AZ

Deputat: “Məcburi köçkünlərin mütləq əksəriyyəti kiminsə evində yaşayırdılarsa, ev sahibinə hörmətlə yanaşıblar”

Məcburi köçkünlərin 30 il boyunca yerləşdikləri vətəndaşlara məxsus mülki evlərdən çıxmamaları məsələsi yenidən gündəmdədir. Bu barədə məhkəmə qərarlarının olmasına baxmayaraq, hələ də vətəndaşların şəxsi evlərini təhvil vermirlər. Onların məskunlaşdıqları evlərdən məcburi şəkildə çıxarılmaları, 30 il boyunca mənzili istismar olunan şəxslərə dövlət tərəfindən kompensasiya verilməsi təklif edilir.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Pravda.az-a açıqlamasında deyib ki, belə hallar çox azdır.

 

“Məcburi köçkünlərin mütləq əksəriyyəti kiminsə evində yaşayırdılarsa, ev sahibinə böyük hörmətlə yanaşıblar. Birinci imkan olan kimi həmin evləri tərk edirlər. Düzdür, ayrı-ayrı hallar olur. Mətbuatda, sosial şəbəkələrdə müzakirə edilir. Hesab edirəm ki, bunlar fərdi qaydada həll olunası məsələlərdir. Məcburi köçkünlər də, ev sahibi olan insanlar da - hamımız bir xalqdan, bir millətdənik. Bir dövlətin vətəndaşlarıyıq. Əlbəttə, insanların mənzil hüququna hörmətlə yanaşılmalıdır. Onlar uzun müddət öz mənzillərində məcburi köçkünlərin yaşamalarına şərait yaradıblar. Hər hansı problem olmayıb. Eyni zamanda məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmaları məsələsi diqqətdədir. Bunlar hamısı bizim xalqımızın məsələləridir. Fərdi məsələlər isə artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, həmin mənzilin yerləşdiyi, həm də məcburi köçkünlərin aid olduqları rayon icra hakimiyyətləri tərəfindən həll edilməlidir. Konfliktə, iki azərbaycanlı ailə arasında gərginlik yaşanmasına yol vermək olmaz. Mütləq bu məsələlər diqqətə götürülməli, həlli yolları axtarılmalı, problem yoluna qoyulmalıdır”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 9 Sentyabr 2025, 17:14   
Seçilən
81
pravda.az

1Mənbələr