AZ

Xaməneidən Pezeşkiana xüsusi təşəkkür – ali rəhbər prezidenti himayəsinə alır – ŞƏRH

Ötən gün İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Prezident Məsud Pezeşkian və hökumət üzvləri ilə görüş keçirib. Görüşdə İslam Respublikasının başçısı ölkəsinin vacib problemləri – elektrik enerjisi, su qıtlığı, gündəlik tələbat mallarının qiymətinin artması və başqa sosial məsələlərdən danışıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Ayətullah Xamənei Prezident Məsud Pezeşkiana xüsusi təşəkkürünü çatdıraraq məmurlara, ayrı-ayrı rəhbər işçilərə, hökumətin fəal əməkdaşlarına, xüsusilə 12 günlük müharibə zamanı “özlərini qurban verən” qurumlara minnətdarlıq edib. O, hökumət başçısının motivasiyasını, ruhunu və məhsuldar işini yüksək qiymətləndirərək əlavə edib: “Cənab Pezeşkianın Çinə gözəl səfəri potensial iqtisadi-siyasi zəmin yaratdı və bu faydalı nəticələr inkişaf etdirilməlidir”.

Ümumilikdə isə ali rəhbərin çıxışından belə qənaətə gəlmək olar ki, məmurlar, informasiya vasitələri hakimiyyətin maraqlarına uyğun olmayan, daha dəqiq ifadə etsək, onun ziyanına ola biləcək fikirlər söyləyir, təbliğat aparırlar.

Bu məsələdə İranın teleradio şirkətinin öndə gedənlərdən olması da təəccüblü deyil. Çünki bu media quruluşunda etnik ayrı-seçkiliyə dair fikirlər tez-tez səslənir. Elə Təbrizin “Traktor-Azərbaycan” futbol klubunun oyunlarını ya yayımlamır, ya da hər fürsətdə kluba həqarət edir.

İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) məxsus informasiya vasitələrində ölkənin qonşularına, o cümlədən Azərbaycan və Türkiyəyə qarşı şayiələr yayılır, “şərhlər” dərc olunur. Bu məsələ isə İran hökumətinin yürütdüyü qonşular və müsəlman dövlətləri ilə əməkdaşlıq, əlaqələrin genişlənməsi, münasibətlərin normallaşması kimi prinsiplərə ziddir. Hesab etmək olar ki, Xamənei onları da diqqətli olmağa çağırıb.

İranda bəzi din xadimləri belə ölkədə etnik ayrı-seçkilik edirlər. Bu yaxınlarda hakimiyyətə yaxınlığı ilə tanınan din xadimi Əhməd Müctəhid Tehraninin türklər barədə dedikləri böyük qalmaqala səbəb olmuşdu. O demişdi: “Cəhənnəm əhlinin dili türkcə, cənnət əhlinin dili isə ərəbcədir”.

Bu din xadimi açıqlaması ilə İran İslam Respublikasına, onun ideyaların qarşı, nəhayət islam dininə qarşı çıxış edib: “Bir hədis var: cəhənnəm əhlinin dili türkcədir. Yəni hansı millət cəhənnəmə getsə də, dili türkcə olur”.

Xaməneinin sözügedən görüşdəki çıxışı bu tip din xadimlərinə də şamil edilə bilər. Çünki ali rəhbər milli birliyin vacib olduğun da vurğulayıb. Ancaq Tehrani kimi şovinist düşüncəlilər ona qarşı çıxır, deməli, İranın birliyinə qarşı fəaliyyət göstərmiş olurlar.

Məmurlar və media nümayəndələrinin məsuliyyətsiz çıxışları bir qayda olaraq dövlətlərarası münasibətlərə, onun bərpasına, inkişafına problem yaradır. Elə Sepaha mənsub kütləvi və elektron informasiya kanallarında yayılan “xəbər”lər, şərhlərin Azərbaycanla münasibətlərə vurduğu ziyanı yada salmaq kifayət edər. Bu hərbi quruluşun mediasının apardığı təbliğatdan “İranın Azərbaycana hücum edəcəyi”, “İranla Azərbaycan arasında müharibənin olacağı” kimi cəfəng nəticəyə gəlmək olar.

Sepah və ona bağlı qüvvələr tərəfindən 12 günlük məlum müharibə zamanı Azərbaycan ərazisindən İranın vurulduğu təbliğatı da aparılırdı.

Ali rəhbərin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti isə Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı açıqlamasında daha böyük yanlışlıqlara yol vermişdi. O çıxışında guya bu dəhlizin İranın Avropaya yolunu bağlayacağından, Ermənistanla əlaqələrini kəsəcəyindən, Cənubi Qafqazla əməkdaşlığının dayanacağından danışmışdı.

Ən pis hal o idi ki, Sepahın informasiya vasitələri Vilayətinin açıqlamasını ali rəhbərin mövqeyi olaraq ictimaiyyətə sırımağa səy göstərmişdi.

Bundan başqa, Tehran əyalətinin Tehran, Rey, İslamşəhr, Pardis və Şemiranat seçki dairələrinin İran parlamentindəki 24 nümayəndəsi Məsud Pezeşkianın ABŞ-nin aparıcı telejurnalisti Taker Karlsona müsahibəsini tənqid edərək bildirmişlər: “Bu, aydın şəkildə rəqibin “İran ABŞ-nin hücumundan sonra zəiflik siqnalı verməyə davam edir” kimi səhv fikrə gəlməsinə səbəb olacaq”.

Prezident Məsud Pezeşkian iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak edib. Sepaha bağlı “Bultan News” saytı hökumət başçısının Azərbaycana səfərini tənqid edərək ona qarşı sərt ittihamlar irəli sürüb: “Prezidentin Bakıya səfəri İranın gücünü nümayiş etdirmək əvəzinə, yersiz təbəssümlərlə və qətiyyətsizliklə dolu zəif görüntü yaradıb”.

Pezeşkian isə Azərbaycan və başqa qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyətinə ara verməyib. O, Zəngəzur dəhlizi ilə bağlı İranda müxtəlif dairələrdə açılan müzakirəyə avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan, Ermənistan liderlərinin məlum görüşündən əvvəl və sonra təxminən oxşar mövqe nümayiş etdirmişdi. Prezident məsələnin İranda şişirdilməsinə ehtiyac olmadığını, görüşdən sonra isə bu məsələdə ölkəsinin maraqlarının nəzərə alındığını bildirmişdi.

Vaşinqton görüşündən sonra o, İrəvana belə səfər edərək Ermənistanla əlaqələrin genişləndirilməsinə dair sənədlər imzalamışdı.

Ayətulla Seyid Əlinin Prezident Məsud Pezeşkiana təşəkkürü onun ötən dövr ərzində fəaliyyəti, çıxış və danışıqlarına verilən qiymət kimi də qəbul edilə bilər.

Bu görüş İranla Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında gərginliyin mövcud olduğu, BMT Baş Assambleyasının 80-ci Sessiyası (əsas hissə 23-27 sentyabr tarixində keçiriləcək, sentyabrın 29-da isə Yüksək Səviyyəli həftə baş tutacaq – red.) ərəfəsində keçirilib. Çünki “üçlük” Tehrandan ABŞ ilə danışıqlara başlamağı, nüvə fəaliyyətini dayandırmağı və zənginləşdirdiyi uranın yerləşdiyi yer barədə məlumat verməsini istəyir. Onlar BMT Təhlükəsizlik Şurasına İrana sanksiyaların yenidən tətbiqi barədə (tətik – snapback) müraciət ediblər.

İran hökumətinin üzvü, xarici işlər naziri Abbas Əraqçinin bu istiqamətdə fəaliyyəti intensiv xarakter daşıyır. O, bu günlərdə Misir və Tunisə səfər edərək münasibətləri normallaşdımaq, habelə AEBA-nın baş direktoru Rafael Qrossi ilə Qahirədə görüş keçirməyi planlaşdırır.

Düzdür, ayətullah Xamənei bu görüşdə ABŞ ilə danışıqlara, Zəngəzur dəhlizinə, qonşularla münasibətlərin normallaşmasına və başqa bu kimi məsələlərə xüsusi yer ayırmasa da, onun hökumət başçısı və komandasına təşəkkürü onların mövqeyi ilə razılaşdığının göstəricisi sayıla bilər. Əks halda, Xaməneinin görüşdə bu məsələlərə fərqli münasibət bildirməsinə heç bir maneə yox idi.

M.Pezeşkianın BMT Baş Assambleyasının sessiyasında iştirakı üçün Nyu-Yorka planlaşdırılan səfəri zamanı Ağ Ev administrasiyası nümayəndələrinin onunla görüşmək istəyəcəkləri də ehtimal edilir. Çünki əvvəlki prezidentlərin səfəri zamanı da belə cəhdlər olub. Bu baxımdan, Xamənei Məsud Pezeşkianın fəaliyyətinə müsbət qiymət verməklə həm də onun apardığı, yaxud hakimiyyətin müəyyən edilmiş siyasi kursunu uğurla apardığına dəyər verməkdir. Bu, səfər öncəsi Prezidentə etibar, ona kart blanş verilməsi anlamına da gəlir.

Xamənei görüşdə Məsud Pezeşkiana yüksək qiymət verməklə həm də onu Sepahın və hakimiyyətdaxili mühafizəkarların hücumundan müdafiə edib. O, bununla prezidentin ali rəhbərə ən yaxın dövlət adamı olduğunu, onun himayəçisi olduğunu nümayiş etdirib.

Seçilən
1
1
nocomment.az

10Mənbələr