AZ

Son mənzili İstanbul olan azərbaycanlı

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İstanbula yenicə Baş konsul təyin olunmuşdum.

Dedilər ki, professor İbrahim Yıldırım sizi ziyarət etmək istəyir.

Gəldi, oturan kimi: “Biz qohumuq, bilirsənmi?” – dedi.

“Bütün qazaxlılar qohumdur”, – deyə gülərək cavab verdim.

Ciddi görkəm alıb bütün ulu babalarımızın adlarını sadaladı, kimdən qız alıb, kimə qız verdiklərini danışdı, dörd-beş nəsil əvvəldən indiki günlərə qədər…

Canlı ensiklopediya idi.

Əlində böyük bir qovluq vardı.

Azərbaycanlı tibb tələbələri ilə bağlı bir problem ortaya çıxmışdı.

“Bakı tərəfini sən həll et, İstanbul və Ankara tərəfini isə mən” – dedi çıxarkən.

Problemi birlikdə həll etdik.

İbrahim Yıldırım Türkiyənin ilk plastik cərrahlarından biri idi.

İstanbul Universiteti Tibb Fakültəsini bitirmişdi. 1975-ci ildən etibarən Böyük Britaniyanın St. Andrews Plastik Cərrahiyyə Mərkəzində (Essex), Edinburq Universitetində Plastik Cərrahiyyə və Yanıq Mərkəzində, Qlazqodakı Canniesburn Plastik Mərkəzində, Londondakı St. Thomas Hospitalda çalışmış və böyük təcrübə qazanmışdı.

İbrahim Hoca həmçinin Vyana, Berlin, Münhen, Bohum, Nancy, O'Toole kimi Avropanın müxtəlif xəstəxana və plastik cərrahiyyə mərkəzlərində kurslar keçmişdi.

1990-cı illərin əvvəllərində azərbaycanlı gənc həkimlərin Türkiyədə yetişdirilməsində müstəsna xidmətləri olmuşdur. Prof. İbrahim Yıldırım azərbaycanlı tələbələrin Türkiyədə peşəkar təhsil ala bilməsi üçün mühüm maddi və təşkilati dəstək göstərərək, iki ölkə arasında tibb sahəsində əməkdaşlığın əsasını qoymuşdu. Bu gün Azərbaycanın səhiyyə sistemində çalışan onlarla tanınmış həkimin yetişməsində İbrahim Yıldırımın böyük haqqı var.

İbrahim Hocanın həyat yoldaşı Figen xanım Molla Vəli Vidadinin nəslindəndir.

Danışanda Vaqifdən, Vidadidən, Seyid Nigaridən, Hacı Mahmud Əfəndidən, Qayıbovlardan, Vəkilovlardan tutmuş bu gün Türkiyədə əbədi istirahətgahlarında yatan onlarla nəhəng şəxsiyyətdən bəhs edər, balaca gözləri yaşarardı. Damarlarında axan qanla fəxr edirdi.

Tanıdığım əsl zadəgan idi. Vətən sevdalısı idi. Ən böyük arzusu indiki Ermənistandakı Qazaxla sərhəddə yerləşən tarixi torpaqlarımızın geri qaytarılması idi. “Bir gün Qaraqoyunlu dərəsindən üzü Göyçəyə çıxacam səninlə” – söyləyəndə “Hocam, o bir qədər utopiya deyilmi?” dedim. Ovqatı dəyişdi, nəsə deyəcəkdi, amma vaz keçdi…

Onu ən son 2024-cü ilin oktyabr ayında “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatında görmüşdüm. Təqdimatdan sonra Nigar xanım Axundova İbrahim Yıldırıma “Məxsusən sizin üçün” deyərək piano arxasına keçdi. İbrahim Hoca isə: “Gəlin, Niyar xanımla şəkil çəkdirək” – demişdi (biz tərəfdə Nigara “Niyar” deyirlər)…

Bu gün İbrahim Yıldırım özü də “Son mənzili İstanbul olan azərbaycanlılar”dan oldu.

Böyük Vətənpərvəri və böyük Atatürkçünü itirdik.

Bu ağır itkini dərin kədər hissi ilə bölüşür, mərhuma Allahdan rəhmət, ailəsinə, yaxınlarına, həm Türkiyə, həm də Azərbaycan tibb camiəsinə səbr və başsağlığı diləyirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
modern.az

3Mənbələr