Sentyabrın 9-da günortadan sonra Rusiya qoşunları Donetsk vilayətinin Yarovaya kəndinə bomba atıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum mülki əhalini hədəfə alıb. Partlayış insanların pensiyalarını aldığı vaxt baş verib. Nəticədə 20-dən çox adam həlak olub.
Zelenski hücumun nəticələrini əks etdirən video da yayımlayıb. Kadrlarda ölənlərin cəsədləri və dağıdılmış avtomobil görünür.
“Rusiyanın bu cür zərbələri mütləq dünya tərəfindən cavabsız qalmamalıdır. Ruslar həyatı məhv etməkdə davam edir, amma yeni güclü sanksiyalardan, sərt zərbələrdən yayınırlar. Dünya səssiz qalmamalıdır. Dünya ABŞ-ın reaksiyasına baxmamalıdır, “İyirmiliyin” reaksiyası lazımdır ki, Rusiya ölüm gətirməyi dayandırsın”, - deyə Zelenski bildirib.