AZ

İŞ ADAMI RAMİZ HƏSƏNOVA AÇIQ MƏKTUB


Hörmətli Ramiz müəllim, mən sizi illərdir ki, bir iş adamı kimi tanımış və hər zaman da şəxsinizə qarşı sayğılı olmuşam. Son illərdə özünüzü həm də “Borçalı Cəmiyyəti” ictimai birliyinin sədri kimi təqdim edirsiniz. Olsun! Baxmayaraq ki, borçalıların hansı yığıncağında, yaxud dediyiniz ictimai birliyin hansı konfransında sədr seçilmisiniz, bəlli deyil. 2023-cü ilin sentyabrından özünüzü bu “ictimai birliyin” sədri elan etmisiniz. Aradan keçən bu iki ildə hansısa ümumi yığıncağınız olubmu, indi bununla da işim yoxdur. Kiçik bir araşdırma bəs edir ki, Ədliyyə Nazirliyinin belə bir təşkilat tanımadığı ortaya çıxsın. Belə olan halda sizə kim səlahiyyət verib ki, bütün Borçalılar adından danışasınız? Kimsə məni guya bu cəmiyyəti parçalamaqda qınamağa çalışmasın, 5-10 nəfəri başına yığıb (onların da yarısı digər bölgələrin təmsilçiləridir) bütün borçalıları təmsil etmək haqqını kim verib sizə? Yoxsa, bu Borçalı adından danışmaq haqqını da özəlləşdirmiziniz, xəbərimiz yoxdur?

Hörmətli Ramiz müəllim, bəlkə də bütün bunlara toxunmaq istəməzdim, son hərəkətləriniz olmasaydı. Daha doğrusu, 2024-cü ildə nəşr etdirdiyiniz “Borçalı. Ensiklopedik bilgilər” adlı kitabla bağlı avqust ayında Borçalıda olarkən “QafqazTürk” medianın mənə ünvanladığı suala cavablarımı top-tüfənglə qarşılmasaydınız.

Hörmətli Ramiz müəllim, mənim haqlı iradlarıma öz arqumentlərinizlə cavab vermək əvəzinə siz başqa yol seçdiniz, telefonla zəngimə, votsapda yazdığıma cavab verməyərək – İlyas Naxçıvanlı adlı birinin səriştəsiz qələminin arxasında gizlənməyə cəhd etdiniz. Bunu özünüzə yaraşdırsanız da, gərək ki, Borçalı adına yaraşdırmayaydınız. Axı siz özünüzü “Borçalı Cəmiyyəti” ictimai birliyinin sədri sayırsınız, üstəlik adıçəkilən kitabın da buraxılışına məsul şəxssiniz. Başqasının dili ilə məni təhqir etdirmək, regionçuluqda suçlamaq, nifrət dili danışmaq Borçalı kişisinin əxlaqına yaraşan hal deyil, Ramiz müəllim! Biz kişiləri mərd, haqq sözünü çəkinmədən üzə deməyi bacaran, başqasının kölgəsində gizlənməyən görmüşük. Siz Borçalı kişisinin bu keyfiyyətlərini daşımaqla gənclərə nümunə olmaq əvəzinə, başqasının “qələm”inin arxasında gizlənməyə çalışırsınız. Bu hərəkəti özünüzə yaraşdırsanız da, heç olmasa “Borçalı Cəmiyyəti”nin “sədri”nə yaraşdırmayaydınız.

Bəlkə, cəmiyyətin sizdən əvvəlki sədri Zəlimxan Məmmədlinin dediklərinə diqqət edəsiniz: “Musa bəyin fikrini bölüşürəm. Ensiklopediya üçün ilkin materiallar mənim təşəbbüsümlə başlanılmış, dəvət etdiyimiz alimlər tərəfindən toplanıb. Sonra baş verən proseslər nəticəsində materiallar mənimsənilmiş və tələm-tələsik, sistemsiz bir formada yalnız şöhrət xətrinə nəşr edilmişdir”. Buna sözünüz nədir, cənablar?

Özünüz də gördünüz ki, sosial şəbəkədə məni təhqir etdirdiyiniz yazıya sizin leksikonunuza uyğun cavab vermədim. Məni təhqir və şantaj etməyə çalışan İlyas Naxçıvanlının son yazısı olmasaydı, bəlkə, heç bu məktubu da ünvanlamazdım sizə.

İlyas Naxçıvanlı yazır: “Ziyalının gücü sözündə, dəlilinində və bilikdədir”. Bəs, belə isə, hörmətli mirzəniz İlyas Naxçıvanlıdan soruşun görək, mənə qarşı ittihamlarda niyə dəlillərə söykənmirdi? “Hakimiyyət.az” saytındakı yazısına “Regionçuluğun kölgəsində və yaxud Musa Nəbioğlunun aşıq sənətinə xəyanəti” sərlövhə qoyub, niyə başqa şeydən danışır? Hanı dəliliniz? Nədir aşıq sənətinə mənim “xəyanət”im? Yoxsa, sizin üçün “sözün gücü” yalnız təhqir, həqarət, şanttaj və şər-böhtandan ibarətdir? İlyas Naxçıvanlının daha bir hökmünə baxın: “Mədəniyyətə cavabdeh olan qurum bu məsuliyyətsizliyə niyə susur?” Hansı qurumu nəzərdə tutur İlyas müəllim? Söhbət hansı məsuliyyətsizlikdən gedir? Burda “oğru yadına daş saldın” məsəli yeerinə düşür. Doğrudan da, belə yarıtmaz və məsuliyyətsiz bir nəşrə görə müvafiq qurumlar niyə susur? Kitab çapına bunca biganəlik nə deməkdir?

Nəhayət, İlyas Naxçıvanlı deyir: “Əgər hansısa iradlar varsa, onları açıq müzakirəyə çevirmək və peşəkar dialoq qurmaq daha səmərəlidir”. Bəs, mən nə deyirdim, İlyas Naxçıvanlı? Müsahibədə nə demişdim ki, belə top-tüfənglə qarşıladınız? Dialoqa bu qədər hazırsınızsa, buyurun, aşağıda qeyd etdiyim suallara cavab verin, olsun “peşəkar dialoq”. Yox, əgər siz bu suallara cavab vermək, kitabın ictimai müazkirəsini təşkil etmək istəmirsinizsə, heç narahat olmayın, ziyalıların, elm adamlarının iştirakı ilə kitabın ictimai müazkirəsi təşkil ediləcək, və kitab üzərində çalışmış (hər halda adları titulda qeyd olunmuş) hər kəs də həmin tədbirə dəvət olunacaq.

Təbii ki, mənim işim əvvəlcə mənim təhqir və şantaj edən, hətta “aşıq sənətinə xəyanət”də suşlayaraq az qala xalq düşməni elan etməyə çalışan (yaxşı ki, indi 37-ci il deyil!), son yazısında isə mənə “tövsiyə” verən mirzəniz İlyas Naxçıvanla ilə deyil. Çünki o sizin fikirlərinizi ifadə edir.

İndi isə keçək mənim sizi qıcıqlandıran müsahibəmə. Ramiz müəllim, İlyas Naxçıvanlı bilməyə bilər və ona görə də məni kitabı oxumadan fikir söyləməkdə ittiham edir, amma siz nə tez unutdunuz ki, haqqında söhbət gedən “kitabı” hələ əlyazma halında redaktə etməyi xahiş etmişdiniz məndən. Mən də əlyazmanı oxuduqdan sonra sizə məlum müsahibədə söylədiyimdən də daha kəskin şəkildə iradlarımı bildirmiş və belə bir kitab nəşr etdirmək düzgün deyil, demişdim. Çünki ensiklopedik bilgi adlandırdığınız həmin toplu ensiklopedik tutumdan və məzmundan çox-çox uzaq idi. Mənim iradlarımı nəzərə alıb, yenidən işləmək əvəzinə kitabı Bakıda bir nəşriyyata verdiniz, sağ olsun həmin nəşriyyatın rəhbərliyi ki, belə bir kitabı Borçalı adına yaraşdırmadığından çap etməkdən boyun qaçırdı. Sonra başqa yerdə çap ertdirdiniz. Sizdən dəfələrlə kitab istəyəndə isə, hər dəfə bir bəhanə ilə vermədiniz.

Hörmətli Ramiz müəllim, icazə verin həm özünü “Borçalı Cəmiyyəti” adlı bir təşkilatın sədri sayan bir şəxs, həm də kitabın titul səhifəsində göstərildiyi kimi, haqqında söhbət gedən nəşrin buraxılışına məsul adam kimi, sizə bəzi suallarımı burdan ünvanlayım:

1. “Borçalı. Ensiklopedik bilgilər” adlı kitabın çapı hansı zərurətdən yaranmışdı ki, belə tələsik və alayarımçıq çap məhsulu qoydunuz ortaya?

2. Ensiklopedik toplu hazırlamaq bir ayın, beş ayın işi deyil. Bəlkə, izah edəsiniz ki, kitabın titul səhifəsində adlarını rəyçi, məsləhətçi və redaksiya heyətinin üzvü kimi qeyd etdikləriniz hansı işləri görüblər? Kim hansı bölümə məsul olub, kim hansı məqaləni yazıb? Kitabda gedən, bir mövzu haqda az qala bir monoqrafiya həcmində olan məqalələrin müəllifi kimdir?

3. Kitabın tərtibçisi kimdir ki, “B.Qaradüzlü” tərtibçiyə yardım edən kimi qeyd olunub?

4. Kitabda bir neçə rəyçinin adını qeyd edibsiniz. Onların verdiyi rəyi ictimaiyyətə təqdim edə bilərsinizmi?

5. Belə bir ciddi mövzuda hazırlanan kitabda ümummilli lideri Heydər Əliyevin Borçalı və borçalılarla bağlı xidmətlərinin, eləcə də möhtərəm Prezident İlham Əliyevin bu istiqamətdəki fəaliyyətinin qeyd olunmamasına necə aydınlıq gətirə bilərsiniz? (Ulu öndərin adı bir neçə müəllifin kitaba daxil edilmiş məqaləsində çəkilisə də, ayrıca yazı yoxdur).

6. Doğrudanmı elə düşünürsünüz ki, bu gün Azərbaycanda senzura yoxdur deyə, necə gəldi kitab nəşr etrdirə bilərsiniz və bunları görən və sizdən hesabını soran olmayacaq?

7. Kitabdakı nöqsanlarla bağlı deyiləcək sözlər çoxdur. Ancaq Sizdən xahiş edirəm, yazılarında məni təhqir eləməkdən çəkinməyən, məni “xəyanət”də suçlayan hörmətli İlyas Naxçıvanlının diqqətinə kitabdan bir neçə cümləni, daha doğrusu, ayrı-ayrı şəxslər haqqında verilmiş 1-2 cümləlik məlumatı çatdırın, qoy, həmin məlumatlardakı yanlışlaraaydınlıq gətirsin. Axı, o, kitabın redaksiya heyətinin üzvüdür, həm də digər üzvlərdən fərqli olaraq qəzet redaktorudur! Qoy, bu yazar-jurnalist izah eləsin görək, belə ensiklopedik bilgi olurmu: "Mahmud Qulu oğlu Quluyev. Başkeçid rayonunda uzun müddət I katib işləmiş, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı, beş dəfə Gürcüstan Ali Sovetinin deputatı olmuşdur” (bax: səh. 382). Bu bircə cümlədən oxucu necə bilgi əldə etsin ki, Mahmud Quliyev harada və hansı ildə anadan olub? Hansı vəzifələrdə çalışıb? Hansı xidmətlərinə görə “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülüb? Hazırda yaşayırmı?

8. İlyas Naxşıvanlı mənə “tövsiyə” edir ki, “ictimaiyyətlə ünsiyyətdə arqument və dəlillərə” söykənim. Bu da onun istəyinin nəzərə alınması – buyurun, materialları başqa-başqa kitablardan, qəzetlərdən götürülmüş, çox zaman də müəllif və mənbə göstərilməyən kitabdan hələlik ikciə fakt:Hörmətli İlyas Naxçıvanlı ünvanıma nalayiq ifadələr işlətməkdənsə, Xalq şairi Zəlimxan Yaqub haqda kitabda verilmiş yazıdakı bir cümlədə yol verilən yanlışlara aydınlıq gətirsin: “1996-cı ildən Azərbaycan Ali Sovetinin deputatı, Milli Məclisin Əfv komissiyasının üzvü olmuşdur” (Bax: səh. 378). Görəsən, tərtibə yardım edən (kitabda tərtibçi adı göstərilmir), kitabın nəşrinə məsul olan hörmətli Ramiz Həsənov və eləcə də İlyas Naxçıvanlı bilmirmi ki, Zəlimxan Yaqub 1996-cı ildə yox, 1995-ci ildə birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib və o zaman artıq Ali Sovet yox idi. Elə sizin təbirinizcə yanaşsaq müstəqil azərbaycanın Milli Məclisini “Ali Sovet” adlandırmaq xəyanət deyilmi? Bir qəzet redaktoru üçün ayıb sayılmazmı ki, Əfv Komissiyasının Milli Məclisin nəzdində olmadığını bilmir? Axı, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası varvə Zəlimxan Yaqub da həmin komissyaya kitabda deyildiyi kimi, 1996-cı ildə yox, hələ deputat seçilməzdən əvvəl – 1994-cü ildə təyin olunub. Bu sayaq qüsurlardan istənilən qədər göstərmək olar. Anlayan üçün bu da kifayətdir, məncə.

9. Mənim üçün maraq doğuran bir məsələ də odur ki, başqa vaxt “biz bütün Borçalıları təmsil edirik” deyib, onların adından danışan bir ictimai birliyin üzvləri arasında Borçalını daha yaxşı tanıyanbircə nəfərtapılmadımı ki, qaldırılan məsələ ilə bağlı sağlam polemika aparsın?

10. Niyə kitabın titul səhifəsində adları qeyd olunanlardan bircə nəfər çıxıb iradlara arqumentlərlə cavab vermir?

11. Bir həftədir ünvanıma şər-böhtan yazdırısınız, sosial şəbəkədə elə qrup qalmadı ki, cəfəng yazınız orda paylaşmayasınız. Heç olmasa o paylaşımlarınızın alatında yazılan şərhləri oxumursunuzmu? Təşkilatınızın bu qədər “üzvü” var ikən niyə sizi dəstəkləyən yoxdur? Əksinə, yazılan rəylərdə mənim mövqeyim dəstəklənir. Hətta idarə heyətinizin üzvlərindən də sizin mövqeyinizlə razılaşmayanlar var.

12. Haqlı irada qarşı dözümsüz olmağınız bir yana, deyirsiniz, guya mən bu iradları bildirmək üçün Borçalıya getmişəm. Məntiqinizə quzu kəsim, bəyəm mən Azərbaycanda öz fikirlərimi ifadə etmək üçün bir mətbuat orqanı tapmırdım?

13. Borçalı Cəmiyyətinin İdarə heyətinin və eləcə də haqqında danışılan kitabın redaksiya heyətinin üzvü olan İlyas Naxçıvanlı kitabla bağlı haqlı iradlara cavab vermək əvəzinə, sicilləmə yazı yazır və adını da qoyur “MUSA NƏBİOĞLUNUN NÖVBƏTİ XƏYANƏTİ”. Görəsən sizin gözünüzdə əvvəlki “xəyanətim” nə imiş ki, bu da növbəti olur? Yoxsa, bu kitabın əlyazmasını redaktə üçün mənə verdiyiniz zaman belə bir toplunun ensiklopedik tutumdan uzaq olduğunu bildirdiyimi və bu şəkildə nəşrini məsləhət görmədiyimi xəyanət hesab edirsiniz?

14. 2024-cü ildə işıq üzü görən kitabda tanınmış bir şəxs haqqında yazı verərkən yalnız 1998-ci ildə nəşr olunmuş kitabdakı məlumatlarla kifayətlənməyin düzgün olmadığını deməyimdirmi xəyanət? Bəlkə, ona aydınlıq gətirələr ki, kitab niyə Borçalının dəyərli alimlərinin xəbəri olmadan çap olunur?

15. Niyə ictimai müzakirəsi keçirilmədi kitabın? 2024-cü il dekabrın 26-a elan olunmuş təqdimat mərasimi niyə baş tutmadı?

16. Əsl xəyanət Borçalı adına belə yarıtmaz bir “kitab” ortaya qoymaq deyilmi?

17. Məni regionçuluqda suçlamaqla isə lap gül vurdunuz, ha! Gör, kim kimi nədə suçlayır?Burda deyiblər, adımı sənə qoyum...

18. Bir təşkilatın sədri ən azından özünü qoruya bilmirsə, bu məqamda isə nəşrinə məsul olduğu kitabla bağlı iradlara özü cavab verə bilməyib, bir başqasının səriştəsiz qələminin arxasında gizlənirsə, o zaman bütöv bir mahalın mənafeyini necə qoruya bilər?

Hörmətli Ramiz müəllim, bu yazdıqlarımı necə qəbul edəcəksiniz, bilmirəm, bəlkə, bunu da “xəyanət” adlandıracaqsınız. Ancaq səmimiyyətimə inanın ki, heç bir qərəz-filan güdmədən (hətta son günlərdə ünvanıma yazdırdığınız təhqir və şantaja belə əhəmiyyət vermədən) məni (həm də bir çox digər ziyalıları) düşündürən sualları ünvanladım sizə.

Sonda isə, tövsiyə verməyi çox sevdiyinizdən, məndən də sizə bir tövsiyə olsun: Mən sizi bacarıqlı və savadlı mühəndis, uğurlu iş adamı kimi tanımışam və bu keyfiyyətlərinizə görə Sizə olan hörmətim bu gün də zərrə qədər dəyişməyib. Çalışın, özünüz olun, demək istədiklirnizi başqasının dili ilə deməyin, özünüz deyin. Kimə qarşısa planlarınızı da (müsbət və ya mənfi olmasından asılı olmayaraq) özünüz reallaşdırın. Başqasına möhtac olmaq Borçalı kişisinə yaraşan hal deyil! Özünü borçalıların ağsaqqalı statusunda görənlərə isə heç yaraşmaz! “Borçalı Cəmiyyəti” ictimai birliyi adından danışmağa hüquqi baxımdan əsasınız yox idi, son davranışlarınız isə göstərdi ki, heç mənəvi haqqınız da yoxdur. Bəlkə, elə qiymətli vaxtınızı daha çox paytaxtın Yeni Günəşli qəsəbəsindəki ki, kərpic zavodunda fəaliyyətinizə sərf edəsiniz. Nuh əyyamından qalma həmin zavodda işçilərinizin əmək şəraitini yaxşılaşdırmaqla dövrümüzün “Kərpckəsən kişi”si kimi yaddaşlarda qalar, sonra isə istəsəniz “Kərpickəsənin sərgüzəştləri” adlı memuar da yaza bilərsiniz. “Borçalı. Ensiklopedik bilgilər” (eşitdiymə görə ikinci cildi də işıq üzü görüb. Hətta 3-cü cild üzərində iş gedir) adlı kitab nəşr etdirmək niyyətinizin saflığına şübhəm olmasa da, belə bir ciddi nəşrin buraxılışına məsul olmaq sizlik deyil, hörmətli Ramiz müəllim!

Böyük Nizami Gəncəvi nə gözəl deyib:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

P.S. Mənə “Sən özün Borçalı üçün nə iş görübsən?” kimi ittihamlarınız da çatır mənə. Mənim fəaliyyətim barədə xəbəriniz var, bununla belə, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, I və II Qarabağ müharibəsində döyüşərək şəhid və qazi olmuş Borçalı əsilli igidlərimiz haqda ikicildlik “Borçalıdan Şuşaya gedən yol” adlı kitab ərsəyə gətirmişəm. Müxtəlif illərdə Borçalı və borçalılarla bağlı“Ulu Borçalı: ömrə ömür calayanlar” (M.Sarvanla birlikdə, 2002), “Borçalı” (M.Sarvanla birlikdə, 2003), professor Şamil Qurbanova həsr olunmuş “Ləkəsiz bir vicdan, böyük bir ürək” (S.Məmmədovla birlikdə, 2004), “Haqdan gələn saz” (Əmrah Gülməmmədov haqqında, 2009), “Xan Kamandar” (Kamandar Əfəndiyev haqqında, 2012), “Haqdan pay olan Göycə” (aşıq Göycə Məmmədov haqqında, 2014), “SözünZəlimxan zirvəsi” (2015), “Hüseyn Saraçlı” və “Nəğməli sinəmdə yüz dastan yatır” (hər ikisi Hüseyn Saraçlı haqqında, 2016-cı ildə nəşr olunub), “İnsan əzizlənər eldən gedəndə” (Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan xeyriyyəçi Xıdır Məlikqasımov haqqında, 2018), “Borçalı aşıqları” (2020; M.Kamaloğlu ilə birlikdə), “Hidayət Nur – nur parçası” (professor Hidayət Nuriyev haqqında, 2021), “Şair Ağacan: ömür yolu, mühiti və sənəti” (2023) və digər kitablarım nəşr olunub. Və bu kitabların bir çoxu Sizin Yeni Günəşlidə kərpic zavodundakı iş otağınızda kitab rəfini bəzəyir.

Hörmətlə: Musa Nəbioğlu

Əməkdar mədəniyyət işçisi

Seçilən
16
baki-xeber.com

1Mənbələr