
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dərəcəsinə dair 2025-ci ilin 6-cı iclasını keçirir. Ümumilikdə ildə 8 dəfə faiz qərarı verməlidir.
Kommersant.az xəbər verir ki, AMB sonuncu iyul iclasında faiz dəhlizinin hər birində 25 baza bəndi endirməklə faiz fərəcəsinin aşağı həddini 6, yuxarı 8-ə və əsas – uçot faiz dərəcəsini isə 7 faizə endirib. Requlyator düz bir il və ya 8 iclas faizlərə toxunmurdu. Ölkədə inflyasiya meyillərinin ötən il daha çox təsir etməsi AMB-ni faizləri “sərt mövqedən” endirməyə çəkindirirdi.
Ötən açıqlamada bildirilir ki, faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə – 2% və 6% müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Faiz dərəcəsinə dair iyul iclasından sonra Dövlət Statistika Komitəsi illik inflyasiyanın iyulda 6%-dən 5%-ə endiyini açıqlayıb. Cari ilin ən yüksək inflyasiyası may və iyunda 6.3% idi. Bu isə hazırda Mərkəzi Bank üçün faiz endirimi ilə bağlı qərarlarında tərəddüdü azaldır. Son iclasda tənzimləyici illik inflyasiyanın “proqnozlaşdırılan trayektoriya” ilə hərəkət etdiyini qeyd edib.
Onun baza ssenarisinə əsasən, 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir. 2025-ci ilin aprel ayına olan proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir. Ümumilikdə AMB-nin inflyasiya proqnozları aşağı salması növbəti illərdə faizlərlə bağlı yumşalma qərarı verməyə işarə edir.