AZ

“Bu hadisənin Konstitusiya və Suverenlik ilində baş verməsi rəmzi məna daşıyır”

Yazını böyüt
Yazını kiçilt

“Bu gün qürurla söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına tarixi səfəri zamanı əldə edilmiş razılaşmalar Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu hadisənin Konstitusiya və Suverenlik ilində baş verməsi isə dərin rəmzi məna daşıyır:

“Dövlət başçısının Vaşinqton səfərini ikitərəfli münasibətlər kontekstində qiymətləndirsək, bu səfər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə xarakterizə olundu. Əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi, həmçinin Prezident Trampın 907 saylı düzəlişin icrasını dayandıran sənədi imzalamasında öz ifadəsini tapdı. Burada Prezident Trampın Cənubi Qafqaz reallıqlarını obyektiv qiymətləndirən, sülhə və əməkdaşlığa əsaslanan mövqeyi də əhəmiyyətli rol oynadı.
Vaşinqton razılaşmaları möhtərəm cənab Prezidentin Vətən müharibəsindən sonra qətiyyətlə reallaşdırdığı sülh diplomatiyasının məntiqi sonluğa çatması baxımından da əlamətdar bir hadisə oldu.

Dövlət başçısı əzəli torpaqlarımızın otuz illik işğalına son qoyulmasına, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail oldu. O həm də məlum prinsiplər əsasında sülh gündəliyini müəyyən edərək, bu gündəliyin həyata keçirilməsini təmin etdi. Ölkəmizə qarşı müxtəlif iftira və təzyiqlərlə sülh danışıqlarına müdaxilə etmək, öz məkrli planlarını icra etmək istəyənlərin siyasi-diplomatik təxribatları isə böyük məharətlə dəf edildi. Bizlər bütün bu proseslərin canlı şahidiyik. Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin görüşünə dair Birgə Bəyannamənin imzalanması, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması haqq-ədalətin zəfərini ifadə edir. Bu hadisə bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açır.
Vaşinqton razılaşmalarının nəticəsi olaraq, dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü və ardıcıl surətdə müdafiə etdiyi Zəngəzur dəhlizi təşəbbüsünün reallığa çevrilməsi də tarixi əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etmir, o həm də Avrasiyanın nəqliyyat xəritəsini dəyişir və daha geniş bir regionda işbirliyi üçün yeni imkanlar yaradır. Heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz dəhlizi kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdiyi kimi, Zəngəzur dəhlizi də Avrasiyanın nəqliyyat xəritəsinə önəmli yeniliklər gətirəcək. Birləşmiş Ştatların bu məsələdə dəstəyi bəzi ölkələrin Azərbaycana qarşı əsassız hücumlarının və qarayaxma kampaniyasının üzərindən də xətt çəkdi. Prezident Donald Trampın Zəngəzur dəhlizini “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adlandırması heç də təsadüfi deyil. Bu bir daha cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin yalnız və yalnız sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət etdiyini bariz şəkildə təsdiq etdi. Cənubi Qafqaz regionunda sülhün bərqərar olması baxımından Vaşinqton razılaşmaları həlledici əhəmiyyətə malik oldu. Digər bir mühüm məqam da ondan ibarətdir ki, bu razılaşmalar beynəlxalq ictimaiyyət tərəfindən də dəstəkləndi. Bildiyiniz kimi, Vaşinqtonda imzalanmış Birgə Bəyannamə sülh sazişinin rəsmi şəkildə imzalanması üçün Azərbaycanın irəli sürdüyü hər iki şərti təsbit etdi. İlk nəticə olaraq, artıq ATƏT-in Minsk Qrupu ləğv olundu. İnanırıq ki, Vaşinqtonda əldə edilmiş razılaşmalar heç bir kənar müdaxilə olmadan tam şəkildə yerinə yetiriləcək, Ermənistanın Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra iki ölkə arasında rəsmi sülh sazişi imzalanacaqdır”.

Seçilən
33
6
hafta.az

10Mənbələr