AZ

1988-1990-cı illərdə azərbaycanlılara qarşı törədilmiş bir sıra cinayətlərlə bağlı sənədlər məhkəmədə tədqiq olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 8-də davam etdirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-də azərbaycanlılara məxsus “QAZ-21” markalı dövlət qeydiyyat nişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki, həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev, Ş.B.Salmanova və onun azyaşlı övladı olub.

Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah və partlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçin partlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndi şəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızı ifadəsində göstərib ki, iki oğlu ilə birlikdə Xankəndi şəhərində yaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruz qalıb. “Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı” şüarları səsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıb getmələrini bildiriblər. Yaşadığı binanın sakini Ayrapetyan Slavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidən çıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı ev dağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-da Şuşada, Xankəndidə və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktı üzrə olub.

Xankəndi şəhərində azərbaycanlı sakinlərin yaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar üzrə elan olunan sənədlərdən birinə əsasən şahid qismində dindirilmiş Cahangiryan Yuriy Osipoviç ifadəsində göstərib ki, Qarabağ İpək kombinatında “partorq” vəzifəsində işləmiş Koçaryan Robert Setrakoviç “Krunk” adlanan erməni təşkilatının fəal üzvlərindən birinə çevrilərək azərbaycanlılara qarşı milli ədavət və düşmənçiliyin təbliğatını aparmağa başlayıb. O qeyd edib ki, R.Köçəryan azərbaycanlıların qovulması və Qarabağın Ermənistana birləşdirilməsi üçün mitinqlər, yığıncaqlar təşkil edib, işlədiyi kombinatda azərbaycanlı əməkdaşlara qarşı hədə-qorxu gələrək təhqir edib, onların işdən çıxarılmasını həyata keçirib və azərbaycanlı əməkdaşların işdən çıxarılmasını kombinatın erməni olan digər vəzifəli şəxslərindən tələb edib.

Məhkəmədə Şuşa şəhərini blokadaya salmaq məqsədilə 1989-cu il oktyabrın 7-də Xankəndi-Şuşa avtomobil yolunun 14-cü kilometrliyində körpünün partladılması, 1990-cı il fevralın 18-də Yevlax-Laçın yolu ilə hərəkətdə olan “İkarus 250/59” avtobusunun partladılması, nəticədə sərnişinlərin xəsarət alması faktları ilə bağlı sənədlər də elan edilib.

Seçilən
35
37
aznews.az

10Mənbələr