Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ukrayna ilə bərabərlik əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
51-ci dəqiqədə Georgi Sudakov Ukraynanı hesabda önə çıxarıb. Ev sahibləri isə 72-ci dəqiqədə Emin Mahmudovun penaltisi ilə tarixi bərabərlik qolunu vurub. Bu qol həm də Mahmudovun Azərbaycan millisində 15-ci qolu olub və beləliklə, o, Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyərək millinin ən məhsuldar futbolçusu kimi tarixə düşüb.
Qeyd edək ki, Azərbaycan D qrupundakı ilk matçında səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzub. Ukrayna isə ilk turda Fransaya 0:2 hesabı ilə məğlub olub.