
“Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən unikal coğrafi mövqeyi ölkəmizi regional və qlobal nəqliyyat və ticarət əlaqələrində əsas oyunçulardan birinə çevirib. Bu potensial uzunmüddətli dövlət strategiyası və irimiqyaslı nəqliyyat layihələri ilə dəstəklənib”. Şöbə müdiri xüsusilə son 20 ildə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Apsheron Logistika Terminalı kimi layihələrin Azərbaycanın beynəlxalq tranzit əməliyyatlarında rolunu əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb. O bildirib ki, bu infrastruktur imkanları sayəsində son 5 ildə ölkədən keçən tranzit yüklərin həcmi 5 dəfə artıb:
“Bu gün Azərbaycan Şərqlə Qərb arasında ən etibarlı, səmərəli və iqtisadi cəhətdən üstün nəqliyyat dəhlizlərindən biri kimi çıxış edir. Bu tədbir də bu nailiyyətlərin bir nümunəsidir”.
Fariz Əliyevin sözlərinə görə, Çin ilə blok qatarla konteyner daşımalarına təxminən 5 il əvvəl başlanılıb. 2023-cü ildən etibarən isə bu sahədə daha keyfiyyətli xidmətlər tətbiq olunmağa başlayıb. Yalnız 2024-cü il ərzində Çin Xalq Respublikasından Avropaya 358 blok qatar göndərilib. “Hədəfimiz bu rəqəmi cari ildə 450-yə çatdırmaq, orta müddətli dövrdə isə illik 1000 blok qatar səviyyəsinə yüksəltməkdir,” – deyə o bildirib. Çinin iqtisadi cəhətdən ən böyük əyalətlərindən biri olan Zhijiian vilayətinin bu prosesdə mühüm rol oynadığını qeyd edən Əliyev, tədbirdə həmin vilayətin vitse-qubernatorunun iştirakını Çin tərəfinin əməkdaşlığa verdiyi önəmin göstəricisi kimi qiymətləndirib:
“Bu bizim üçün qürurverici haldır və əminik ki, qarşılıqlı əməkdaşlıq nəticəsində əlaqələr daha da inkişaf edəcək”.