Əli Orucov: "Razılaşmalardan hansısa formada yayınsa, İrəvanı Qərbin və ABŞ-ın əlindən heç bir qüvvə xilas edə bilməz"
Həftə ərzində Tehranda Hindistan və İran Xarici İşlər nazirlikləri arasında əlaqələrin gücləndirilməsi məqsədilə konsultasiyalar keçiriləcək. Görüşdə Çabahar limanının inkişafı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin gücləndirilməsi və digər əməkdaşlıq sahələri müzakirə olunacaq.
Bundan dərhal sonra Hindistan, İran və Ermənistan arasında üçtərəfli görüş planlaşdırılır. Bu, Hindistanla Ermənistan arasında əlaqələrin İranda vasitəçilik yolu ilə qurulması məqsədinə xidmət edir.
Qeyd edilir ki, bu üçtərəfli təşəbbüs Ermənistanla Azərbaycan arasında yaxınlarda imzalanmış mümkün sülh müqaviləsi barədə tanışlıq üçün də bir platforma ola bilər.
Nə baş verir? İran, Ermənistan və Hindistan Azərbaycana qarşı üçlükdə nə hazırlayır?
Mövzu ilə bağlı politoloq Əli Orucov “Bakı-Xəbər” nəşrinə bildirdi ki, Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb. Sənədə əsasən, 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq.
Çabahar limanı İranın Hind okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə, Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynayır. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına, oradan isə Hindistanın Mumbai limanına çatdırılır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdırılacaq.
Bu marşrutun tam olaraq fəaliyyətə başlaması Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikilməsindən asılıdır. Hindistan və İran istəsələr də Azərbaycansız bu layihəni həyata keçirə bilməyəcəklər. İran və Hindistanın Zəngəzur dəhlizinin açılmağı ilə bağlı 8 avqustda Ağ Evdə imzalanan razılaşmalara qarşı çıxmalarının da əsas səbəblərindən biri məhz budur. Paşinyanın "Sülh kəsişməsi" barədə verdiyi bəyanatlar da ötən il İranla Hindistan arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Ermənistan üzərindən keçirilməsinə bağlı idi. Dehli və Tehran çalışır ki, İrəvanı da özlərinə tam olaraq qoşsunlar və Zəngəzur dəhlizinə nəzarəti Birləşmiş Ştatların fəal nəzarətinə verməsinlər. Ancaq bu çox absurddur. Çünki razılaşmalardan hansısa formada yayınsa, İrəvanı Qərbin və ABŞ-ın əlindən heç bir qüvvə xilas edə bilməz. Hər üç dövlətin Azərbaycana qarşı qeyri-dost mövqeyi aydındır. ŞƏT-in Çində keçirilən son zirvə toplantısında Azərbaycanın üzvlük müraciətinə veto qoyması Hindistanın özünü də Cənubi Qafqazdan uzaqlaşdıracaq. Və anti-Bakı koalisiyası onların istədiyi nəticəni verməyəcək".
Ekspert vurğuladı ki, Hindistan Pakistanla münasibətlərinə görə Çindən idarə olunan Qvadar limanına etibar etmir, ona görə Çabahar onun alternatividir: "İran isə sanksiyalar fonunda Hindistanla əlaqələri gücləndirməklə iqtisadi nəfəs almağa çalışır.
Ermənistanın üçtərəfli görüşlərdə iştirakı təsadüfi deyil. İrəvan son aylarda həm Hindistanla hərbi-texniki əməkdaşlığı artırıb, həm də İranla əlaqələri strateji səviyyəyə qaldırıb. Ermənistan bu formatı istifadə edərək özünü regionda “kommunikasiya körpüsü” kimi təqdim etmək istəyir.
Həmçinin, Hindistanın Ermənistana hərbi texnika satması artıq məlum faktdır. Bu, birbaşa Azərbaycana qarşı balans yaratmaq məqsədi daşıyır.
Rəsmi İrəvan bu formatı Bakı ilə imzalanması gözlənilən sülh müqaviləsinin fonunda öz mövqeyini gücləndirmək üçün vasitə kimi istifadə edir.
İran da Zəngəzur dəhlizi ilə bağlı həssaslığını qoruyur. Ona görə də Ermənistanın yanında görünməklə “bu bölgədə mən də varam” mesajı verir.
Hindistan isə Cənubi Qafqazda mövcudluğunu artıraraq, həm Türkiyə-Azərbaycan-Pakistan vektoruna balans yaratmaq, həm də Çin-Pakistan tərəfdaşlığına qarşı çıxmaq niyyətindədir.
Burada açıq şəkildə Azərbaycana qarşı “birbaşa hərbi blok” qurulmasından danışmaq hələ tezdir. Amma İran-Ermənistan-Hindistan üçlüyü regionda geosiyasi balansı dəyişmək, xüsusən də Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığına qarşı özlərini “alternativ xətt” kimi təqdim etmək istəyir”.
Akif NƏSİRLİ