AZ

Xocalı sürətlə məskunlaşır, paralel olaraq Xocalı cinayətləri də açılır...


2022-2026-cı illərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində azad ərazilərə qayıdış prosesi geniş miqyas alıb və o yerlərə əhalinin kütləvi köçü həyata keçirilir, insanlarımız öz ata yurdlarına, doğma evlərinə qovuşurlar.

Bu proqram çərçivəsində Xocalıya qayıdış prosesi də gerçəkləşib və xocalılılar 32 ildən sonra öz doğma yurd-yuvalarına qayıtmağa başladılar. Əzizlərinin qanı tökülən, onlarla günahsız insanın şəhid edildiyi Xocalıya qayıdır xocalılılar. Xocalıya ilk köç 2024-cü il mayın 28-də, Dövlət Müstəqilliyi günündə baş tutdu. Azərbaycan dövlətinin dirçəltdiyi, yenidən tikib-qurduğu, yaraları doğma sakinlərinin qayıdışı ilə sağalan Xocalıda indi başqa bir həyat var.

Mətbuatdan da məlumdur ki, Xocalıya ilk sakinlər- 20 ailə Azərbaycanın Müstəqillik Günündə qayıtdı. Beləliklə, xocalılıların geri qayıdışının əsası qoyuldu.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Keçən ilin dekabrında Xocalı rayonunun yenidən qurulan Ballıca kəndinə də ilk köç baş tutdu. Ballıcaya ilk köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Keçən il kəndə 27 ailə - 152 nəfərköçürülüb.

Xocalıya qayıdış prosesi davam edir.

Sentyabrın 8-də Xocalı rayonunun Xanyurdu kəndinin sakinləri öz ata ocaqlarına qayıdıblar, 15 ailə olmaqla, 46 keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

2025-ci ilin iyul ayına aid rəsmi məlumata görə,

Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib: “Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq”.

Bu gün isə ora köçürülənlərin sayı göstərilən rəqəmdən artıqdır və xocalılılar öz yurdlarına mərhələli şəkildə qayıdırlar və növbəti mərhələlərdə də biz Xocalıya köçlərin şahdi olacağıq.

Xocalılar Xocalıya qayıdır, qan çilənən yurdlarına təsəlli olurlar, günahsız qurbanların, əziz şəhidlərin ruhlarını sevindirirlər. Şəhid şəhər Xocalı indi ədalətin zəfər çalıdığı bir yurd yeridir. Bəli, ədalətin zəfər çaldığı bir yurd yeri.

Dünyanın işinə, ədalətin hökmünə baxın ki, bir tərəfdən xocalılılar öz yurdlarına qayıdırlar, o biri tərəfdə isə Xocalı qatillərinin bir qismi məhkəmə qarşısında dayanıb. Bu gün Xocalının məskunlaşması ilə bərabər Bakıda keçirilən məhkəmə prosesində Xocalı ilə bağlı cinayətləri sübut edən faktlar aşkarlanır. İlahi ədalətin təntənəsi budur. Xocalılılar bu günü çoxdan gözləyirdilər.

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, günlərin birində tarixi ədalət bərqərar olmalı idi, oldu da. “Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı çox böyük cinayətlərlər törədilib. Haqq-ədalət öz yerini almalı idi. Proses ona doğru gedirdi. Proses çətin keçdi, çox uzun çəkdi, bəzən cəmiyyətdə bir tələskənlik əhval-ruhiyyəsi də olurdu, təbii ki, bu halla barışmazlıq vardı. Dövlətin apardığı hüquqi siyasət və hazırlıq işlərindən, böyük qələbədən, insanlarımızın iradəsi ortaya qoyulandan sonra bu məsələlər öz həllini tapdı. Şükürlər olsun ki, bu proses gedir, xocalılar geri qayıdır. Bilirsiz ki, Xocalı ermənilərin törətdiyi vəhşiliklərin simvoludur, eyni zamanda haqq-ədalətin simvoludur. Xocalının başında çox oyunlar oynadılar, Xocalı faciəsi, Xocalı soyqırımı dünyada analoqu olmayan bir hadisə, çox qanlı bir olay idi. Bu bəla xocalıların başına təsadüfən gəlməmişdi, ermənilərin bununla bağlı planları vardı. Xocalı hadisəsi ilə Azərbaycan xalqını, Qarabağ əhalisini qorxutmağa çalışırdılar. Biz bütün dünyaya sübut etdik ki, Xocalı heç vaxt yaddan çıxmayacaq, Xocalı cinayəti heç vaxt bağışlanmayacaq. Uzun müddət “Xocalıya Ədalət” beynəlxalq aksiya keçirildi. Xocalı həm də ermənilərin törətdiyi cionayətlərin ümumiləşdirilmiş rəmzi, bir simvolu kimi dünyaya təqdim olundu. Dünya da bildi, gördü. Bu gün azad ərazilərə qayıdış prosesi gedir, müxtəlif rayonlardan olan məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Qayıdış prosesi Dövlət Proqramı çərçivəsində baş verir. Bəzən hansısa mərkəzlərin sifarişlərini yerinə yetirən şəxslər var ki, bundan öz məqsədləri üçün istifadə edirlər ki, keçmiş köçkünlər birdəfəlik köçsünlər. Amma bu, Dövlət Proqarmı əsasında həyata keçirilir və onlar mərhələli şəkildə geri qayıdırlar. Heç kəs öz yurduna qayıtmaqdan imtina etmir, arzuları geri qayıdıb öz doğma evlərinə qovuşmaqdır. Bu ilin sonuna qədər yeni köçlərin başlanması gözlənilir. Xocalıya da köç prosesi başlayıb, insanlar öz yurdlarına qayıdır, Xocalının kəndlərinə qayıdış hərtərəfli şəkildə davam etdirilir. Bu da o prosesin davamıdır. Qayıdış prosesində də Xocalı bir simvol kimi ortatadır. Sürətlə, geniş şəkildə məskunlaşdırma aparılan rayonlardan biri Xocalıdır. Mən Ballıca kəndində olumuşam, orda insanlar qayıdır, işləyirlər, həyatları davam edir. Bu proseslər bir-birini tamamlayan böyük bir hadisədir. Ən vacibi isə ədalətin təntənəsidir. İlhai ədalət ortada oldu, insanlarımızın haqqı tanındı. Eyni zamanda da Xocalı cinayətlərinə görə separstçılarcavab verirlər. Məhkəmədə bir sıra faktlar açılır, bu cinayətlər sübut olunur. Ermənilər məhkəməsi gedənlərlə bağlı hətta ABŞ prezidentinə də müraciət etmişdilər. Amma hazırda onların məhkəməsi gedir. Faktlar ortaya çıxır. Həm məhkəməsi gedən adamların cinayətləri ilə bağlı faktlar ortadadır, eyni zamanda onların ifadələrindən Ermənistan və Rusiya rəhbərliklərinin cinayət tərkibli əməlləri ilə bağlı məsələlər ortaya çıxır. Müharibədə törədilən cinayət ortadadırsa bu işə görə məsuliyyət daşıyan insanlar cəzalandırılmalıdır. Bu da məhkəmə prosesi ilə həyata keçirilir. Bu gün iki bir-birini tamamlayan proses gedir, həm cinayəti törədənlər, bu işdə əli olanlar məhkəmə qarşısındadır, onlar öz cəzalarına çatmalıdırlar, ədalətli məhkəmə gedir, bunun ciddi nəticəsi olacaq. Digər tərəfdən də xocalılılar öz doğma yurdlarına qaydırlar. Bu proseslərin sonunda Azərbaycan üçün çox müsbət nəticələr əldə olunacaq” - deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
59
baki-xeber.com

1Mənbələr