Moskva Çini şimala çəkir, Pekin Cənubi Qafqaza yönəlir
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması ilə bağlı yeni məqamlar ortaya çıxıb. İddialara görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib. Bildirilib ki, bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb.
Qeyd olunub ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb. Vurğulanıb ki, Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlik kimi qəbul olunmalıdır. Məlumata əsasən, Çin Şanxay ruhuna uyğun olaraq təşkilatın genişləndirilməsi üçün addımlar atır: "Azərbaycanın ŞƏT-ə üzvlüyünə Pekin də ciddi dəstək verib. Lakin Çində keçirilən Sammitdə Rusiya və Hindistan Azərbaycanın təşkilata üzvlüyünü bloklamaqla həm də Çinə qarşı hörmətsizlik nümayiş etdirib".
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Sherg.az-a açıqlamasında deyib ki, bu, təkcə bizə qarşı yox, digər ölkələlərə qarşı da atılmış bir addımdır. Sabiq XİN başçısı vurğulayıb ki, Çin istəyir ki, Qərblə əlaqələri və mallarının ixracı məhz Orta Dəhliz vasitəsilə həyata keçirilsin:
"Ancaq Rusiya Çinə Arktika bölgəsindən "dənizlər yolu" yaratmağa, bununla tranziti öz tərəfinə çəkməyə çalışır. Rusiya siyasətçiləri bir neçə dəfə bəyan ediblər ki, Çin öz mallarını şimal yolu ilə Qərbə, Avropaya ixrac edərsə, vaxt baxımından təxminən 8-10 günlük uduşlu olar. Burada rəqabətdən söhbət gedir. Sanksiyalar nəticəsində Rusiyanın kommunikasiya imkanları xeyli daralıb. Cənubi Qafqaz isə bu sahədə bir növ monopoliyaya malikdir. Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yaxın zamanda aradan götürülməsi gözlənilmir. ABŞ və İsraillə qarşıdurma şəraitində olan İran da sanksiyalara məruz qalmaqdadır. Geopolitik vəziyyət elədir ki, Cənubi Qafqazda yerləşən ölkələr Avro-Asiyada yerləşən kommunikasiyaların monopoliyasına malikdir. Rusiya buna maneçilik törətmək üçün müəyyən cəhdlər edir. Rusiyanın bu addımı həmçinin Gürcüstana və "Tramp marşrutu" deyilən Zəngəzur dəhlizinə də qarşıdır. Rusiya dövlət başçısının Ermənistan baş naziri ilə danışığından sonra Paşinyan açıqlama verdi ki, söhbət "Zəngəzur dəhlizi"ndən yox, "Tramp yolu"ndan gedir, "Ermənistanın suverenliyi əsasdır" və s. Paşinyanın təzyiq altında olduğunu görürük. Ancaq Çin maraqlıdır ki, alternativ kommunikasiyalar olsun. Orta Dəhlizin əhəmiyyəti dəfələrlə Çin tərəfindən qeyd olunub".
Həmsöhbətimiz əlavə edib ki, Pekin sammitində Şanxay Əməkdaşlıq Təşkilatının bir növ transformasiyası qeyd olundu:
"Bəzi ölkələr bunu yeni bir geopolitik mərkəzin yaradılması kimi vurğulayırlar. Qərb mərkəzli geopolitik mərkəzin qarşısına ŞƏT-lə çıxırlar. Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən dərhal sonra hərbi paradın keçirilməsi bir növ Qərbə mesaj idi. Hətta ABŞ prezidenti də vurğuladı ki, Amerikaya qarşı Çində intriqalar baş verir və intriqanın iştirakçıları Çin, Rusiya və Koreyadır. Hindistanın da adı çəkilir. Hazırda mürəkkəb geopolitik dəyişikliklər baş verir. İki mərkəz arasında olan rəqabət yaxın dövrdə daha da kəskinləşəcək. Subyektiv fikrim odur ki, Rusiya və Hindistan əslində istəmədən də olsa, bizə yaxşı "hədiyyə" ediblər. Çünki iki güc mərkəzinin bir-biri ilə savaşında Azərbaycanın iştirakı o qədər də xoş deyil. Azərbaycan neytral mövqedədir. Proseslərin hansı müstəvidə irəliləyəcəyini diqqətlə izləyəcəyik. Əgər iqtisadi platforma olan ŞƏT anti-Qərb quruma çevriləcəksə, Azərbaycanın həmin təşkilatın üzvü olması aktual olmayacaq. Bakının marağı iqtisadi əməkdaşlıqdır. Üzvlük, yaxud prioritet tərəfdaşlıq arasında elə də çox fərq yoxdur. İqtisadi əlaqələrdə hansısa problemlərlə üzləşsək, ikitərəfli qaydada Çinlə bunu həll edə bilərik".