AZ

Azərbaycan və Qətər şirkətləri Suriyada enerji sektorunun inkişafına dəstək verəcək

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)  və  "UCC Holding"  Suriyada, eləcə də  beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalayıblar.

SOCAR-ın verdiyi məlumata görə, sözügedən sənədləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun, "UCC Holding"in sədri Moutaz əl-Xayyatın və digər yüksəksəviyyəli rəsmi şəxslərin iştirakı ilə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf və "UCC Holding"in prezidenti Ramez əl Xayyat imzalayıblar.

Əvvəla qeyd edək ki, "UCC Holding"  Qətərin  "Power International Holding" konqlomeratının  tərkibindəki  şirkətlərdən biridir. Bu şirkət beynəlxalq tikinti və podrat  işləri üzrə ixtisaslaşıb. "UCC Holding", eləcə də ərazi tikintisi, kənd təsərrüfatı,  yeyinti sənayesi və digər sahələrdə də fəaliyyət göstərir. SOCAR-la imzalanmış Anlaşma memorandumları enerji dəyər zəncirinin bütün istiqamətləri, o cümlədən neftin və qazın kəşfiyyatı, hasilatı, nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal və neft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiya yanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyə malik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarının tikintisi sahələri üzrə əməkdaşlığı əhatə edir.

İmzalanmış sənədlərdən biri Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya Ərəb Respublikasında enerji sektorunun bərpasının sürətləndirilməsinə dairdir. Bu sənəd  Suriyanın ümumi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, bu tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasir təcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfə verəcək. Şirkətlər arasında imzalanmış ikinci sənəd isə SOCAR və "UCC Holding"in digər ölkələrdə əməkdaşlığını və beynəlxalq enerji bazarlarında birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, Anlaşma memorandumları iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin  Qətərə səfəri çərçivəsində imzalanıb. İqtisadiyyat Nazirliyinin məlumatına  görə,  səfər çərçivəsində bir sıra görüşlər keçirilib, Qətərlə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. İqtisadiyyat naziri Qətər Dövlətinin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndiyini, tərəfdaşlığın inkişafında yüksəksəviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Daha sonra Azərbaycanın iqtisadi prioritetləri və potensialı, investorlar üçün yaradılan fürsətlər haqqında məlumat verilib, birgə fəaliyyətin inkişaf perspektivləri qeyd olunub.

Qətərin Baş naziri və xarici işlər naziri isə ölkəsinin Azərbaycanla münasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətlərini dəyərləndiriblər.

Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdə də ticarət əlaqələrinin genişləndirilməsinin ikitərəfli münasibətlərdə prioritet məqsədlərdən olduğu diqqətə çatdırılıb . Qarşılıqlı investisiyaların həcminin artırılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək. Görüşdə ölkəmizin əlverişli işgüzar mühiti, tranzit imkanları haqqında söhbət gedib. "Yaşıl texnologiya"lar, kənd təsərrüfatı, infrastruktur və sənayenin modernləşdirilməsi kimi prioritet istiqamətlərə investisiyaların artırılması imkanları nəzərdən keçirilib.

Qətər İnvestisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Al-Suveydi ilə görüş zamanı birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğu vurğulanıb. Qarşılıqlı sərmayə qoyuluşu, birgə potensial layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi kimi məsələlər müzakirə olunub.

"Power International Holding"nin Direktorlar Şurasının sədri Mutaz Al-Xayyat ilə görüşdə də iqtisadi sferada qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyətindən danışılıb. Şirkətlə enerji sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanları dəyərləndirilib və qeyd etdiyimiz kimi, bu qrupun şirkətlərindən biri olan "UCC Holding"lə SOCAR  arasında enerji sektoru üzrə tərəfdaşlığı nəzərdə tutan sənədlər imzalanıb. 

Deyilənlərə onu da əlavə edək ki, Suriya  Azərbaycandan qaz alan 14 ölkədən biridir. Mavi yanacağın Türkiyə üzərindən Suriyaya tədarükü avqustun 2-dən başlanıb. Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına bu  il aprelin 11-də Antalyada və iyulun 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa arasında keçirilən görüşlərdə əldə edilmiş razılaşmalar əsasında, qısa müddət ərzində start verilib.  İyul ayının 12-də Əhməd Əl Şaraanın ölkəmizə  işgüzar səfəri çərçivəsində SOCAR-la Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
9
azerbaijan-news.az

1Mənbələr