AZ

7 min şagird dövlət hesabına musiqi təhsili alacaq

Mədəniyyət Nazirliyi növbəti tədris ilində incəsənət məktəblərinə şagird qəbulunu başa çatdırıb. Qurumdan XQ-yə bildirildi ki, şagird qəbulu yerləri hər bir məktəbin müəllim potensialı, tədris infrastrukturu nəzərə alınmaqla müəyyənləşdirilib. Müraciətlərin dövlət sifarişli yerləri dəfələrlə üstələdiyi hallarda seçim ən yüksək nəticə göstərmiş iştirakçılar arasında aparılıb.

Yüksək bal toplayan bütün namizədlərin dövlət sifarişli yerlərə qəbul olunmaması qeyd edilən səbəblərdən irəli gəlib. Xüsusilə fortepiano ixtisasına 9 min 213 müraciətin olması iddiaçıların həddən artıq çox olduğunu nümayiş etdirir. Şagirdlərin ixtisas seçimi zamanı bal göstəriciləri ilə yanaşı, yaş həddi və təhsil sistemi üzrə müəyyən edilmiş digər kriteriyalar da tətbiq olunub və bütün iştirakçılar üçün eyni şəkildə tətbiq edilib. Ən yüksək bal toplayan namizədlər məktəblərə qəbul olunublar. Texniki səbəblər və ya yaş kriteriyası səbəbindən dövlət sifarişli plan yerinə düşməyən yüksək nəticəli iştirakçılara, 80 və yuxarı bal toplayan, lakin dövlət sifarişli yerə qəbul olunmayan namizədlərə də ödənişli əsaslarla təhsil almaq imkanı yaradılıb.

Bildirildi ki, incəsənətə maraq göstərən uşaqlar məktəblərin nəzdində fəaliyyət göstərən kurs və dərnəklərdən yararlana bilərlər. Bu imkan həm də incəsənətə həvəs göstərən uşaqların yaradıcılıq bacarıqlarının dəstəklənməsinə xidmət edir. İncəsənət təhsilinin keyfiyyətinin artırılması, istedadlı uşaqların daha erkən yaşda üzə çıxarılması və onların inkişafı istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Fidan ƏLİYEVA
XQ

Seçilən
3
20
xalqqazeti.az

10Mənbələr