BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bu, nüfuzunuza xələl gətirə bilər. Bu, hərəkətlərinizə haqq qazandıra bilər. Əyləncəli ola bilər. Çoxları üçün bu, "günah"dır.
Qeybət antropoloqların şəhərdən kəndə qədər bir çox mədəniyyətdə müşahidə etdikləri bir davranışdır.
Washington Dövlət Universitetində Təkamül Antropologiyası üzrə çalışan Dr. Nicole Hagen Hess deyir: "Düzgün şərait olduqda hər mədəniyyətdə insanlar qeybət edir".
Qeybət deyiləndə ağla pis niyyətlə başqası haqqında onun arxasınca danışmaq gəlir. Amma Dr. Hess bu məsələyə daha geniş prizmadan baxır. O deyir ki, qeybət "nüfuzla bağlı informasiya mübadiləsidir".
"Bu, dostlarımızın, ailəmizin, həmkarlarımızın və hətta rəqiblərimizin bizim haqqımızda nəsə danışdıqları deməkdir. Amma, eyni zamanda xəbərlərdə deyilənlər və idman yarışlarının nəticələri də buraya daxildir", - o deyir.
Dr. Hess əlavə edir: "Fikrimcə, qeybət etmək üçün mütləq danışdığınız adam orada olmamalı deyil. O, qarşınızda da ola bilər.
Əgər kimsə haqqında danışırsınızsa, geyimləri və ya etdikləri barədə düşündüklərinizi deyirsinizsə, mən bunu qeybət sayaram."
Alimlər hələ də insanların niyə belə bir davranışa meyil etdiyini araşdırırlar.
İndi isə bəzi əsas nəzəriyyələrə baxaq:
Bağ qurmaq
Qeybətin cəmiyyətdə müsbət rol oynaya biləcəyi fikrini təkamül antropoloqu Prof. Robin Dunbar populyarlaşdırıb.
Onun nəzəriyyəsinə görə, primatlarda bir-birini təmizləmək (tumarlama) yalnız gigiyenik deyil, həm də sosial davranışdır. Bu davranış gərginliyi aradan qaldırmaq, barış yaratmaq və sosial mövqeyi müəyyənləşdirmək üçün istifadə olunur.
Amma insanların tükləri olmadığı üçün qeybət və söhbət bu tumarlamaya bərabər sayılır - yəni münasibətləri qorumaq, sosial mövqeyi müəyyənləşdirmək və kimə etibar edilə biləcəyini anlamaqda informasiya mübadiləsi rolunu oynayır.
Dunbar deyir ki, hətta dil belə insanların qeybət edə bilməsi üçün təkamül edib.
Yaxınlıq və birlik
Dartmouth Universitetində 2021-ci ildə aparılan araşdırmada məlum olub ki, birlikdə qeybət edən insanlar bir-birilərinə daha çox bağlanır və baxışlarını formalaşdırırlar.
Araşdırmaçılar yazır:
"İştirakçılar arasında ortaq reallıq formalaşır və bu, sosial bağ yaratmaq ehtiyacını da ödəyir".
Qeybətin qrup daxilində əməkdaşlığı və iştirakı artırdığı da müəyyən olunub.
Alimlər bildirir ki, qeybət sadəcə "əsassız sözlər"dən ibarət deyil, daha mürəkkəb bir ictimai fenomendir.
Hayatda qalma
Bəzi qadınlar üçün qeybət həyatda qalma strategiyasıdır - xüsusilə təhlükəli münasibət və flört vəziyyətlərində.
Dr. Hess deyir ki, qadınlar fiziki olaraq zəif mövqedə olduqları üçün başqaları ilə informasiya paylaşmaq həyati əhəmiyyət daşıya bilər.
Nüfuz və sosial mövqe bu baxımdan həyatda qalmaq üçün vacibdir. Pis bir nüfuz iqtisadi imkanlara, sosial qaynaqlara əlçatımlığa mənfi təsir edə bilər.
"Yəni insanlar sizin haqqınızda pis danışanda bu, həqiqətən ciddi nəticələrə səbəb ola bilər", - Dr. Hess deyir.
Sosial nəzarət və güc
Qeybət, eyni zamanda insanlar arasında sosial nəzarət və güc alətidir. İnsanlar sosial şəbəkələrdə necə göründüklərini idarə etməyə çalışır. Dr. Hess qeyd edir ki, qeybət bu baxımdan bir vasitədir - insanlar öz nüfuzlarını qorumaq və bəzən rəqiblərini zəiflətmək üçün bu vasitədən istifadə edirlər.
"İnsanlar təbiəti etibarilə növlərinin digər üzvləri ilə rəqabətdədir və bu qarşıdurmanı aradan qaldıra bilmərik".
Əyləncə
Çox insan üçün qeybət zərərsiz bir əyləncə kimi görünə bilər.
Podcast yaradıcısı Kelsey McKinney deyir:
"Mənim ixtisas sahəm bu cür qeybətlərdir".
O deyir ki, qeybətə olan marağı uşaqlıqda bu davranışın günah sayıldığı bir mühitdə böyüməsi ilə əlaqəlidir.
McKinney qeybətsiz bir dünyanı "sıxıcı" sayır.
Dr. Hess isə əlavə edir:
"Qeybət istər əyləncə, istər sosial bağ qurmaq, istərsə də həyatda qalmaq baxımından olsun - bu, insan davranışının dəyişməz və qlobal bir xüsusiyyətidir".
"Qeybətin real həyatda nəticələri var. Əgər bu sadəcə təsadüfi və mənasız söhbətlər olsaydı, insanların bir-birinə yardım etmə formalarına təsir etməzdi".