Milli Məclisə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi haqqında yeni qanun layihəsi daxil olub. Qanun layihəsi dünən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində birinci oxunuşda müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir. Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilmir. Daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə verilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, “Daxili qoşunlar haqqında” yeni qanun layihəsində daxili qoşunların fəaliyyət istiqamətləri dəqiqləşdirilib və genişləndirilib.
"Bu, ədalətsizlikdir”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev daxili qoşunların hərbçilərinə ev verilməsini təklif edib. Onun sözlərinə görə, daxili qoşunlar Silahlı Qüvvələrin tərkib hissəsi sayılsa da, ehtiyata buraxılandan sonra onlara mənzillər verilmi: "Bu, ədalətsizlikdir. Yaxşı olardı ki, bu məsələ daxili qoşunların zabitləri və müddətdən artıq hərbi xidmət edənlər üçün də nəzərdə tutulsun. Bunu qanunvericilik subyekti ilə danışmalıyıq. Digər tərəfdən, yaxşı olardı ki, onlara ev verilməkdənsə, xidmətdən artıq xidmət edən zabitlərə müəyyən məbləğ pul ayrılsın. Hazırda ordu üçün evlər tikilir, amma bəlkə adam orda yaşamaq istəmir, ailəsinə yaxın yerdə ev almaq istəyir? Biz bu məsələni qaldıraq. Eyni zamanda daxili qoşunların komandanına səlahiyyət verilməlidir ki, müddətdən artıq qulluq edən zabitlərlə müqavilələr imzalansın və onun hansı iş gördüyü bilinsin. Bu, onların hüquqlarını qorumaq baxımından əhəmiyyətlidir".
"Çevik polis alayı kifayət etməsə, daxili qoşunlara səlahiyyət verilsin"
Deputat həmçinin qeyd edib ki, Konstitusiyanın 75-ci maddəsinin 3-cü hissəsi ilə bağlı bir məsələyə toxunmaq istəyir: "Hesab edirəm ki, qanunda bu maddəni də qeyd etməliyik. Yəni ölkədə fövqəladə, hərbi, səfərbərlik vəziyyəti elan olunubsa, ictimai asayişi təmin etmək üçün daxili qoşunlardan istifadə olunsun. Bu maddə yeni qanuna əlavə edilsin. Məsələn, daxildə hansısa iğtişaşlar baş verərsə, Daxili İşlər Nazirliyinin tərkibində çevik polis alayı kifayət etməsə, daxili qoşunlara səlahiyyət verilsin".
"Onun bu qanunda əksini tapmasına ehtiyac yoxdur"
Daxili Qoşunların komandanı Şahin Məmmədov isə bildirib ki, Nazirlər Kabineti müddətdən artıq xidmət edən hərbi qulluqçularla bağlı bağlaşma şərtlərini müəyyən edib və onun bu qanunda əksini tapmasına ehtiyac yoxdur: “Sözsüz ki, bağlaşma ilə bağlı müraciət edən hərbi qulluqçu müqaviləyə imza atır, bu müqavilələrə də imzanı mən atıram. Gələcəkdə o müqavilənin müddətinin uzadılmasını istəmirsə, mənim onu məcburi saxlamağa səlahiyyətim yoxdur”.
"Yeni qanun daxili qoşunların səlahiyyət dairəsini aydın şəkildə tənzimləyəcək"
Millət vəkili Səbinə Salmanova bildirib ki, “Daxili qoşunlar haqqında” yeni qanun həm daxili qoşunların statusunu, hüquq və vəzifələrini, həm də onların səlahiyyət dairəsini aydın şəkildə tənzimləyəcək. O deyib ki, daxili qoşunlar ictimai asayişin təmin olunmasında, dövlətçiliyin və vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Bu səbəbdən onların fəaliyyətinin hüquqi əsaslarının dəqiq müəyyənləşdirilməsi zəruridir: “Bu qanun layihəsi hüquq-mühafizə sistemimizin daha da təkmilləşməsinə, dövlət təhlükəsizliyinin möhkəmlənməsinə və ictimai asayişin etibarlı şəkildə qorunmasına xidmət edəcək”.