7 gündür ki, yenidoğulmuş uşaqların reanimasiya şöbəsində olan Əlihan doğum haqqında şəhadətnaməsi olmadığına görə tibbi sığortadan yararlana bilmir
Gunaz.tv
Bununla bağlı uşağın atası Yasin Həbibpuran Balamın Adı kampaniyasına danışıb.
"Oğlumuz 2025-ci il sentyabrın 2-də dünyaya gəlib və biz onun üçün Əlihan adını seçmişik. Bu adın 2021-cü ildə əyalətdə ən populyar beş oğlan adından biri olmasına baxmayaraq, Həştrüd qeydiyyat idarəsi adın ad seçim sistemindən çıxarıldığını bəhanə edərək doğum haqqında şəhadətnamə verməkdən imtina edib. İndi yeni doğulan körpəmizin müalicəyə ehtiyacı var və həkimlər onu 7 gündür ki, reanimasiyada saxlayırlar. Amma şəxsiyyət doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun sığortasından istifadə edə bilmirik. Bu hal bizim xərclərimizi xeyli artırıb."
Qeyd edək ki, İranda doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, süd tozu payından, pulsuz peyvənddən yararlana bilmirlər. Bundan başqa, xəstəxanalar kimlik sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə, İranda əhalinin mövcud ağır sosial durumu səbəbindən bir çox ailələr tez bir zamanda doğum haqqında şəhadətnamə ala bilmək üçün türkcə olmayan adlar seçməyə məcbur olurlar.
İranın da imzaladığı Uşaq Hüquqları Konvensiyasının 8-ci maddəsinə əsasən, iştirakçı dövlətlər qanuna uyğun olaraq və müdaxilə olmadan uşağın öz şəxsiyyətini, o cümlədən vətəndaşlığını və adını qorumaq hüququnu təmin etməyə borcludurlar.