Bolşevizm azadlıq və qardaşlıq adı altında 71 il xalqımızı əsarətdə saxlayıb
(əvvəli qəzetimizin ötən sayında)
Aprelin 28-də Çərxi–Xaçmaz, 29-da Qızıl Burun, 30-da Giləzi, mayın 1-də Pirdəhnə–Sumqayıt bolşevik diviziyası tərəfindən nəzarət altına alınmalı idi. 28-ci nişançı diviziya Bakını tutduqdan sonra 20-ci diviziyanın hissələri Kürdəxanı–Saray–Xırdalan xətti üzrə mövqe tutaraq ordunun ehtiyatını təşkil etməli idi.
Diviziyanın süvari briqadası Abşeron yarımadasında mövcud ola biləcək silahlı dəstələrin zərərsizləşdirilməsi ilə məşğul olmalı idi. Yalama stansiyasından Bakıya qədər su və dəmir yolu xətlərinin mühafizəsi də müvafiq olaraq 20-ci diviziyaya tapşırılmışdı.
Zirehli qatarlar qrupunun komandiri Yefremov əmrə əsasən aprelin 27-də qətiyyətli şəkildə hücuma keçərək ən qısa zamanda Bakı rayonuna soxulmalı, Azərbaycan hökumətinin hər hansı bir müqavimət göstərmək cəhdinin qarşısını almaqla neft mədənlərinin mühafizəsini təmin etməli idi. Şəhər tutulduqdan sonra zirehli qatarlar sahilə yön almalı və Cümhuriyyət ordusunun hərbi gəmilərinə qarşı mövqe tutmalı idi.
Əmrin sonuncu bəndlərindən biri hücumun məqsədinin və əhəmiyyətinin ordunun şəxsi heyəti arasında izah edilməsi ilə bağlı idi.
Lakin Qırmızı ordu komandanlığı qarşıya qoyulan tapşırığa nail olmaq üçün qəti əminliyə malik deyildi və ona görə də şəxsi heyəti bu hücuma bütünlüklə səfərbər etməyə çalışırdı. Hücum ərəfəsində belə təbliğat aparılırdı ki, guya Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakı ətrafındakı neft mədənlərini yandırıb məhv etməyə çalışır. Rusiya üçün son dərəcə lazımlı olan Bakı neftini isə yalnız qırmızı ordunun sürətli hücumu ilə xilas etmək lazımdır.
Əldə edilmiş məlumatlara görə, Qırmızı ordunun döyüşçüləri heç də hamılıqla və böyük inqilabi ruhla Azərbaycan üzərinə hücumda iştirak etmək istəmirdilər. Bu müdaxilənin iştirakçılarından bəzilərinin şəhadətinə görə, onlar hücumdan hələ 4 ay əvvəl orduya cəlb edilib əsgəri təlimlərə qatılmış və sonra da ayrı-ayrı hissələrə bölüşdürülmüşdülər. XI ordunun tərkibində olan yaşlı əsgərlər 3 dəfə silahlarını ataraq hücumda iştirak etməkdən imtina etmişdilər. Ona görə də bolşevik emissarları XI ordunun şəxsi heyəti arasında izahat və təbliğat işlərini artırmaqla belə halların qarşısını almağa çalışırdılar.
Hücum əmrinin imzalanmasından yürüş başlanana qədər cəmi 2 gün keçmişdi. Bu müddətdə hissə və birləşmələr son hazırlıq işləri aparmalı və ehtiyatlarını təkmilləşdirməli idilər. Bakıdan XI ordunun qərargahına gəlmiş kommunistlər də bu hazırlıq işlərinə qatılmışdılar. Onlar hücuma keçəcək hissə və birləşmələrə təhkim edilmişdilər. Azərbaycanın sərhəddini ilk keçməli olan zirehli qatarlarda müdaxilənin ilhamçılarından olan A.Mikoyan, habelə Q.Musabəyov və H.Cəbiyev hərəkət etməli idilər.
Aprel ayının 26-da XI ordunun yenidən qruplaşdırılması tamamilə başa çatdı. Elə həmin gün də hücum əmri bütün şəxsi heyətə elan edildi. Hücumda 4 zirehli qatar iştirak etməli idi – "III Иnternasional", "Qırmızı Dağıstan", "Timofey Ulyansev", "Qırmızı Həştərxan". Azərbaycanın dövlət sərhədini ilkin olaraq bu qatarlar keçməli idi.
Hücum əmrinə əsasən bu zirehli qrupa 28-ci atıcı diviziyanın iki bölüyü də verilmişdi. Bu isə zirehli qatarlar qrupunun döyüş imkanını nəzərə çarpacaq dərəcədə artırmışdı. Verilmiş piyada qüvvələri lazım gəldikdə zirehli qatarların hücum və ya müdafiə sahəsini artıra bilərdi.
Bakının və bütünlükdə şimal bölgələrinin yaxşı müdafiə olunmadığı XI ordu komandanlığına da, A.Mikoyan və onun məsləkdaşlarına da yaxşı məlum idi. Qəfil və sürətli zərbə ilə Bakının tutulması əməliyyatı ilə təşəbbüsün ələ alınması isə AXD-nin bütün orqanlarının iflic vəziyyətə düşməsi demək idi. Bundan əlavə, Bakı–Yalama dəmir yolu boyunca hərəkət edən Cümhuriyyət ordusu zirehli qatarının zərərsizləşdirilməsi üçün qırmızı ordunun komandirləri ehtiyat tədbirləri görmüşdülər.
A.Mikoyan Bakıya qalib kimi daxil olmaq üçün sərhədi keçəcək ilk zirehli qatarda hərəkət etməli idi. Başlanacaq hücumda özünün fəal iştirakını qabartmaq üçün bu hiyləgər erməni də aprelin 26-da zirehli qatarlar qrupunun rəhbəri Yefremovla birlikdə Samur körpüsünün və orada dayanan Cümhuriyyət qüvvələrinin kəşfiyyatına yollandı. Bir neçə saat ərzində onlar Samur çayı üzərindəki körpünün ətrafını gəzib, Azərbaycan tərəfinə keçib, bazarlıq edib, keşikdə dayanan əsgərlərlə söhbət edib müşahidələr apardılar. Yefremov və ətrafındakılar apardıqları müşahidələrlə onlara lazım olan məlumatları toplaya bildilər.
Həmin gün axşama yaxın Bakı–Yalama dəmir yolu xətti boyunca hərəkət edən Cümhuriyyət ordusu zirehli qatarı da Samur körpüsünə yaxınlaşdı. Yefremov, Mikoyan və onların ətrafındakılar zirehli qatara yaxınlaşıb onun komandiri Cümhuriyyət ordusunun zabiti knyaz Lordkipanidze ilə söhbət etməyə cəhd göstərdilər.
Yefremov öz xatirələrində bu hadisəni belə xatırlayırdı: "Söhbətə bizim keşikçilərin və qoşunların davranışı barədə suallarla başlayıb, danışığı jandarm-knyaza bizə xidmətə keçmək təklifi ilə bitirdik. Təsvir etmək mümkün deyil ki, Kipanidze hansı təkəbbür və qəzəblə Mikoyana cavab verdi. Kipanidze və onun ətrafındakı zabitlər qırmızı ordu və sovet hakimiyyəti ünvanına ağlasığmaz söyüşlər yağdırdılar".
Bu görüşdə iştirak edən H.Cəbiyev isə həmin hadisəni belə xatırlayırdı: "Bu alçaq təslim olmaq haqda bizim təklifimizə istehza ilə cavab verdi: "Narahat olmayın, mən tezliklə körpünün o tayına keçəcəyəm ki, sovet torpağı adlanan yerdə müvəffəqiyyətlə addımlayım və sizin qırmızı ordunun qalıqlarının axırına çıxım" .
Aprelin 26-da axşam saat 7-də artıq sərhədi ilk keçəcək III İnternasional zirehli qatarı Azərbaycan torpaqlarına qarşı təcavüzə başlamağa hazır idi. Digər zirehli qatarlar da tam hücum hazırlığı vəziyyətinə gətirilərək hərəkət işarəsi gözləyirdilər. Əməliyyatın gecə ikən başlanması nəzərdə tutulmuşdu. Ümid edilirdi ki, bununla Cümhuriyyət qüvvələri çaş-baş salınar və hökumətin fəaliyyət nizamlılığı itər. Ona görə də zirehli qatarlar qrupunun komandiri Yefremovun "irəli" komandisı veriləndə, gecə yarısından 3 dəqiqə keçmişdi. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinə qarşı planlaşdırılan təcavüzün başlanma vaxtı idi.
III İnternasionalın gecə yarısı qəflətən Samur körpüsünü keçməsi, doğrudan da Cümhuriyyətin buradakı az saylı gözətçi qüvvələri üçün gözlənilməz oldu. Onlar müqavimət göstərməyə başlasalar da güman edirdilər ki, rusların zirehli qatarındakılar sərxoşdurlar və onlar nə etdiklərinin fərqinə varmadan sərhəd zolağını keçiblər. Bununla belə keşikçi dəstələri mümkün olan müqaviməti göstərməyə çalışdılar. Vəziyyət o yerə çatdı ki, hətta Rusiya zirehli qatarlarına verilmiş piyada bölmələri dəmir yolu ətrafında mövqe tutaraq keşikçilərin müqavimətini neytrallaşdırmağa çalışdılar.
Bu vaxt Yefremov Cümhuriyyət mühafizə dəstəsinin zabitlərini səsləyib onları atəşi dayandırmağa çağırdı və bildirdi ki, guya sərhədi keçməkdə məqsəd birgə oturub yeyib-içmək və əylənməkdir. Yefremov bununla vaxtı uzatmağa çalışdı və digər zirehli qatarlar yetişəndən sonra o, yenidən irəli hərəkət etmək əmri verdi. Elə burada da qırmızı əsgərlər ilk ciddi çətinliklə üzləşdilər.
Yefremovun yazdığına görə, sərhəd keşikçiləri onların məqsədini anlayanda yenidən müqavimət göstərməyə başladılar. Yaxın məsafədən aparılan atışmanı süngü davası və əlbəyaxa döyüşlər əvəz etdi. Ancaq sözsüz ki, qüvvələr nisbəti bərabər deyildi və zirehli qatarların arxasınca daha böyük sovet qüvvələri hərəkət edirdilər.
Tarixi məlumatlardan ayıdn olur ki, sərhəd xəttində yerləşdirilmiş azsaylı Cümhuriyyət bölmələri qırmızı ordu qüvvələrinə, əsasən aprelin 27-nə keçən gecə müqavimət göstərə bildilər. Dəmir yolu stansiyalarında yerləşdirilmiş müdafiə qüvvələri sürətlə hücum edən XI ordunun qarşısını kəsməyə çalışsalar da əslində onların ciddi müqavimət imkanı yox idi.
Zirehli qatarların ardınca sərhədi keçən 7-ci süvari diviziyasının qüvvələri elə bir müqavimətə rast gəlmədən Qusar və Qubanı tezliklə ələ keçirdilər. Sonra isə bu diviziyanın dəstələri Şamaxı və Kürdəmirə doğru istiqamət götürdülər. Zirehli qatarlar isə dəmir yolu xətti ilə irəlilədikcə onun yanlardan mühafizəsi üçün təyin edilmiş süvari və piyada bölmələri də yaxınlıqdakı təpəliklər və yamaclarla hərəkət edirdilər.
Aprel ayının 27-də XI ordunun Azərbaycan sərhədini keçməsi xəbəri Bakıya da çatdı. Belə bir vaxtda burada yaradılmış Azərbaycan İnqilab Komitəsi hakimiyyətin ələ keçirilməsinə qanuni don geyindirilməsi üçün gündüz saat 11-də AXC parlamentinə ultimatum təqdim etdi. XI ordunun Azərbaycan sərhədlərini keçməsindən 12 saat sonra təqdim olunmuş bu ultimatumda hakimiyyətin Azərbaycan İnqilab Komitəsinə verilməsi tələb olundu.
XI ordunun qüvvələri isə sürətlə Bakıya doğru irəliləməkdə idi. Axşam zirehli qatarlar Xırdalan yaxınlığına yetişdilər. Aprelin 27-də axşam zirehli qatarlar artıq Biləcərini və Azərbaycanın dəmir yolunun əsas qovşağını nəzarət altına almışdılar. Zirehli qatarlar Biləcəridə iki qrupa bölündülər. Onlardan ikisi Bakının mərkəzinə doğru, ikisi isə şəhərin qərbinə, Puta tərəfə irəliləyib Gəncədən gələ biləcək Cümhuriyyət ordusu zirehli qatarlarının qarşısını kəsməli idi.
Aprel ayının 28-nə keçən gecə saat 4-də III İnternasional zirehli qatarı Bakıya daxil oldu. Bu xəbər Leninin sonsuz sevincinə səbəb oldu. Aprel ayının 29-da fəhlələr qarşısında etdiyi çıxışında o bildirirdi ki, Rusiyanın vəziyyəti artıq yaxşılaşmağa başlamışdır. Onun dediklərinə görə, çıxılmaz vəziyyətdə qalmış Rusiya sənayesi bundan sonra Bakı nefti ala biləcək.
"Timofey Ulyantsev" zirehli qatarı isə aprelin 28-də Yevlaxa qədər irəliləyə bildi. Zirehli qatarlar və 28-ci atıcı diviziyadan onlara verilmiş desant dəstələri mayın 1-də Gəncəyə çatdı. Mayın 5-də isə "Timofey Ulyantsev" zirehli qatarı Gürcüstan sərhəddindəki Poylu körpüsünə yetişdi.
Aprel ayının 28-də XI ordu komandanı növbəti 53 nömrəli əmrini imzaladı. Bu əmrlə əvvəlki 52 nömrəli əmrdə verilmiş döyüş tapşırıqları daha da dəqiqləşdirildi və nəzərdə tutulan məntəqələrin ələ keçirilməsi üçün yeni müddətlər təyin edildi. Əmrə əsasən 32-ci diviziyanın komandirindən tələb olunurdu ki, qatarlar vasitəsilə piyada bölmələri və hissələri təcili şəkildə Bakıya çatdırılsın. Onlar 28-ci diviziyanın qüvvələri gəlib çatana qədər Bibi-Heybəti, Ağ şəhəri və Suraxanını tutsunlar.
32-ci diviziyanın yükləri və topları isə quru yolla göndərilməli idi. 28-ci diviziya gəlib çıxandan sonra isə bu diviziya öz qüvvələrini Bibi-Heybətdə cəmləşdirməli idi. 28-ci diviziya hücumunu davam etdirərək aprelin 28-də Xaçmaz stansiyasını, 29-da Padarı, mayın 1-də Xıdırzindəni, mayın 2-də Yaşmanı, mayın 3-də Sumqayıtı, 4-də Bakını tutub Ağ şəhər və Suraxanıda 32-ci diviziya hissələrini əvəz etməli idi.
20-ci diviziya 52 nömrəli əmri icra etməklə aprelin 28-də Xudatda, 29-da Xaçmazda, 30-da Padarda, mayın 1-də Takayda, 2-də Xıdırzindədə, 3-də Yaşmada, 4-də Novxanı–Saray–Biləcəridə olmalı idi. Süvari korpusu isə aprelin 28-də Dəvəçini, mayın 1-də Astraxankanı, 2-də Şamaxı və Ağsunu nəzarətə götürməli idi. Korpusun Bakıya gəlməsi nəzərdə tutulan dəstəsi artıq mayın 1-də şəhərdə olmalı idi.
Aprel ayının 28-də 28-ci atıcı diviziyanın 244-cü alayı piyada qüvvəsi kimi ilkin olaraq Bakıya daxil oldu. Sonrakı 2 gün ərzində isə 2-ci süvari korpusunun, 28-ci və 32-ci atıcı diviziyasının qüvvələri Bakıya soxularaq neft mədənlərini nəzarət altına aldılar. Aprel ayının 30-da XI qırmızı ordunun qərargahı da Bakıya köçdü. Qərargahla bərabər G.Orconikidze, S.Kirov, M.Levandovski və başqaları da Bakıya gəldilər.
7-ci süvari diviziyasının qüvvələri aprelin 29-da Astraxankanı ələ keçirdilər. Aprelin 30-da bu diviziyanın hissələri Şamaxı–Ağsu və Kürdəmirə istiqamət götürdülər. Bu məntəqələrdə güclü bir müqavimətə rast gəlməyən süvarilər Bakıdan Gəncə və Tiflisə gedən şosse yolunu da nəzarət altına ala bildilər. Sonra diviziyanın dəstələri Yevlaxa qədər irəlilədi. Diviziyanın qarşısına qoyulan tapşırığa əsasən süvari dəstələri Zaqatalanı və Alazan çayı boyunca Gürcüstana sərhəd olan mövqeləri ələ keçirdilər. Bu diviziyanın ardınca hərəkət edən 18-ci süvari diviziyası Nuxa rayonunu və Zaqatalanın müəyyən ərazilərini nəzarət altına aldı.
32-ci diviziyanın Yevlaxa göndərilmiş hissə və bölmələri isə Taman süvari briqadası ilə birlikdə Qarabağ istiqamətinə hərəkət etdilər.
May ayının 1-də XI ordunun tabeliyinə verilmiş Volqa–Xəzər donanmasının gəmiləri də Bakıya gəlib çıxdı. Bu gəmilərin bir neçəsi bolşevik inqilabının “qələbə”sinə yardımçı olmaq üçün cənuba doğru göndərildi. May ayının 3-də hərbi gəmilər Lənkərana desant çıxardılar. Mayın 4-də isə İran sərhəddində olan Astara ələ keçirildi.
Beləliklə, qısa müddətdə XI ordunun hissə və birləşmələri Azərbaycanın bütün ərazilərinə yayıldı və köhnə hakimiyyət orqanlarının yenisi ilə əvəzlədi. Azərbaycanda siyasi hakimiyyət, bütünlüklə, bolşeviklərin əlinə keçdi və ölkə əsarətin yeni mərhələsinə qədəm qoydu.
Azərbaycanda bolşevizm ideologiyasına əks ola biləcək hər şey məhv edildi və ilk vaxtlar üçün qanlı hərbi rejim yaradıldı. Bunu elə o zamanlara aid olan rəsmi sənədlərdə də görmək mümkündür.
Respublika arxivlərində sovet Azərbaycanın Hərbi və Dəniz İşləri üzrə Komissarlığının 1920-ci ilə aid olan hesabat sənədində ilk yarımbaşlıq belə adlanırdı: çevriliş və formalaşma. Bu ifadəni 1920-ci ilin aprelində bolşevik hərbi müdaxiləsindən sonra Azərbaycanda baş verənlərin rəsmi təsdiqi kimi də qəbul etmək mümkündür. Bu hesabt sənədinin ilk cüm¬ləsi isə belə idi: “Müsavat hökumətinin (AXC–M.S.) devrilməsindən sonra...”.
Yəni sovet orqanları da etiraf edirdilər ki, bolşevik təcavüzünün əsas məqsədi legitim AXC hökumətinin devrilməsi imiş. Həmin sənədin bir başlığı da XI ordu komandanlığı ilə Azərbaycan Sovet Sosialist Respublikası arasındakı münasibətlərə həsr edilmişdi. Bu bölmədə qeyd edilirdi ki, Azərbaycan ərazisində həm XI ordunun İnqilab Şurasının olması, həm də Azərbaycanın Hərbi və Dəniz İşləri üzrə Komissarlığının olması, guya, Rusiya ilə Azərbaycanın maraqlarının toqquşmasına səbəb olur.
Bildirilirdi ki, bu toqquşma adları çəkilən hərbi strukturların əvvəlki kimi fəaliyyət göstərməsini qeyri-mümkün edirdi. Bu da ona gətirib çıxardı ki, Azərbaycanın hərbi strukturları XI ordunun komandanlığına tabe edildi. XI ordunun V. Pankratov tərəfindən rəhbərlik edilən Xüsusi şöbəsi isə bolşevizmə qarşı baş qaldıra biləcək bütün milli qüvvələrin məhv edilməsinin səlahiyyətlərini öz üzərinə götürdü.
Azərbaycan xalqının iradəsi olmadan dövlət sərhəddinə təcavüz etmək, mövcud hakimiyyəti zorla devirmək əslində xalqa dövlət cinayəti idi. XI ordunun Azərbaycan sərhədini keçməsi beynəlxalq normaların, dövlətlərarası münasibətlərin cinayətkarcasına pozulması idi. Lakin XI ordu Azərbaycana qarşı həyata keçirilən hərbi təcavüzün icraçısı kimi təkcə beynəlxalq cinayətin subyekti və kommunizm ideyalarının təntənəsinin dayağı deyildi. Bu ordu işğalçı siyasətin subyekti olmaqla həm də özü cinayətkar bir elementə çevrilmişdi.
Vaxt ötdükcə bu ordunun komandir və əsgərləri proletar beynəlmiləlçiliyinin, dünya inqilabi proseslərinin daşıyıcısından daha çox qanunsuzluğun, cinayətkarlığın, quldurluğun, özbaşınalığın ifadəçisi kimi tanınırdılar. Qırmızı ordu döyüşçülərinin çox böyük hissəsi özlərini Azərbaycan ərazisində qalib kimi aparırdılar, heç nə ilə hesablaşmırdılar, xalqın var-yoxunu talan edirdilər və respublikanın ərazisində xaosa və özbaşınalığa yol açırdılar.
Azərbaycanın xalq kütlələrinin bolşevizmin nə demək olduğu və onun xalqa nə verə biləcəyi barədə kifayət qədər təcrübəsi var idi. 1918-ci ildə bir neçə ay müddətində bolşevik-daşnak cütlüyünün istər Bakıda, istərsə də ətraf rayonlarda törətdiyi dəhşətlər bu qüvvənin Azərbaycan xalqına qarşı bəslədiyi münasibətin ifadəsi idi.
1920-ci ilin aprel çevrilişindən sonra Azərbaycanda hakimiyyətə yiyələnən qüvvələr daha çox ifrat bolşevizmlə-daşnaklığın çarpazlaşmış təzahürü idi. Hakimiyyətin bu və ya digər qollarında təmsil olunmuş azərbaycanlılar da vaxt ötdükcə bu çarpazlaşmanın əsirinə, sonra da qurbanına çevrilirdi.
Qırmızı ordunun hələ Azərbaycana çatmamış, Qafqazdan keçdiyi bütün ərazilər viranəliyə çevrilir, təcavüzə məruz qalırdı. Belə cinayətkarlıqların qurbanına çevrilənlərin çoxu isə çıxış yolunu bolşevizmə qarşı mübarizədə görür və denikinçi qüvvələrə qoşulurdular. Qırmızı ordu Azərbaycana müdaxilə etməzdən əvvəl Könüllü ordu sıralarına qoşulmuş olan müsəlmanlar çağırışla Qafqazda yaşayan bütün müsəlmanlara müraciət etdilər və onları bolşevizmə qarşı mübarizəyə səslədilər.
Həmin çağırışda deyilirdi: "Bizim dindaşlarımız, müsəlmanlar!
Sizlərdən hansınız bolşevik çevrilişindən sonra rusiyalıların məruz qaldığı təhqirlər və iztirablarla üzbəüz gəlməmişsiniz? Sizlərdən hansınız bolşeviklərin təqibinə məruz qalmamışsınız? Bu xuliqanların nümayəndələri tərəfindən kimin əmlakı dağıdılmayıb? Elə bir aul göstərə bilərsinizmi ki, orada heç olmasa bir neçə müsəlman qadını təcavüzə məruz qalmamış, məscid və din təhqir edilməmiş olsun? Bolşevik-kommunistlərin müsəlmanlara belə münasibətini gördükdən sonra hər bir adam başa düşə bilər ki, onlar nəyə çalışırlar. Bunu başa düşəndən sonra silah gəzdirməyi bacaran hər bir adam silahlanmalı və dərhal ordu sıralarına qoşulmalıdır".
Bu mənzərə eyni ilə Azərbaycanda da təkrar olunurdu. Uzun müddət Azərbaycanın müxtəlif bölgələrində üsyanların davam etməsi, xalq kütlələrinin, din xadimlərinin silaha sarılıb hökumətə qarşı cəbhə tutması bolşeviklərin özbaşınalıqlarına və cinayətkar əməllərinə olan etirazın ifadəsi idi. Bolşevik işğalından dərhal sonra Azərbaycanın bütün bölgələrində bu işğala qarşı xalq üsyanları qalxdı. Bu üsyanların daha kütləviləri isə Gəncə, Bərdə–Tərtər, Cəbrayıl–Şuşa, Lənkəran, Şəki–Zaqatala, Göyçay, Qəbələ– Ağdaş bölgələrində baş verdi. Həmin üsyanlar da qırmızı ordu qüvvələri cəlb edilməklə susduruldu və bu zaman çox kütləvi xalq qırğınları törədildi.
Bolşevizmin Azərbaycana gətirilməsində iştirak edən Azərbaycan inqilabçıları isə çox tezliklə xalq qarşısında tarixi səhvə yol verdiklərini başa düşdülər. Bu insanlar etiraz səsini qaldırmaq istəyəndə isə hamılıqla bolşevik terroruna məruz qaldılar. Bolşeviklərin yazdıqları saxta tarixdə göstərildiyi kimi, guya Azərbaycanda “dinc” sosialist inqilabı baş verdi və xalq hakimiyyəti quruculuğu təmin edildi.
Mehman SÜLEYMANOV,
Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru