AZ

Çin pulu ölkəmizə gəlir

Asiya nəhənginin maliyyə-bank sektoru ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?

Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin inkişaf dinamikası sürətlə yüksəlir. Hazırda maliyyə, investisiya və bank sektorunda qarşılıqlı təmaslar artır, müxtəlif sənədlər imzalanır. Bir neçə gün əvvəl Azərbaycan və Çin Mərkəzi bankları arasında anlaşma memorandumu imzalanıb. 

Bir sıra mütəxəssislərə görə, Çinlə imzalanan bu sənəd Azərbaycanda kredit faizlərinə mütərəqqi planda təsir edə bilər. Əgər Azərbaycan və Çin arasında kredit xətti yaradılarsa, bu, banklara yuan likvidliyinə daha asan çıxış imkanı verəcək, xüsusilə ticarət əməliyyatlarının maliyyələşdirilməsində valyuta risklərini azaldacaq. Bunun nəticəsində ticarətyönümlü kreditlərin faiz marjasında müəyyən yumşalma baş verə bilər. 

Mərkəz banklarla yanaşı, Çin və Azərbaycanın ən böyük suveren fondları arasında da sıx təmaslar başlayıb. Hazırda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çində işgüzar səfərdədir. ARDNF-nin nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Qingsong Zhang ilə görüşü keçirilib. Görüşdə ARDNF və Çin İnvestisiya Korporasiyası arasında əməkdaşlığın konkret istiqamətləri üzrə müzakirələr aparılıb, ortaq layihələrin həyata keçirilməsi üzrə növbəti addımlar müəyyən edilib. 

Elman

Elman Sadıqov

İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə, mərkəz banklar arasında rəsmi əməkdaşlıq strateji məsələdir: “Bir qayda olaraq yaxın əlaqələri olan dövlətlərin mərkəz bankları anlaşma memorandumu imzalayırlar. Belə sənədlər ölkələr arasındakı siyasi-iqtisadi münasibətlərin dərinləşməsinin bir istiqaməti kimi çıxış edir. Onlar daha çox təcrübə mübadiləsi, bir çox proseslərə vahid yanaşma, monetar siyasət və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutur. Açığını deyim ki, mənim Azərbaycan və Çin mərkəz bankları arasında imzalanan memorandum barədə rəsmi açıqlanandan kənarda hər hansı informasiyam yoxdur. Yəni konkret olaraq hansısa əlavə istiqamətlər müəyyənləşibmi, bilmirəm. Amma düşünmürəm ki, siyasət uyğunlaşması, təcrübə mübadiləsindən irəli gedən nələrsə olsun. Yalnız bir məqam var ki, iki ölkənin bankları arasında əlaqələrin dərinləşməsini stimullaşdırmaq üçün müddəanın olması müsbət amil ola bilər. Bu halda memorandum imkan verəcək ki, Azərbaycan Mərkəzi Bankı hansısa Azərbaycan bankına Çinin bu və ya digər bankı ilə əməkdaşlıq əlaqələri qurmaqda texniki və məsləhət yardımı göstərsin. Yəni tutalım ki, Azərbaycan banklarından biri Çində bir bankla əməkdaşlığa başlayıb sindikatlaşdırılmış kreditlər vermək, birgə layihələrdə iştirak etmək, yaxud hansısa ucuz maliyyəyə çıxış üçün tərəfdaşlıq qurmaq istəyir, bu halda mərkəzi banklar arasında koordinasiya ətraflı məlumatların əldə olunmasına, risklərin daha az olmasına imkan yaradır. Bu baxımdan, Çin Mərkəz Bankı ilə Azərbaycan Mərkəzi Bankının əməkdaşlığı hər iki tərəf üçün sərfəlidir”.

Ekspertə görə, Çin banklarının hazırda ölkə xaricinə çıxmaq, müxtəlif ölkələrdə investisiya imkanları qazanmaq ehtiyacları var: “Çin banklarının genişlənməyə, daha çox ölkə xaricinə çıxmağa ehtiyacları var. Bizim banklarda da belə ehtiyac hiss olunur. Bu gün bizim bank sektorumuzun böyümə imkanlarını məhdudlaşdıran əsas amil xaricə çıxışın olmaması, ölkə daxilində məhdudlaşmasıdır. Belə imkan yaranarsa, bank sektorunda likvidlik problemi aradan qalxar, bankların genişlənməsi üçün əlverişli şərtlər formalaşar. 

Çinlə Azərbaycan mərkəz bankları arasında əməkdaşlığın qurulması həm də bizneslər arasında əlaqələrin keyfiyyətinin artmasına gətirib çıxara bilər".

Qeyd edək ki, mərkəz banklar arasında münasibətlərin inkişafı Azərbaycanın Çinlə ticarət əlaqələrində səmərəliliyi artıra bilər. Belə ki, son illərdə Çin Azərbaycanın idxalında birinci yerə yüksəlib.  2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı olmaqla ölkənin ümumi xarici ticarət dövriyyəsində 7,9 faiz paya sahibdir. İdxalda isə Çin 17,69 faizlə lider mövqedədir. Rəsmilərin açıqladığı məlumata görə, Azərbaycanda Çin kapitalı ilə yaradılmış 375 şirkət mövcuddur, onlardan 298-i aktiv fəaliyyət göstərir. 

Qeyd edək ki, hazırda Azərbaycanın Şahin Mustafayev Çində səfərdədir. Onun Çin-Azərbaycan investisiya əməkdaşlığı üzrə işçi qrupun ilk iclasına sədrlik edəcəyi gözlənilir. 

Azərbaycan yüksək texnologiyalar, innovasiyalar sahələrində də Çin şirkətlərilə əməkdaşlığı genişləndirməyə can atır. Bundan əlavə, rəsmi Bakı Çinin Orta dəhlizin inkişafı baxımından müstəsna rolunu yüksək qiymətləndirməklə, bu sahədə də Pekinlə sıx əməkdaşlıqda maraqlıdır. Xüsusilə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmaqla Azərbaycan onun icrasına töhfə verməklə yanaşı, bu layihənin verəcəyi üstünlüklərdən də bəhrələnmək niyyətindədir.

Azərbaycan Dəmir Yollarının məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycan tərəfi Çindən Orta dəhlizlə göndərilən 225 blok-qatar qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Ticarət və tranzit əlaqələrinin genişlənməsi fonunda bank-maliyyə sistemləri arasında münasibətlərin inkişafı son dərəcə zəruridir. Bu, ticarət əməliyyatlarının maliyyələşdirilməsinin asanlaşdırılması, bizneslər arasında əlaqələrin daha səmərəli olması baxımından vacibdir. 

Bank-maliyyə sektorunda əməkdaşlığın dərinləşməsi Çinlə Azərbaycan arasında turizmin inkişafı baxımından da zəruridir. Belə ki, keçən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb. 2024-cü ildə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2023-cü illə müqayisədə 93 faiz artaraq 44 min 800 olub. Rəsmi məlumata əsasən, bu ilin 7 ayı ərzində 34 mindən çox Çin vətəndaşı ölkəmizə gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz artım deməkdir. Bu artımda Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizanı ləğv etməsi mühüm rol oynayıb. Bu ilin aprelində isə Çin Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib. Artıq iyul ayından başlayaraq Azərbaycan vətəndaşlarının bu imkandan aktiv şəkildə bəhrələnməyə başladığı bildirilir.

Göründüyü kimi, Azərbaycanla Çin arasında iqtisadiyyatın çoxsaylı sektorlarında əməkdaşlıq sürətlə inkişaf etdirilir. Bu əlaqələrin dərinləşməsi ölkələrin maliyyə-bank sahəsindəki əməkdaşlıqla tamamlanmalıdır. Nəzərə alsaq ki, Azərbaycan həm də Çindən ölkə iqtisadiyyatına yatırımların cəlb olunmasında maraqlıdır, onda maliyyə sisteminin prosesdən kənarda qalmasının mümkün olmadığını görmək mümkündür. 

Çinlə banklararası əlaqənin dərinləşməsi həm də Azərbaycanın qeyri-neft ixracında Rusiyadan asılılığın azaldılması baxımından vacibdir. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixrac bazarının diversifikasiyası baxımından Çin ən böyük imkanlara malik ölkələrdən biridir. Bu baxımdan, banklar arasında əməkdaşlığın inkişafı qeyri-neft məhsullarının Çinə ixracının asanlaşmasında mühüm rol oynaya bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Seçilən
47
musavat.com

1Mənbələr