AZ

Rusiya hökuməti Zəngəzur dəhlizinə 3 yeni alternativ tapıb...


Əli Orucov: “Overçukun dəyərləndirməsi iqtisadi yox, daha çox siyasi motivlidir”

Rusiya Baş nazirin müavini Aleksey Overçuk "RİA Novosti"yə müsahibəsində Zəngəzur dəhlizini şübhə altına ala biləcək bir sıra arqumentlərlə çıxış edib. İddia edib ki, dəhlizdə bir sıra nəqliyyat infrastrukturu üçün çox böyük sərmayə lazımdır.

Guya bir sıra alternativlərə görə ABŞ-ın o layihəyə milyardlarla vəsait yatıracağı real deyil: “İndi uzunluğu təxminən 42 kilometr olan Mehri ərazisindən danışırıq. Deyirlər ki, dəmir yolunun, avtomobil yolunun bərpası, elektrik xətlərinin, boru kəmərlərinin çəkilməsi nəzərdə tutulur. Planlar böyükdür, lakin bunun baş verməsi üçün müəyyən hadisələr baş verməlidir. Aydındır ki, ən azı avtomobil və dəmir yolu hissəsində müvafiq hərtərəfli təhlil aparacaq və investisiya qərarı verəcək investor peyda olmalıdır. İnvestisiyaların qaytarılması gələcək dəmir yolunun tutumundan asılıdır. Sovet dövründə, biz arxiv məlumatlarını qaldırmışdıq, dəmir yolunun Mehri hissəsindən 15 milyon ton yük daşınırdı. Artıq Azərbaycandan onun şərqinə dəmir yolu çəkilir və o, Naxçıvanın mövcud dəmir yolu ilə birləşdiriləcək. Naxçıvandan gələn yüklər birbaşa dəmiryolu ilə Türkiyəyə gedəcək. Türkiyənin Qarsa qədər hissəsinin proqnozlaşdırılan ötürmə qabiliyyəti də 15 milyon ton olacaq. Aydındır ki, Azərbaycandan Türkiyəyə Mehridən keçən dəmir yolu xətti Xəzər dənizindən keçən Orta Dəhliz ilə birləşdirmək məqsədi ilə çəkiləcək. Bu, 2040-cı ilə qədər təxminən 30-40 milyon tona qədər genişləndirməyi planlaşdıran multimodal marşrutdur, lakin indiyə qədər onun imkanları daha təvazökardır və Xəzər çox gözlənilməzdir. Bundan əlavə, Mehridən keçən yolda artıq üç mövcud rəqabət yolu var. Birincisi, bu, Bakı-Tbilisi-Qars dəmir yoludur, hazırda modernləşmə gedir. İkincisi, Türkmənistandan İrandan keçərək Xəzər dənizindən yan keçmək üçün İrandan birbaşa Naxçıvana gedən yol var. Çindən və Mərkəzi Asiya ölkələrindən Avropaya yüklərin Xəzər limanlarında daşınmadan daşınması üçün istifadə olunur. Üçüncüsü, Orta Asiya ölkələrindən yüklər Rusiya vasitəsilə ən rahat və sürətli şəkildə daşına bilər və əgər amerikalılar Mərkəzi Asiyadan faydalı qazıntıların ixracını nəzərdə tutsalar, Ust-Luqa və Murmansk limanlarının imkanlarına baxmaq daha faydalı olardı. Mehri yolunda oxşar marşrutlarla rəqabət şəraitində fəaliyyət göstərməli olacaqsınız və rəqabət həmişə yükgöndərənlər üçün yaxşıdır. Ona görə də bu marşrutun yüklənməsi imkanları ilə bağlı suallar var”.

Bir sözlə, Overçukun müsahibəsindən belə məlum olur ki, 3 alternativ olduğu halda Zəngəzur dəhlizinə ABŞ-ın milyardlarla sərmayə yatırması inandırıcı deyil. Necə deyərlər, şübhə toxumu səpir.

Maraqlıdır, Overçukun bu şübhələri nə dərəcədə realdır?

“Azərbaycan üzərindən qısa və sərfəli yol ola-ola, heç vaxt digər ölkələr alternativ marşrutlara xüsusi önəm verməz”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Overçukun Zəngəzur dəhlizinin rəqabət qabiliyyətli ola biləcəyini şübhə altına alacaq arqumentləri əsaslı deyil: “Əvvəla, Overçukun dəyərləndirməsi iqtisadi yox, daha çox siyasi motivlidir. Bunun da kökündə o dayanır ki, Rusiya heç vaxt bu ölkədən kənar alternativ marşrutların reallaşmasında maraqlı olmayıb. Vaxt var idi Rusiya tərəfi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin perspektivini şübhə altına qoymağa çalışırdı. O cümlədən, Bakı-Tbilisi-Qars dəmir yoluna da bənzər prizmadan yanaşırdı. Ancaq bu şübhəli dəyərləndirmələr özünü doğrultmadı. İndi də gələk, Zəngəzur dəhlizinin iqtisadi perspektivinə. Birincisi, Zəngəzur dəhlizi Overçukun irəli sürdüyü marşrutlardan məsafəcə ən qısasıdır. Bu, daşımalarda çox önəmli faktordur. İkincisi, Horadizdən Ermənistan sərhədinə çəkilən dəmir yolu gələn il hazır olacaq. Naxçıvandan keçən dəmir yolu da modernləşdirilir. Üçüncüsü, Türkiyə Qarsdan Dilucuya qədər 224 kilometrlik dəmir yolunun tikintisinə başlayıb. Dördüncüsü, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 10 milyon ton artırılaraq 25 milyon tona çatdırılması ilə bağlı intensiv iş gedir. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan üzərindən Çindən Avropaya və əks istiqamətdə daha böyük həcmdə yük daşınacaq. 15 milyon ton yük Zəngəzur dəhlizi ilə daşınacaq. Yerdə qalır 10 milyon ton. Bakı-Tbilisi-Qarsın yükdaşıma qabiliyyəti 5 milyon tondur. Deməyim odur ki, Zəngəzur dəhlizinin rentabelli işləməsi üçün heç bir maneə yoxdur. Hətta Ağbənddən İran üzərindən Naxçıvana yol çəkilsə belə, buna zərəri olmayacaq. Overçuk sadəcə, xoş xəyallar qurur. Azərbaycan üzərindən qısa və sərfəli yol ola-ola, heç vaxt digər ölkələr Overçukun sadaladığı marşrutlara xüsusi önəm verməz. Bu, iqtisadiyyatın qanunudur. Bütün bunlardan sonra ABŞ 42 kilometrlik Zəngəzur dəhlizinə niyə sərmayə qoymasın? Nəzərə almaq lazımdır ki, Qərb nəqliyyat-tranzit daşımalarda Rusiyadan asılılığı minimuma endirmək istəyir və bu, strateji hədəfdir. O üzdən, Overçukun səsləndirdiyi arqumentlərin iqtisadi əsası yoxdur”.

Vidadi ORDAHALLI

Seçilən
36
baki-xeber.com

1Mənbələr