tələbat da zəifləyib, bu da istehsalatın kompleks olaraq yaratdığı ekosistemlərin genişlənməsinə mənfi təsir göstərir.

Eyni zamanda, real problemlər sırasında korporativ mafiyalaşma, dövlət bürokratiyası, gömrükdəki lənglik və inhisarların fəaliyyəti yer alır.

Əsas problem gömrük departamentindəki inhisarçılıqdır ki, bu şirkətlərin ixrac-idxal əməliyyatlarını ağırlaşdırır. Üstəlik, “əgər sən investisiya qoyub istehsalat qursan, layihən ya paylaşdırılar, ya da əlindən alına bilər” - kimi fikirlər də populyarlaşıb. Hətta bu, reallıqda mövcud olmasa belə, cəmiyyətdə bu cür rəy varsa, psixoloji olaraq istehsalatı zəiflədir.

Bu cür təcrübələr real biznes ətrafında formalaşan çərçivələri göstərir ki, burada yalnız bazar və xammal deyil, həm də hakim strukturun şəffaflığı, idarəetmənin ədalətliliyi və optimallığı rol oynayır.

Digər tərəfdən, Azərbaycanda istehsal xərcləri, yənı enerji, əmək infrastruktur baxımından, məsələn, Çinə nisbətən çox yüksəkdir. Bu da rentabellik səviyyəsini aşağı salır. İdxal rüsumları artırılsa belə, bazar qiymətləri əhalinin yükünü artırır və istehsalın iqtisadi cəlbediciliyini azaldır.

Bir məsələni də vurğulamaq yerinə düşərdi ki, yeni istehsal sahələrinin hökumət tərəfindən yaradılması zamanı aparılan marketinq tədqiqatlarına ciddi nəzarət edilməli, müstəqil ekspertlərin rəyinə istinad olunmalıdır. Çünki nəzəri olaraq çəlbedici olan ideya təcrübi baxımdan uğur qazanmaya bilər. Ona görə də belə layihələr ciddı şəkildə əsaslandırılmalı və buna görə kimsə məsuliyyət daşımalıdır. Belə uğursuz ideyalarla büdcə vəsaitləri göyə sovrulur.

İstehsalı davam etdirmək üçün yalnız xammal və daxili tələbat kifayət deyil. Fəaliyyət üçün institusional dəstək, şəffaflıq, uyğun iqtisadi şərait və bürokratik maneələrin aradan qalxması vacibdir.

Sənaye göstəricilərinin zəifləməsi sektorda dərin problemlərin olduğunu göstərir. Bu, şin istehsalçısı kimi müəssisələrin uğursuzluğunun sistemli səbəblərdən qaynaqlandığını göstərir.

Gömrük, bürokratiya və inhisarlaşma kimi struktur maneələr iş qurmağı və davam etdirməyi ciddi şəkildə çətinləşdirir.

Yüksək xərclər və rəqabət istehsalçıları qiymət cəhətdən qeyri-kompetitiv hala sala bilər.

İqtisadi səmərəsizlik Azərbaycanda istehsal xərcləri (enerji, əmək haqqı, avadanlıq amortizasiyası, logistika) yüksəkdir. Çindən və digər ölkələrdən gətirilən hazır şinlər isə daha ucuz başa gəlir. Bu səbəbdən yerli istehsal bazarda rəqabət apara bilmədi.

İxrac və idxal proseslərində gömrük və bürokratik çətinliklər çoxdur. Monopoliyalar və qeyri-şəffaf tənzimləmə də yeni istehsalçının güclənməsinə imkan vermir.

Sənaye fəallığının zəifləməsi

Son illər ümumilikdə sənaye sahəsində işgüzar fəallıq indeksləri xeyli düşüb. Bu o deməkdir ki, təkcə şin zavodu yox, ümumiyyətlə istehsalat sahəsi sərmayə cəlb edə bilmir.

Daxili bazarda tələb olsa da, keyfiyyət və etibar problemi var. Azərbaycanda milyonlarla avtomobil var, amma istehlakçılar əsasən beynəlxalq markaların şinlərinə üstünlük verir. Yerli məhsulun həm keyfiyyətinə, həm də uzunmüddətli etibarlılığına inam zəifdir.

İxrac potensialı reallaşmadı. Nəzəri baxımdan qonşu ölkələrə ixrac mümkündür, amma yüksək maya dəyəri, rəqabət gücünün zəifliyi və logistik xərclər ixracı faktiki olaraq mənasız etdi. Burada yenə keyfiyyətə inam məsələsi də müəyyən rol oynayır.

“Azərşin” layihəsi yalnız xammal və daxili bazara güvənərək qurulmuşdu. Amma real iqtisadi və institusional şərait bu istehsalı davam etdirməyə imkan vermədi. Başqa sözlə, problem “tələb yoxdur” deyil, “rəqabət mühiti, idarəetmə və xərclər əlverişli deyil” məsələsidir.

Akif NƏSİRLİ

Seçilən
19
baki-xeber.com

1Mənbələr