AZ

Maduro: Venesuelanı heç kim alçalda bilməz

Maduro: Venesuelanı heç kim alçalda bilməz

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Karib dənizindəki hərbi fəaliyyətinə münasibət bildirərək “Venesuelanı heç kim alçalda bilməz. ABŞ-ın alçatmasını heç vaxt qəbul etməyəcəyik” deyib.

Paytaxt Karakasda xüsusi bir televiziya kanalına danışan Maduro Vaşinqtonun Venesuelanı hədəf almasını narkotiklərlə mübarizə pərdəsi altında aparılan bir kampaniya kimi qiymətləndirib.

ABŞ-a etirazını bildirən Maduro “Venesueladakı heç bir nəsil imperializmə boyun əyməyəcək. Heç vaxt, nə bu gün, nə də sabah. Narkotik bəhanəsi ilə bizə hücum etməyə çalışırsınız, amma bunun fərqindəyik. Əsl niyyətiniz rejimimizi devirmək və sərvətlərimizi ələ keçirməkdir. Buna qarşı həm ordunu, həm də xalqı müdafiəyə hazır edirik” deyib.

Maduro ABŞ-ın dünyanın ən böyük narkotik istehlakçısı olduğunu qeyd edərək “ABŞ bu məsələyə həqiqətən maraqlı deyil. Vətəndaşlarının yüksək narkotik istehlakından yaranan ciddi ictimai sağlamlıq problemini həll etmək üçün çox az səy göstərir” deyə əlavə edib.

Dünya Gömrük Təşkilatının məlumatlarına istinad edən Maduro iddia edib ki, ABŞ-a gedən Kolumbiya mənşəli kokainin 70%-i Ekvador limanlarından çıxır.

Beynəlxalq medianın mövqeyini də tənqid edən Maduro “Xəbərlərə baxıram, Venesuela ilə ABŞ arasında gərginlik olduğu deyilir. Belə bir şey yoxdur. Ortada ABŞ-ın Venesuelaya qarşı aqressiv mövqeyi var. Beynəlxalq xəbər agentliklərinin çoxu ‘gərginlik artır’ deyir və ‘Maduro milis qüvvələrini hərəkətə gətirdi’ yazır. Biz nə edəcəkdik ki?” deyə bildirib.

ABŞ xalqına da müraciət edən Maduro “Bizi Cənubi Amerikada rejim dəyişikliyi və Venesuela xalqının neft, qaz və qızıl sərvətlərini ələ keçirmək məqsədilə müharibəyə sürükləmək istəyirlər” deyə qeyd edib.

Digər tərəfdən, Venesuela Müdafiə Naziri Vladimır Padrino Lopes dövlət televiziyasına açıqlamasında deyib ki, ABŞ-ın Karib dənizindəki bütün hərbi qüvvələri Venesuelanı hədəf alır və hadisələri yaxından izləyirlər.

Lopes əlavə edib ki, ABŞ Karib dənizində bənzəri görünməmiş hərbi təhdid yaradır.

Seçilən
17
2
afn.az

3Mənbələr